Məhkəmə qərarları › İş №2-2(113)-3149/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3149/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3149/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “Cavabdeh1”, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) qarşı direktoru vəzifəsindən çıxarılması və bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik aparılması haqqında müvafiq hərəkətlərin yerinə yetirilməsi barədə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh4 MMC-nin təsisçiləri arasında heç bir hüquqi münasibətinin və heç bir müqavilənin olmaması səbəbindən, təsisçilərə onu şirkətin direktoru vəzifəsindən çıxarılması ilə bağlı bütün lazımi hərəkətlərin görülməsi və bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik aparılması haqqında müvafiq hərəkətlərin yerinə yetirilməsi barədə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı cavabdehlər “Cavabdeh1”, Cavabdeh2 və Cavabdeh3 qarşı “təsisçilər tərəfindən şirkətin direktoru vəzifəsindən çıxarılması ilə bağlı lazımi hərəkətlərin görülməsi və bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik aparılması haqqında müvafiq hərəkətlərin yerinə yetirilməsi barədə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmamışdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin iddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə, iddia ərizəsinin cavabdeh tərəfindən almasını təsdiq edən sənədləri aşkar etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən onu da müəyyən etmişdir ki, İddiaçı 2 iddia tələblərdən biri (şirkətin direktoru vəzifəsindən çıxarılması ilə bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik aparılması haqqında müvafiq hərəkətlərin yerinə yetirilməsi barədə öhdəliyin qoyulması barədə) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrlə bağlı olduğundan həmin tələbə inzibati icraat qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etmədiyindən və Azərbaycan Respublikası MPM-nin 152.1-ci və 152.1.7-ci maddələrinin tələblərinə görə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyindən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin İddiaçı diqqətinə çatdırılır ki, iddia ərizəsinin nəticə hissəsində qeyd edilmiş Cavabdeh4 MMC-nin təsisçiləri ifadəsi məhkəmə üçün anlaşılan deyil (adlar konkret göstərilməmişdir). Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Cavabdeh1”, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) qarşı “təsisçilər tərəfindən şirkətin direktoru vəzifəsindən çıxarılması ilə bağlı lazımi hərəkətlərin görülməsi və bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik aparılması haqqında müvafiq hərəkətlərin yerinə yetirilməsi barədə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin cavabdeh tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sənəd (poçt qəbzi və ya digər mötəbər sübut) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət oluna bilər. Həmçinin İddiaçı izah edilsin ki, şirkətin direktoru vəzifəsindən çıxarılması ilə bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik aparılması haqqında müvafiq hərəkətlərin yerinə yetirilməsi barədə öhdəliyin qoyulması tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməyə müraciət edilməlidir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar