Məhkəmə qərarları › İş №2-2(113)-3147/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3147/2024

27.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3147/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, müqavilənin etibarsızlığı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və bu günə kimi iddiaçı tərəfindən icarədara ödənilmiş 5000 manat məbləğ nəzərə alınmaqla, icarə predmeti olan yuyucu avadanlığın iddiaçının mülkiyyətinə keçməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xalça və avtoyuma avadanlığının tərəfindən icarəyə götürülməsinə dair, 10 sentyabr 2022 ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq, icarəyə verən qismində çıxış edən Cavabdeh özünə məxsus olan, xalça və avtoyuma avadanlığını icarəçi kim ona icarəyə verdiyi göstərilir. Aramızda rəsmiləşdirilən bu İcarə müqaviləsi mənim tərəfimdən vacib əhəmiyyətli yanılma təsiri altında bağlandığından, əqd bağlandığı andan etibarsız sayılmalıdır. Belə ki, müqavilənin səkkizinci maddəsində, göstərilib ki, Avadanlığın ilkin qiyməti "tərəflər arasında" 5000 (beş min) manat qiymətləndirilmişdir. İcarə müqaviləsinin dördüncü maddəsinin tələblərinə müvafiq olaraq, icarəçi kimi icarəyə verənə hər ay 600 (altı yüz) azn icarə haqqı ödəməli olduğu göstərilmişdir. Müqavilə bağladıqdan sonra mənə məlum olmuşdur ki, icarəyə verən məni aldatmışdır. Belə ki, avadanlığın keyfiyyəti və qiyməti barədə məlumatlar mənə məlum olmamışdır. Bu məlumatlar avadanlığın sahibinin iddia etdiyi məlumatlardır. Mən avadanlığın qiymətini bilmədiyim halda bu bizim aramızda razılıq kimi qiymətləndirilə bilməzdi. Avadanlığın dəqiq qiyməti mövcuddur, bu qiymət əsas götürülməlidir. Qiyməti 1000 manat olan avadanlığın ilkin satış qiyməti hansı əsasla tərəflər arasında, 5000 manat qiymətləndirilə bilərdi. Belə çıxır ki, icarəyə verən mənə qiyməti cəmi 1000 manat olan avadanlığını icarəyə verir və aylıq icarə haqqı kimi məndən hər ay 600 manat icarə haqqı alır. İcarə müqaviləsinin 11-ci bəndində göstərilir ki, icarə haqqı göstərilən müddətdən beş gün gecikdirilərsə, icarəçi icarə haqqına əlavə olaraq, 500 (beş yüz)manat icarədara ödəməlidir. Bu maddədən belə çıxır ki, bu və ya digər üzürlü və ya üzürsüz səbəbdən icarə haqqının ödənilməsi tərəfimdən beş gün gecikərsə, mən icarə haqqından əlavə 500 manat cərimə ödəməliyəm. Qeyd etdiyim kimi, müqavilədə göstərilən bu hallar hamısı qanunvericiliyin ümumi prinsiplərinə, əqdlər barədə ümumi tələblərə və icarə müqaviləsi haqqında normaların məcburi olan tələblərinə ziddir və müqavilə bağlandığı gündən etibarsız sayılmalıdır. Müqavilədə göstərilir ki, müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ilk altı ayından sonra icarəçi icarədara 2000 manat ödəməklə müqavilə predmeti olan avadanlıq icarəçiyə keçməklə, müqaviləyə vaxtından əvvəl xitam verilir. Bu maddənin özü də, icarə müqaviləsinə deyil, lizinq müqaviləsinə aid olan normadır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə notariat ofisində bağlanmış, cavabdeh həmin müqavilənin şərtləri ilə tanış olub müqaviləni könüllü şəkildə imzalamışdır. Lakin müqavilə üzrə iddiaçı öz öhdəliklərini icra etməmiş, müqavilənin ilk 6 ayı ərzində ona cəmi 40 manat ödəmişdir. Ümumiyyətlə bu günə qədər cavabdehə 40 manat, 500 manat və 2500 manat olmaqla ödəniş etmişdir. İddia ərizəsində göstərilmiş 5000 manat ödənişin edilməsi barədə iddia əsassızdır. Belə ki, iddiaçı tərəfindən həmin vəsaitin ödənilməsini təsdiq edən hər hansı sənəd ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı müqavilə öhdəliklərini pozduğu üçün o, notariusa müraciət etmiş, notarius tərəfindən icra qeydi verilmişdir. Hazırda icra qeydi icra şöbəsinin icraatında olsa da, iddiaçı həmin icra sənədini icra etmir, hər cür iddialarla icranı yubandırmağa çalışır. Belə ki, iddiaçı daha əvvəl eyni müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin 3 ay sonra ərizəsini geri götürmüş, ərizə baxılmamış saxlanılmışdır. Bu səbəbdən iddiaçı iclaslara gəlmədiyi halda, ərizənin baxılmamış saxlanılmasını istəmir, işə mahiyyəti üzrə baxılıb yekunlaşdırılmasını məhkəmədən xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə hər hansı məlumat verməmişdir.

5. Məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icarəçi) və cavabdeh (icarəyə verən) arasında bağlanmış 10 sentyabr 2022-ci il tarixli xalça və avtoyuma avadanlığına dair icarə müqaviləsinə əsasən “icarəyə verən” Cavabdeh, xalça və avtoyuma avadanlığını saz və işlək vəziyyətdə icarəyə verir, “icarəçi” İddiaçı xalça və avtoyuma avadanlığını saz və işlək vəziyyətdə icarəyə götürür və avadanlığın saz və işlək vəziyyətdə icarə müddəti bitdikdən sonra “icarəyə verənə” geri qaytarılmasını öhdəsinə götürür.

8. Müqavilənin 2-ci bəndinə əsasən icarəyə verilən əmlak CE Euromax markalı TTSK 200 olan xalça və avtoyuma avadanlığıdır.

9. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən avadanlığın istifadəsinə görə “icarəyə götürən” İddiaçı “icarəyə verən” Cavabdeh aylıq 600 manat icarə haqqı ödəyir.

10. Müqavilənin 8-ci bəndinə əsasən avadanlığın ilkin qiyməti tərəflər arasında 5000 manat qiymətləndirilmişdir. 2 illik bağlanmış müqavilə müddətində, müqavilənin ilk 6 ayından sonra icarəyə verənə əgər 2000 manat verərsə, avadanlıq icarəçidə qalır və müqaviləyə xitam verilir.

11. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən tərəflər arasında bağlanmış icarə müqaviləsinin iddiaçı tərəfindən icra edilməməsi səbəbindən həmin müqavilə üzrə öhdəliklərin məcburi qaydada icrası məqsədilə (xx.xx.2022-ci il tarixədək ödənilməmiş 1760 manat icarə haqqı və 1500 manat dəbbə pulu) xx.xx.2022-ci il tarixdə icra qeydi verilmiş, icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir.

12. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “müqavilənin ləğvi” tələbinə dair iddiası iddiaçının vəsatəti ilə baxılmamış saxlanılmışdır.

14. Məhkəmə cavabdehin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

17. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

19. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

22. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.

23. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.

24. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır.

25. Belə ki, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

26. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.

27. Bundan əlavə, Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

28. Cavabdehin izahatından məlum olmuşdur ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə ümumilikdə 3040 manat ödəniş edilmiş, bundan əlavə, həmin avadanlıq müqavilə bağlandığı andan hazıradək iddiaçının sahiblik və istifadəsindədir.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.

30. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

31. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

32. Məhkəmə iddia tələbini ikinci, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5000 manat pulun nəzərə alınmaqla icarə predmetinin onun mülkiyyətinə keçməsinə dair hissədə də əsassız hesab edir.

33. Belə ki, 10 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə əsasən avadanlığın ilkin qiyməti tərəflər arasında 5000 manat qiymətləndirilmişdir. 2 illik bağlanmış müqavilə müddətində, müqavilənin ilk 6 ayından sonra icarəyə verənə əgər 2000 manat verərsə, avadanlıq icarəçidə qalır və müqaviləyə xitam verilir.

34. İddiaçı tərəfindən məhkəməyə müqavilənin ilk 6 ayı ərzində cavabdehə 2000 manat ödənilməsini, ümumiyyətlə ödənilməsini iddia etdiyi 5000 manat vəsaitin verilməsini təsdiq edən sübut təqdim edilməmişdir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar