Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2971/2024 08.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (abonent kodu: **********00001) ünvanına hesablanmış 8.640 manat borcun Cavabdeh tərəfindən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 (abonent kodu: **********00001) ünvanında yerləşən sayğac onun adına qeydiyyatdan keçmişdir. Təxminən bir müddət əvvəl Cavabdeh nümayəndələri sayğaca yoxlanış keçirən zaman guya qazdan qeyri-qanuni, yəni sayğacdan kənar istifadənin olmasını bəhanə edərək 8.640 manat cərimə yazmışlar. Halbuki, heç bir kənar xətt olmamışdır. Bu səbəbdən də, əlavə sərfiyyat haqqı kimi qanunsuz hesablanmış borcun silinməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
8. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
9. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
10. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
12. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən BRQSD-nin Cavabdeh İB-nin Suraxanı rayonu üzrə nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən, abunə kodu **********00001 olan obyektə baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, aktın tələb hissəsində dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur.
13. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin “dəymiş ziyan həcminin hesablanması” qrafikindən görünür ki, qaz işlədicilərindən PQ1 maksimal saatlıq qaz sərfi 1 kub metr /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, PQ-2 maksimal saatlıq qaz sərfi 2 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, təndir maksimal saatlıq qaz sərfi 2 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, kürə maksimal saatlıq qaz sərfi 3 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1x12x360=4.320 kub metr, 2x12x360=8.640 kub metr, 2x12x360=8.640 kub metr, 3x12x360=12.960 kub metr olmaqla, cəmi 34.560 kub metr müəyyən olunmuşdur.
14. İş materiallarında olan **********00001 saylı abonent kodu üzrə İddiaçı məxsus olan Abonent Saldosunun aktlar bölməsindən görünür ki, İddiaçı akt əsasında 2023-cü ilin mart ayına 8.640 manat borc hesablanmışdır.
15. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi 8.640 manat məbləğində borc xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış olan 8.640 manat borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışında yoxlamanın başlama müddəti xx.xx.2023-cü il, yoxlamanın sona çatma tarixi xx.xx.2023-cü il qeyd olunmuşdur.
17. Göründüyü kimi, yoxlamanın aparıldığı və aktın tərtib edildiyi tarix xx.xx.2023-cü ildə olmuş, yoxlamanın aparılması isə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün qeydə alınmışdır.
18. Məhkəmə cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktın xx.xx.2023-cü il tarixdə tərtib olunduğunu (yəni çıxarışda yoxlamanın başlama müddəti qeyd olunan tarixdən sonra olmasını) nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir.
19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
20. Məhkəmə bu xüsusda qeyd edir ki, akt əsasında hesablanmış 8.640 manat məbləğində borc silinməlidir.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus **********00001 saylı abunə kodu üzrə hesablanmış 8.460 (səkkiz min dörd yüz altmış) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov