Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2860/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən iddiaçıya borclu olduqları 60.000,00 manat pulun tutulması, 15.000,00 manat əldən çıxmış faydaya görə və 3.000,00 manat mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən iddiaçıya borclu olduqları 60.000,00 manat pulun tutulması, 15.000,00 manat əldən çıxmış faydaya görə və 3.000,00 manat mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Ulduz metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin balansında olan 400 kv.m. qeyri-yaşayış sahəsini icarəyə götürərək binaların plastik qapı və pəncərələri üçün şüşə materialının satışı ilə məşğul olmuşdur. Cavabdehlər: Cavabdeh1 və onun əri Cavabdeh2 adlı şəxslər uzun illər ondan şüşə materialları almışlar. Belə ki, 2007-ci ildən başlayaraq cavabdehlərə şüşə satmışdır. Cavabdehlər aldıqları şüşələrin pulunu vaxtlı-vaxtında verirdilər və beləliklə cavabdehlər onun etibarını qazanmışlar. Sonra Heyran ondan borca şüşə aldı. 2015-ci ilin əvvəlində ona 60.249 manat borcları yaranmışdır. Cavabdeh Heyran borcunun əvəzində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində inşa edilən "xxxx" MTK-ya məxsus 60.000 (altmış min) manat dəyərində olan 3 otaqlı mənzili ona verəcəyini vəd vermişdir. İlk əvvəllər borclarını ödəmək vədlərinə əməl etdiklərinə görə cavabdehlərin borclarını tam ödəniləcəyinə inandığı üçün yenidən ona hissə-hissə şüşə verməkdə davam etmişdir. Lakin cavabdehlər bu dəfə verdikləri vədə əməl etməmişlər. Cavabdehlər ona borclu olduğu pulun qarşılığında 3 otaqlı mənzili verməyi uzatmışlar, səbəb olaraq onu göstərmişlər ki, bina hələ tikilib təhvil verilməmişdir. Hər dəfə mənzil hazır olan kimi evi onun adına rəsmiləşdirəcəklərinə söz vermiş və borcun ödənilməsini yubatmışlar. Cavabdehlərin vədlərini yerinə yetirməyərək 60.000 manat borclarını ona qaytarmamaları biznesinin iflasa uğramasına səbəb olmuşdur. Belə ki, şüşə istehsalını davam etdirə bilmək üçün aldığı borcları əlində pul olmadığı üçün qaytara bilməmişdir. Nəticədə, 2017-ci ilin yanvar ayından şüşə istehsalı fəaliyyətini dayandırmışdır. Həmin pulu öz işgüzar fəaliyyətini daha da genişləndirməyə sərf etməkdənsə, cavabdehlərə etibar edərək borca mal verməsi onun külli miqdarda gəlirdən məhrum olması ilə nəticələnmişdir. 2017-ci ilin yanvarından 2019- cu ilin avqust ayınadək, yəni - 32 ay müddətində, hər ay orta hesabla 1000-1500 manat olmaqla gəlirini itirmişdir. Beləliklə, cavabdehlərin onun borcunu vaxtında qaytarmamaları və onun biznesinin iflasa uğraması arasında səbəli əlaqənin olmasını əsas götürərək, cavabdehlərin əldən çıxmış faydaya görə 15.000 (on beş min) manat məbləğində pulun ona kompensassiya şəklində ödənilməsini ədalətli hesab edir. Yeganə gəlir mənbəyini itirmiş və banka külli miqdarda borc almağı ilə nəticələnmişdir. Hal-hazırda maddi vəziyyəti olduqca çətindir və gün keçdikcə daha çox ağırlaşır. Bu səbəbdən xəstələnmiş və Rusiya Federasiyasında müalicə olunmuşdur. Beləliklə, uğurlu biznes fəaliyyətinin iflasa uğraması, birdən-birə külli miqdarda borclanması ilə nəticələnmişdir. Artıq uzun müddətdir ki, bu vəziyyət həm ona, həm də ailəsinə, xüsusilə də hələ məktəbli olan azyaşlı qızına mənəvi iztirablar yaradır. Beləliklə, cavabdehlərdən 3000 (üç min) manat dəyərində mənəvi zərərə görə kompensassiya tutulması tələbini ədalətli hesab edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə iş görmüş, onun ailə üzvlərindən heç kimi tanımır. 2010-cu ildə öz adına olan mənzili onun adına keçirmiş, o da öz növbəsində ona evin dəyərinə uyğun şüşə vermişdir. Əgər onun borcu var idisə, verdiyi qaimədə borcu olduğunu qeyd edərdi. Kitabda da bütün hamısını qeyd etmiş, sonra iddiaçı ilə sənədləri üzləşdirib, həll etmişdir. 2015-ci ilə qədər ondan yenə də 3-4 dəfə şüşə almış, onun da pulunu ödəmişdir. Sonda cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 01 noyabr 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh2 və onun arvadı Cavabdeh1 İddiaçı şüşə alverinə görə sonuncuya hər hansı məbləğdə borclarının qalmasını sübuta yetirmək üçün kifayət qədər sübutlar olmadığından, bu barədə bütün mümkün sübutlar yoxlanılmış, lakin bu sübutlar şəxsin təqsirini sübut etmək üçün kifayət etməmişdir. Odur ki, fakt təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. 27 ədəd qaimə-fakturalardan müəyyən olunur ki, qaimə-fakturalarda müxtəlif adda mallar və onların dəyəri qeyd edilsə də, 4 ədədi istisna olunmaqla, digər qaimə fakturalarda malların təhvil alınması qrafasında hər hansı imza yoxdur, 4 ədəd qaiməfakturada isə imzalar fərqlidir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndələri və vəkilinin, Cavabdeh2 izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində cavabdehin ona 60.000 manat məbləğində borcunun olmasını qeyd etsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən malların cavabdehə təqdim olunmasına dair məhkəməyə təqdim etdiyi qaimə-fakturalarda (4 ədədi istisna olmaqla) malların cavabdehə təqdim edilməsinə və ya cavabdeh tərəfindən təhvil alınmasına dair hər hansı qeyd yoxdur, 4 ədəd qaimə-fakturalarda olan imzalar isə kimə məxsus olması müəyyən olunmamaqla fərqlidirlər. Eyni zamanda, iddiaçının arvadı X1 şikayəti əsasında polis orqanı tərəfindən aparılmış araşdırma zamanı da Cavabdeh2 və onun arvadı Cavabdeh1 İddiaçı şüşə alverinə görə sonuncuya hər hansı məbləğdə borclarının qalmasını sübuta yetirmək üçün kifayət qədər sübutlar müəyyən olunmamış, bu barədə bütün mümkün sübutlar yoxlanılsa da, bu sübutlar şəxsin təqsirini sübut etmək üçün kifayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 60000 manat borc məhkəmə tədqiqatı zamanı təsdiq olunmadığından iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi borca əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsassız olduğundan təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən iddiaçıya borclu olduqları 60.000,00 manat pulun tutulması, 15.000,00 manat əldən çıxmış faydaya görə və 3.000,00 manat mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-2860/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2860/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver