Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-289/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə (“Tikinti-X10 Kimya Zavodu-2” ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E. oxları üzrə 155.52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3- cü ox arası Ç.D.E oxları arasında -143.64 kv.m, 4-cü oxla 5-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143.64 kv.m, 8-ci oxla 9-cu ox arası - A.B.C.Ç.D.E oxları arasında - 155.52 kv.m; ümumi sahəsi 825.12 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 25.08.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı 25.08.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi, hərracın keçirilməsi barədə sənədlərin məhkəməyə təqdim edilməsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2012-ci il tarixli 2iqt(81)- 780/2012 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı borcun tutulmasına dair iddiası qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 335.117 manat məbləğində əsas borc, 335.117 manat məbləğində cərimə və 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 670.254 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Daha sonra 25.08.2014-cü ildə cavabdeh “xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A saylı məhəllədə inşa edilmiş yaşayış binasının zirzəmi hissəsini qanunsuz şəkildə “hərrac” adı ilə digər cavabdeh “xxxx” ASC-yə (indiki adı: “xxxx”) satmışdır. Hərracın təşkili və keçirilməsi barədə İddiaçı MMC-yə heç bir məlumat verilməmişdir. 12.01.2012-ci il tarixdən 08.10.2014-cü il tarixədək olan dövrdə “xxxx” MMC-nin direktoru K.Kazımzadə azadlıqdan məhrum edilmişdir, cəza çəkirdi. O, 12 il müddətinə azadlıqdan məhrum edildiyinə görə bu günədək də azadlıqdan məhrum etmə yerində saxlanılır. 18.11.2019-cu il tarixdə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini guya hərracın təşkili və keçirilməsi barədə "xxxx” MMC-yə heç bir məlumat verilməməsi ilə əsaslandırmışdır. İddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. "xxxx" MMC-nin hərracın keçirilməsindən və hərracın keçirilməsinə əsas olmuş məhkəmə aktlarından məlumatlı olmasını təsdiqləyən hallar: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-780/2012 saylı, 15.03.2012-ci il tarixli qətnaməsi ilə “xxxx” MMCdən “xxxx” ASC-nin xeyrinə 335.117 manat məbləğində əsas borc, 335.117 manat məbləğində cərimə, 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 670.254 manat məbləğində pul vəsaitinin tutulması qət olunmuşdur. Qeyd olunan qətnamə 25 avqust 2014-cü il tarixdə keçirilmiş hərrac nəticəsində “xxxx” MMC-yə məxsus əmlak hesabına 537.328 manat hissəsində icra olunmuş, 31.08.2017-ci il tarixdə icra qaydasında "xxxx" ASC-yə təhvil verilmişdir. “xxxx” MMC hərracdan xəbərsiz olması barədə yalan və əsassız olan məlumatları hazırki iş üzrə səsləndirərkən "xxxx" MMC ilə "xxxx” ASC arasında illərdir gedən məhkəmə çəkişmələrini və həmin qətnamələrdən, qərardadlardan vermiş olduğu şikayətləri unutmuşdur. Əgər "'xxxx" MMC hərracdan xəbərsizdirsə hərracın keçirilməsinə əsas olmuş icra üsulunun dəyişdirilməsinə dair qərardaddan necə məlumatlı olmuşdur? Həmin qərardaddan nümayəndəsi vasitəsi ilə vermiş olduğu apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin şikayətin təmin edilməsi “xxxx” MMC-nin mübahisəli əmlakla bağlı bütün hallardan xəbərdar olmasını və İddiaçı MMC-nin yalan məlumat verməsini təsdiqləmiş olur. Yuxarıda qeyd olunduğu kimi "xxxx" MMC “xxxx” MMC-yə öz adından etibarnamə əsasında hərəkət etmək səlahiyyəti verməklə nümayəndəsi X2 vasitəsi ilə qətnamənin icra üsulunu dəyişdirilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 201/13/2iqt(81 )-780/12 saylı, 22.05.2013-cü il tarixli qərardadından şikayət vermişdir. xxxx" MMC-nin adından verilmiş şikayətdə pulun tutulmasına dair qətnamədən məlumatlı olmaları, cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru olan Kazım Kazımzadənin həbs olunduğu, hündürmərtəbəli yaşayış binasının tikinti işlərinin davam etdirilməsi və digər məsələlərinin həlli ilə bağlı hüquqların sakinlərin yığıncağının protokolu ilə “xxxx” MMC-yə verildiyi, bununla da, bu qərardadın onların hüquqlarına və mənafelərinə toxunduğu qeyd olunmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, “xxxx” MMC 28.05.2012-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti” haqqında müqavilə üzrə də, “xxxx” MMC-yə məxsus bina və digər işlərlə bağlı hüquq əldə etmişdir. Həmin müqavilə əsasında da, “xxxx” MMC adından səlahiyyətli şəxs kimi çıxış etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.09.2013-cü il tarixli, 8-1(103)- 19/2013 saylı qərardadı ilə “xxxx” MMC-nin şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 201/13/2iqt(81)-780/12 saylı, 22.05.2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərardadında qeyd olunan hallar təsdiqləyir ki, “xxxx” MMC pulun tutulmasına dair qətnamədən, onun icra üsulunun dəyişdirilməsinə dair qərardaddan və onun əsasında keçirilmiş hərracdan məlumatlı olmuşdur. Bununla da, “xxxx” MMC mülki qanunvericiliklə müəyyən edilmiş mübahisələndirmək müddətini də ötürmüşdür. Eyni zamanda keçirilmiş hərracın nəticələri “xxxx” MMC-nin hazırkı direktoru olan Qocayev Ayxan Əli oğlu tərəfindən müxtəlif əsaslandırmalarla bir neçə dəfə mübahisələndirilmişdir. Həmin iddialar üzrə aparılmış məhkəmə araşdırmalarında hərracın qanuni şəkildə aparılması və heç bir pozuntuya verilmədən keçirilməsi müəyyən edilmişdir. Qocayev Ayxan Əli oğlu tərəfindən irəli sürülmüş hərracın etibarsızlığı ilə bağlı birinci iddia Xətai rayon Məhkəməsinin 29.11.2017ci il tarixli, 2(011)-9855/2017 saylı qətnaməsi ilə rədd edilmişdir. Bina sakini olaraq zirzəminin ümumi əmlak olmasını əsas gətirərək hərracın etibarsız hesab edilməsi ilə bağlı qaldırmış olduğu 2-ci iddia tələbi də Xətai rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli, 2(011)-3249/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Qocayev Ayxan Əli oğlunun hərracın etibarsız sayılması üçün qaldırmış olduğu iddialar nəticə vermədikdən sonra və yeni iddialar qaldırmaq imkanları bitdikdən sonra Ayxan Qocayev bu dəfə özünü “xxxx” MMCyə direktor təyin etdirərək hərracın etibarsız sayılmasına dair yeni iddia qaldırmışdır. Bütün bu hallar təsdiq edir ki, hazırki iş üzrə olan iddia əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 2(011)-7175/2019 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə (“Tikinti- X10 Kimya Zavodu-2” ASC) qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət Bakı Apellyasiyası Məhkəməsinin Mülki Kollegiyasının 26.12.2019-cu il tarixli, 2(103)-15431/2019 saylı qərardadı ilə təmin edilməmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiyası Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(103)-15431/2019 saylı qərardadından cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti AR Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 02 iyul 2020ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiyası Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(103)-15431/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 09.02.2021-ci il tarixdə iddiaçı dəyişdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi və cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E. oxları üzrə 155.52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3- cü ox arası Ç.D.E oxları arasında -143.64 kv.m, 4-cü oxla 5-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143.64 kv.m, 8-ci oxla 9-cu ox arası - A.B.C.Ç.D.E oxları arasında - 155.52 kv.m; ümumi sahəsi 825.12 kv.m qeyri-yaşayış sahəsinin özgənikiləşdirilməsinə dair “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” 25.08.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı 25.08.2014-cü il tarixli protokol, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən 3-4 ox ABC oxu üzrə 64,8 kv.m. və 6-7 ox ABC oxu üzrə yerləşən 64,8 kv.m təmirsiz tikilinin hərracdan satılmasına dair 08.01.2021-ci il tarixli müqavilə və protokolun etibarsız hesab edilməsini, hərracın keçirilməsi barədə sənədlərin məhkəməyə təqdim edilməsi cavabdeh “xxxx” MMC-yə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC tərəfindən iddiaçıya 16.12.2020-ci il tarixli məktub daxil olmuş və həmin məktubdan müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 81)-201/2013 saylı, 31.10.2013-cü il tarixli icra sənədinə, Xətai rayon icra və probasiya şöbəsinin məktubuna əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Xətai yonu, Gəncə prospekti, 2935 A saylı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən 3-4 ox ABC oxu üzrə 64,8 kv.m. və 6-7 ox ABC oxu üzrə yerləşən 64,8 kv.m təmirsiz tikili, ilkin qiyməti 129.600 manat olmaqla, 08.01.2021-ci il tarixdə hərracdan satılmışdır. İddiaçının qanuni təmsilçisi həmin gün cavabdehə müraciət etsə, onun iştirakı olmadan hərracın baş tutduğu barədə ona məlumat verilmiş və hərracın nəticələrinə dair protokol iddiaçıya təqdim edilməmişdir. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı qüvvədə olan mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, həmçinin qüvvədə olan mənzil qanunvericiliyinin də tələblərinə zidd olaraq çoxmənzilli binanın və mülkiyyətçilərinin ümumi əmlakı olan binanın zirzəmi hissəsi qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Sonradan iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə hazırkı işə baxılıb qurtaranadək iddia tələbində mübahisələndirilən hərracın predmeti olmuş daşınmaz əmlakların cavabdeh tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-2(113)-289/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə (“Tikinti-X10 Kimya Zavodu-2” ASC) qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Həmin qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayət Bakı Apellyasiyası Məhkəməsinin Kommersiya Kollegiyasının 29.03.2021-ci il tarixli, 2-2(103)-415/2021 saylı qərardadı ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-289/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.02.2021-ci il tarixli qərardadı qismən ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E. oxları üzrə 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E oxları arasında – 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası -113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında – 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası - A.B.C.Ç.D.E oxları arasında – 155,52 kv.m; ümumi sahəsi 825.12 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdeh “xxxx” ASC-yə (“Tikinti-X10 Kimya Zavodu-2” ASC) qadağan edilmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASCyə və qeyrilərinə qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair iddiasına bir illik iddia müddəti tətbiq edilərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC və cavabdeh “xxxx” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili “Elektron kabinet” vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, təyin olunmuş iş üzrə məhkəmə iclasının iştirakı olmadan keçirilməsi, məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş məhkəmə çıxışının nəzərə alınmasını və iddianın tam olaraq təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdeh “xxxx” MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 “Elektron kabinet” vasitəsi ilə məhkəməyə ünvanladığı məhkəmə çıxışında qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş rəsmi sənədlər (sübutlar) və qüvvədə olan qanunvericiliyə əsaslanaraq, hesab edir ki, İddiaçı iddia tələbləri tam təmin edilməlidir. Məhkəmə araşdırması zamanı qeyd edilən iddia tələblərinin təmin edilməsinə əsas verən aşağıdakı faktiki hallar müəyyən edilmişdir: Cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində ümumi sahəsi 825.12 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdi- rilməsinə dair 25.08.2014-cü il tarixdə və eyni ünvanda inşa edilmiş hündürmərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən 3-4 ox ABC oxu üzrə 64,8 kv.m. və 6-7 ox ABC oxu üzrə yerləşən 64.8 kv.m təmirsiz tikilinin özgəninkiləşdirilməsinə dair 08.01.2021-ci il tarixdə hərraclar keçirilmişdir. Hərracların keçirilməsi işin mübahisəsiz halıdır. Cavabdeh "xxxx" MMC tərəfindən hərracdan satılan daşınmaz əmlaklar “yaşayış binasının zirzəmi hissəsi" olmuşdur. Belə ki, mübahisəli daşınmaz əmlakın hündürmərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşməsi "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 25.08.2014-cü il tarixli müqavilədə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı 25.08.2014-cü il tarixli protokolda, habelə 08.01.2021-ci il tarixli müqavilə və protokolda da aşkar şəkildə göstərilmişdir. Bunun üçün həmin hərrac sənədlərinin satılan daşınmaz əmlakla bağlı məlumatlar hissəsinə nəzər yetirmək kifayətdir. Bu da işin mübahisələndirilməyən halıdır. Cavabdeh "xxxx” MMC tərəfindən hərracdan satılan daşınmaz əmlakların icra və hərrac sənədlərində hazırkı iş üzrə İddiaçınə məxsus olması sözlərinin qeyd edilməsi də mübahisəsizdir. Qeyd edilən sənədlərdə daşınmaz əmlakların məhz "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması aydın şəkildə yazılmışdır. Hərracın etibarsızlığı məsələsinin həlli, ilk növbədə hərracda satılan daşınmaz əmlakın hüquqi statusu ilə bağlıdır. Göründüyü kimi işin mübahisəsiz halı odur ki, satılan daşınmaz əmlak, hündürmərtəbəli yaşayış binasının zirzəmi hissəsinə aiddir. Yaşayış binasının bu hissəsi isə qanunun tələbinə əsasən həmin binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2012-ci il tarixli 2iqt(81)-780/2012 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 335.117 manat məbləğində əsas borcun, 335.117 manat məbləğində cərimənin və 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 670.254 manat məbləğində pulun tutulması qət edilmişdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2013-cü il tarixli 2iqt(81)-780/2012 saylı qərardadı ilə həmin məhkəmənin 15.03.2012-ci il tarixli 2iqt(81)-780/2012 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 670.254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması, həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.09.2013-cü il tarixli 8-1(103)19/2013 saylı qərardadı ilə maraqlı şəxs “xxxx” MMC-nin şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Göstərilən qətnamə və qərardadın icrasını təmin etmək məqsədilə 25.08.2014-cü il tarixdə “xxxx” MMC tərəfindən açıq hərrac keçirilmiş və hərracın nəticəsində “xxxx” MMCyə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncvə prospketi, 2935A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən, müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A, B, C və 2-ci oxla 3-cü ox arası Ç, D, E oxları arasında 143,6 kv.m., 4-cü oxla 5-ci ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A, B, C və 7-ci oxla 8-ci ox arası Ç, D,E oxları arasında 143,64 ümumi sahəsi 825,12 kv.m; 8-ci oxla 9-cü ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m, ümumi sahəsi 825,12 kv.m. qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə 537.328 manata hərracın qalibi olan “Tikinti X10 Kimya Zavod-2” ASC-yə satılmışdır. Buna dair “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı 25.08.2014-cü il tarixli protokolu tərtib edilmiş və həmin protokol əsasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. - Kommersiya qurumunun dövlət reyestrindən 10.02.2017-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, “Tikinti X10 Kimya Zavod-2”ASC-nin adı dəyişdirilərək “xxxx” ASC olmuşdur. -Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(011)-9855/2017 saylı qətnaməsi ilə iddiaçılar X3, X4, X1, X5 və Qocayev Ayxan Əli oğlu cavabdehlər “xxxx” MMC-yə və “Tikinti-Quraşdırma Azərbaycan X14u-2” ASC-yə (hazırda “xxxx” ASC) qarşı “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 25.08.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolun etibarsız hesab edilməsi barəsində iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi “zirzəmi” adı altında satılsa da, əslində məhkəmə iclasında həmin qeyri-yaşayış sahəsinin “zirzəmi” (yəni, mühəndis qurğuları olan zirzəmi olması və ya həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) olması) olmaması, qeyri-yaşayış sahəsi olması müəyyən edilmişdir. Bundan əlavə, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 25.08.2014-cü il tarixli müqavilədə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı, 25.08.2014-cü il tarixli protokolda qeyd edilən sahə zirzəmi kimi yox, qeyri-yaşayış sahəsi kimi cavabdehə satılmışdır. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2018-ci il tarixli, 2(103)- 2186/2018 saylı qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9855/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(102)- 5640/2018 saylı qərarı ilə iddiaçı Qocayev Ayxan Əli oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(102)-2186/2018 nömrəli iş üzrə 04 aprel 2018-ci il tarixli qətnaməsi iddiaçı Qocayev Ayxan Əli oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(011)-3249/2018 saylı qətnaməsi ilə iddiaçılar Qocayev Ayxan Əli oğlunun və qeyrilərinin cavabdeh “xxxx” MMC-yə və “Tikinti-Quraşdırma Azərbaycan X14u-2” ASC-yə (hazırda “xxxx” ASC) qarşı “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 25.08.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)780/12 saylı 22.05.2013-cü il tarixli qərardadı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2012-ci il tarixli 2iqt(81)780/12 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilməsi, "xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A saylı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 670 254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması və həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmış və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 30.01.2018-ci il tarixli 8-2(103)-2/2018 saylı qərardadı ilə qüvvədə saxlanılmışdır. Həmin qərardadla müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 22.05.2013-cü il tarixli qərardadı əsasında icra hərəkətləri binanın zirzəmisinə aid hissədə həyata keçirilmişdir və binanın zirzəmisi isə binanın inşaatçısına məxsus olmaqla yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümümi mülkiyyəti hesab oluna bilməz. -Xətai rayon İcra və probasiya Şöbəsinin icra məmuru V.Umarov tərəfindən tərtib edilmiş borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında 02 noyabr 2020-ci il tarixli protokolu ilə müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 8(81)-201/13 saylı, 31.10.2013-cü il tarixli icra sənədinə əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllədə inşa edilmiş yaşayış binasının zirzəmi (qeyri-yaşayış sahəsi) hissəsində yerləşən 3-4 ox ABC oxu üzrə 64,8 kv.m 6-7 ox ABC oxu üzrə 64,8 kv.m təmirsiz tikilinin üzərinə həbs qoyulmuşdur. -08.01.2021-ci il tarixdə həmin əmlakın satılmasının təşkil edilməsi məqsədilə Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən açıq hərrac keçirilmiş və həmin hərracın nəticəsində İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllədə inşa edilmiş hündürmərtəbəli binasının zirzəmi hissəsində yerləşən 3-4 ox ABC oxu üzrə 64,8 kv.m, 6-7 ox ABC oxu üzrə 64,8 kv.m təmirsiz tikili 129.900 manat ilkin satış qiymətinə alıcı “xxxx” ASC-yə satılmışdır. Bu barədə “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 08 yanvar 2021-ci il tarixli, 01/01 saylı protokolu tərtib edilmiş və həmin protokol əsasında xxxx” MMC (sifarişçi) ilə “xxxx” ASC (alıcı) arasında 08 yanvar 2021-ci il tarixdə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi İddiaçı MMC-yə məxsus dəyəri 129.900 manat olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllədə inşa edilmiş hündürmərtəbəli binasının zirzəmi hissəsində yerləşən 3-4 ox ABC oxu üzrə 64,8 kv.m və 6-7 ox ABC oxu üzrə 64,8 kv.m təmirsiz tikilini alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsinə dair hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 416-ci maddəsi təşkil edir. Həmin maddəyə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İddianın “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı 25.08.2014-cü il tarixli protokolu və həmin protokol əsasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, hərracın nəticələri üzrə yekun protokol hüquqi mahiyyətinə görə alıcı, satıcı (sifarişçi) və hərrac təşkilatçısı üçün mülki hüquq və öhdəliklər yaradan əqddir. Belə olan halda əqdin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin 354-ci maddəsində müəyyən edilmiş müddətlər hərracın nəticələri haqqında protokola münasibətdə də tətbiq edilməlidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddənin məzmunundan görünür ki, qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. İş materiallarına əsasən isə müəyyən edilir ki, 25.08.2014-cü il tarixli mübahisəli hərrac nəticəsində “Tikinti X10 Kimya Zavod-2” ASC (cavabdeh “xxxx” ASC-nin əvvəlki adı) tərəfindən alınmış əmlak sonuncunun faktiki sahibliyinə verilmədiyindən və həmin əmlakın ASC tərəfindən istifadə edilməsinə “xxxx” MMC və onun təyin etdiyi nümayəndələri tərəfindən maneə və çətinlik yaradıldığından “Tikinti X10 Kimya Zavod-2” ASC sözügedən qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədilə qeyri-yaşayış sahəsinin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.01.2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsi ilə iddiaçı “Tikinti X10 Kimya Zavod-2” ASC-nin iddiası təmin edilmiş, cavabdeh “xxxx” MMC -yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində ümumi sahəsi 825,12 kv.m. olan qeyriyaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlər qanunsuz hesab edilərək, maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədilə qeyri-yaşayış sahəsinin “Tikinti X10 Kimya Zavod-2” ASC-nin əməli istifadəsinə verilməsi vəzifəsi cavabdeh “xxxx” MMC–nin üzərinə qoyulmuşdur . Həmin işdə olan (İİ cild, səhifə 161) Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru R.Ağayev tərəfindən tərtib edilmiş 31.08.2017-ci il tarixli akta əsasən müəyyən edilir ki, sözügedən qeyri-yaşayış sahəsi “Tikinti X10 Kimya Zavod-2” ASC-yə təhvil verilmişdir. Qeyri-yaşayış sahəsinin təhvil verilməsində iştirak etmiş “Xətai Cəmiyyəti”nin qanuni təmsilçisi Aydın Qocayev (hazırda iddiaçınnı qanuni təmsilçisi) həmin aktı imza etməkdən imtina etmişdir. Bundan əlavə iş materiallarından həmçinin görünür ki, İddiaçı MMC-nin hazırkı direktoru X9 fiziki şəxs kimi müxtəlif əsaslarla iki dəfə 24.08.2014-cü il tarixli hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə iddialar qaldırmışdır. Həmin iddialar müvafiq olaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(011)-9855/2017 saylı qətnaməsi və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(011)-3249/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, 24.08.2014-cü il tarixli hərracda satılmış əmlak 2017-ci ilin avqust ayından, cavabdeh “xxxx” ASC-yə təhvil verilməklə, İddiaçı MMC-nin faktiki sahibliyindən çıxdığından iddiaçı ən geci həmin vaxtdan sözügedən əmlakın hərracda satılmasından, yəni hüquqların pozulmasından xəbərdar olmalı idi. Beləliklə, məhkəmə İddiaçı MMC-nin 24.08.2014-cü il tarixli hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsinə dair əsas kimi istinad etdiyi halları bilməli olduğu vaxtdan 2 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı qaldırdığını nəzərə alaraq hesab edir ki, 24.08.2014-cü il tarixli hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsinə dair hissədə hazırkı iddia Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmaqla, yəni iddiaçı əqdi mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir. 08.01.2021-ci il tarixli hərrac protokolunun və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı MMC həmin hissədə iddia tələbinin əsası kimi hərrac vasitəsilə satılmış əmlakın zirzəmi olmasına və belə olan halda isə mülki qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti olmasına istinad etmişdir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İstinad olunan normanın məzmunundan da göründüyü kimi binanın zirzəmi hissəsində yerləşən bütün sahələr deyil, yalnız həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar yerləşən texniki zirzəmilər və mühəndis qurğuları olan zirzəmilər yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab edilir. Hazırkı işdə isə İddiaçı MMC mübahisəli hərracda satılmış sahələrdə hər hansı mühəndis qurğularının yerləşməsini, eləcə də həmin sahələrin texniki zirzəmi kimi istifadə edilməsini sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iş materiallarına əlavə edilmiş Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında 02 noyabr 2020-ci il tarixli protokolundan da görünür ki, üzərinə həbs qoyulmuş və sonradan 08.01.2021-ci il tarixli hərracdan satılmış tikililər təyinatına görə qeyri-yaşayış sahəsidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən 416-ci maddəsinin məzmunundan da göründüyü kimi qanunvericilikdə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərrac yalnız həmin hərrac nəticəsində hüquqları pozulmuş maraqlı şəxsin ərizəsi əsasında etibarsız hesab edilə bilər. Hazırkı işin yuxarıda göstərilən hallarından isə görünür ki, İddiaçı MMC 08.01.2021-ci il tarixli hərracın və müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbini hərrac keçirilməsi zamanı özünün qanunla qorunan hüquq və maraqların pozulması ilə əsaslandırmamış, iddia tələbinə əsas kimi hərrac nəticəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin hüquqlarının pozulması halına istinad etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı MMC iddia ərizəsində göstərilmiş əsasla 08.01.2021-ci il tarixli hərracın nəticələrini mübahisələndirməyə dair subyektiv hüquqa da malik deyil. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-289/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-289/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver