Məhkəmə qərarları › İş №2-2(113)-3315/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3315/2021

18.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3315/2021 18.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X5 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin nümayəndəsi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya cavabdeh tərəfindən təqdim edilmiş 77798,52 manat borc məbləğinin əsassız olması və silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçıya cavabdeh tərəfindən təqdim edilmiş 77798,52 manat borc məbləğinin əsassız olması və silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim olunmuş “debitor borcunun araşdırılmasına dair” 30.10.2020-ci il tarixli RO-01/7-871 nömrəli məktubuna əsasən su istehlakçısı kimi cavabdehin 30.10.2020-ci il tarixinə 76512,80 manat borc məbləğinin olduğu bildirilmişdir. Qeyd edilən borc məbləğinin əsassız olması barədə 26.11.2020-ci il tarixli 62 nömrəli məktubla cavabdehə iddiaçı tərəfindən müraciət olunmuş və həmin borc məbləğinin silinməsindən ötrü xahiş edilmişdir. Cavabdeh tərəfindən 30.12.2020-ci il tarixli 03/01-7/6/18799 nömrəli məktubla borcun 77798,52 manat olduğu göstərilməklə ödənilməsinin təmin olunması bildirilmişdir. Lakin iddiaçı tərəfindən müraciətlərə baxmayaraq həmin borcun yaranma mənbəyi və hansı dövrə aid olması bildirilməmişdir. Bununla belə, həmin borc məbləğlərinin əsassız olduğu, yəni iddiaçı tərəfindən xidmət göstərilməyən səfirliklər tərəfindən yarandığı və iddiaçının abonent kodu altında göstərilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 əvvəl keçirilmiş məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçının əvvəl bir çox səfirliklərlə müqavilələri olmuş və onlara xidmət göstərmişlər. Cavabdeh, səfrlikliklərlə yox, iddiaçı ilə müqavilə bağlamışdır. Cavabdeh daha sonra Türkiyə səfirliyi və digər səfirliklərlə müqaviləni pozmuşdur. Müqavilə pozulduqdan sonra həmin səfirliklər cavabdehdən suyu almağa başlamışlar. Buna görə də yaranmış borc tam əsaslıdır. Nə borc yaranıbsa həmin borc ödənilməlidir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə sentyabr 2021-ci il tarixə olan borcu 77382,74 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə sentyabr 2021-ci il tarixə olan borcu 77382,74 manat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən cavabdeh iddiaçıya hər ay üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri göstərməyi, iddiaçı isə həmin xidmətin hər ay üzrə dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Yəni iddiaçı göstərilən xidmətlərə görə cavabdehə hər ay üçün, yəni vaxtaşırı ödənişlər etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən bir də vaxtaşırı ödənişlər üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. İşdə olan Abonent haqqında məlumatın tədqiqi zamanı müəyyən olundu ki, iddiaçının 01.01.2016-cı il tarixə 70697,98 manat borc qalığı olmuş, həmin il üzrə (01 yanvar – 31 dekabr 2016) cavabdeh tərəfindən iddiaçıya 1736,19 manat məbləğində satış olmuş, iddiaçı tərəfindən isə həmin xidmətlərə görə cavabdehə 1793,04 manat ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 2016-cı il üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə 56,85 manat (1793,04 - 1736,19 = 56,85) məbləğində artıq ödəməsi olmuşdur ki, həmin məbləğ də 01.01.2016-cı il tarixədək olan 70697,98 manat borc qalığından çıxılmaqla iddiaçının 01.01.2016-cı il tarixə olan borc məbləğindən 70641,13 manat məbləğ qalmışdır. 01.01.2017-ci il tarixdən sentyabr 2021-ci il tarixə qədər cavabdeh tərəfindən iddiaçıya su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 21321,45 manat məbləğdə satış, iddiaçı tərəfindən cavabdehə həmin xidmətlərə görə 14579,84 manat məbləğdə ödəniş edilmiş, göstərilən dövr üzrə iddiaçının 6741,61 manat borc qalığı yaranmışdır. Göründüyü kimi iddiaçının cavabdehə 01.01.2017-ci il tarixdən sonra artıq ödəməsi olmamaqla borcu yaranmışdır ki, bu halda hazırda iddiaçının borc qalığı olan 77382,74 manat məbləğin 70641,13 manat (77382,74 - 6741,61 = 70641,13) məbləği 01.01.2016-cı il tarixədək olan borc qalığıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış 77382,74 manat borc məbləğinin 70641,13 manat məbləği 01.01.2016-cı il tarixədək olan borc məbləğidir ki, bu halda məhkəmə hesab edir ki, 70641,13 manat borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 01.01.2016-cı il tarixədək olan 70641,13 manat borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən iddia qismən təmin edilməklə göstərilən borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 70641,13 manat məbləğində borc silinməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 27,24 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinə hesablanmış 70641,13 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. 30 manat məbləğində dövlət rüsumunun 27,24 manat məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar