Məhkəmə qərarları › İş №2-2(113)-36/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-36/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-36/2022 31.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı icarə müqavilələrinin etibarsız hesab edilməsi, icarə sahələrinin boşaldılması, icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ilə T.Əliyarbəyov və Nizami küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayş sahələrinin icrəyə verilməsi məqsədi ilə 1 kv.metr qeyri-yaşayış sahələrinin (zirzəmi və 1-ci mərtəbə üçün ayrı-ayrılıqda olmaqla) bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirici ilə müqavilə bağlanılması və həmin qeyri-yaşayış sahələrinin bazar qiymətinə uyğun olmaqla icarəyə verilməsi üçün icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması vəzifəsinin Cavabdeh ASC-nin icra orqanının üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-nin 14738 ədəd (30%) səhmlərinin sahibidir. Nizamnaməyə əsasən cəmiyyətin əsas məqsədi gəlir əldə etməkdir. Cəmiyyətin səhmlərinin böyük bir hissəsinin (30%-nin) sahibi kimi onun da əsas məqsədi mənfəətdən dividend əldə etməkdir. Lakin icra orqanının rəhbəri məqsədli şəkildə rəsmi gəlirləri (real gəlirləri) gizlətməklə cəmiyyətin mənfəətini, eyni zamanda mənfəət vergisini azaldır və nəticədə səhmdarlara az miqdarda divident hesablamağa çalışır və yaxud ümumiyyətlə dividend hesablanmır. Cəmiyyətin səhmlərinin 69,3%-i çox hissəsi icra orqanının rəhbərinin və ailə üzvlərinin mülkiyyətində olduğu üçün səs üstünlüklərindən istifadə edərək, hər il maliyyə hesabatlarını və mənfəətin bölüşdürülməsini qərarları ilə təsdiq edirlər. Bu zaman digər səhmdarların mənafeyi nəzərə alınmır. Cəmiyyətin əsas fəaliyyəti mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən ibarətdir. Cəmiyyət tərəfindən bağlanılmış icarə müqavilələrində icarə bir neçə dəfə (3-6 dəfə) aşağı göstərilmişdir. Nəticədə iddiaçı mənfəətin aşağı düşməsindən narazı qaldığı üçün mövcud müqavilələrin etibarsız hesab edilməsi və yeni icarə müqaviləsinin bağlanmasına dair iddia ərizəsi ilə 2017-ci ildə məhkəməyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş və icarə müqavilələri etibrasız hesab edilməklə icarə sahələrinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 may 2018-ci il tarixli və Ali Məhkəmənin 31 oktyabr 2018-ci il tarixli Qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə Səbail Rayon Məhkəməsi tərəfindən 2018-ci ildə müxtəlif vaxtlarda təyin edilmiş ekspertizaların nəticəsi olaraq "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2017-ci il tarixli və 29 oktyabr 2018-ci il tarixli ekspert rəylərində həmin ərazidə yerləşən icarə obyektlərininin 1 kv.metrinin bazar dəyəri müəyyən edilmiş və 1-ci mərtəbədə yerləşən ticarət obyektinin 1 kv.metrinin icarə qiyməti 100 manat və 115 manat kimi müəyyən edilmiş, zirzəmi sahəsinin isə icarə qiyməti 50 manat və 58 manat müəyyən edilmişdir. Belə ki, Cəmiyyət tərəfindən təqdim edilmiş 4 icarə müqaviləsində icarəyə verilmiş sahə 655 kv. metr sahə kimi göstərilmişdir. 30 oktyabr 2018-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza zamanı ekspert tərəfindən müəyyən edilmişdir ki, əslində Cavabdeh ASC tərəfindən faktiki icarəyə verilmiş sahə 870,1 kv. metr olduğu halda, icarə müqaviləsində icarəyə verilmiş ümumi sahə 655 kv. metr kimi qeyd edilmişdir. İcarə müqavilələrindəki fərq 215 kv. metrdən ibarətdir. Cəmiyyətə məxsus qeyri-yaşayış sahəsi Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ilə T.Əliyarbəyov və Nizami küçələrinin kəsişməsində yerləşir. Bakı şəhərinin ticarət fəliyyəti üçün ən bahalı və əhalinin hərəkət intensivliyi baxımından ən gur yerində yerləşdiyi üçün hazırda bu ərazidəki obyektlərin 1 kv. metrinin icarə qiyməti 150-200 manat arasında dəyişməkdədir. Həqiqətdə isə Cəmiyyətə məxsus qeyri-yaşayış sahələri real bazar qiymətinə uyğun olmayan qiymətə icarəyə verilmişdir. Bundan əlavə icarəyə verilmiş sahələr arasında heç bir məsafə fərqi olmadığı halda (qeyri-yaşayış sahələrinin arasında 8-10 sm-lik arakəsmə divarı mövcuddur) icarə qiyməti arasında 3-6 dəfə fərq vardır. İcra orqanının rəhbəri tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı səhmdarların ümumi yığıncağı tərəfindən müvafiq qərar veilməli idi. Lakin səhmdarların ümumi yığıncağı belə bir qərar qəbul etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bununla bağlı İddiaçı 27 fevral 2019-cu il tarixdə keçiriləcək səhmdarların ümumi yığıncağında ASC-nin yeni icarə müqavilələrinin bağlanması məsələsini gündəliyə çıxarılmasını təklif etmiş, 27 yanvar 2019-cu ildə və 19 fevral 2019-cu ildə yazılı şəkildə, sifarişli poçt vasitəsi ilə icra orqanının rəhbəri Qənirə Hacıyevaya müraciət edərək öz təkliflərini vermiş və Cəmiyyətin daha çox gəlir əldə etməsi üçün Cəmiyyətə məxsus əmlakın icarəyə verilməsi zamanı bazar qiymətlərinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, təklif etmişdir ki, Cəmiyyətə məxsus qeyri-yaşayış sahələri təsisçisi və direktoru olduğu "xxxx" MMC-yə icarəyə verilsin. Bu məqsədlə Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmaq üçün icarə müqaviləsinin layihəsini də 19 fevral 2019-cu ildə İcra orqanının rəhbəri Qənirə Hacıyevaya təqdim etmişdir. İddiaçı 27 yanvar 2019-cu il tarixli müraciətində Cavabdeh ASC-nin mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahələrinin "xxxx" MMC-yə subicarə hüququ ilə 1-ci mərtəbənin hər kv. metri üçün 75 manat, zirzəmi sahəsinin hər kv. metri üçün 30 manat olmaqla, 3 il müddətinə icarəyə verilməsini təklif etmişdir. 19 fevral 2019-cu il tarixli müraciətində isə qeyd etdiyi təklifin Cavabdeh ASC üçün daha sərfəli olması məqsədi ilə 1-ci mərtəbənin hər kv. metri üçün 90 manat, zirzəmi sahəsinin hər kv. metri üçün 40 manat icarə haqqı təklif etmişdir. Lakin, cəmiyyətin icra orqanının rəhbəri çoxsaylı müraciətlərini nəzərə almamış, heç bir cavab belə verməmişdir. Beləliklə, bir səhmdar olaraq iddiaçının hüquqları Cavabdeh ASC tərəfindən pozulmuşdur. İddiaçı hesab edir ki, cəmiyyətdə şəffaflığın təmin edilməsi, vergilərin tam və düzgün hesablanması, səhmdarlara dividentlərin ödənilməsi məqsədilə icarə obyekti olan daşınmaz əmlaklar hərrac yolu ilə icarəyə verilməlidir. Bu zaman ilk növbədə həmin ərazidə mövcud olan qeyri-yaşayış sahələrinin 1 (bir) kv. metirinin icarə haqqının real bazar qiyməti müəyyən edilməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsnin 10 fevral 2020-ci il tarixli, 2(009)-408/2020 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2(102)-4283/2020 nömrəli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsnin 10 fevral 2020-ci il tarixli, 2(009)-408/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə "X16 MA" MMC arasında bağlanılmış 01 iyun 2021-ci il tarixli, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış 01 yanvar 2021-ci il tarixli, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış 21 may 2021-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi, icarə sahələrinin boşaldılması, Cəmiyyətin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 1 kv. metrinin icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X16 MA” MMC, "xxxx" MMC, "xxxx" MMC və X3, X1, X2, X4, X5, X6, Maraqlı şəxs İldırım oğlu, X8 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşdur. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və izahatında əlavə olaraq göstərdi ki, 01 iyun 2021-ci il tarixdə "İcarəyə verən" qismində "xxxx" ASC "İcarəçi" qismində "X16 MA" MMC ilə ünvan 2 ünvanda yerləşən sahəsi 85 kv.m. olan sahənin aylıq icarə haqqı 5000 manat olmaqla 5 il müddətinə "İcarəçi"yə icarəyə verilməsi barədə, 01.01.2021-ci il tarixdə "İcarəyə verən" qismində "xxxx" ASC "İcarəçi" qismində "xxxx" MMC ilə ünvan 2 ünvanda yerləşən sahəsi 47,4 kv.m. olan sahənin aylıq icarə haqqı 2000 manat olmaqla 2 il müddətinə "İcarəçi"yə icarəyə verilməsi barədə, 21.05.2021-ci il tarixdə "İcarəyə verən" qismində "xxxx" ASC "İcarəçi" qismində "xxxx" MMC ilə ünvan 2 ünvanda yerləşən sahəsi 500 kv.m. olan sahənin aylıq icarə haqqı 7000 manat olmaqla 5 il müddətinə "İcarəçi"yə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışdır. "xxxx" ASC-nin "X16 MA" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə bağladığı icarə müqavilələrindəki qiymətlərə nəzər yetirilsə, məlum olar ki, həmin qeyri-yaşayış sahəsinin 1 kv.metrinin 1 aylıq qiyməti 14, 42 və 58 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan icarə müqavilələri sənəd üzərində real bazar qiymətlərindən qat-qat aşağı qiymətə bağlanmışdır. Reallıqda isə Cavabdeh ASC tərəfindən icarə müqavilələri real bazar qiyməti ilə, hətta bazar qiymətlərindən də artıq qiymətə bağlanmışdır. Belə ki, ekspert rəyləri ilə müəyən olunmuşdur ki, həmin ərazidə icarə obyektlərinin 1 kv.metrinin bazar dəyəri 1 -ci mərtəbə üçün 100 manat və 115 manat məbləğində müəyyən edilmiş, zirzəmi sahəsinin icarə qiyməti 50 manat və 58 manat müəyyən edilmişdir. Bundan əlavə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının icarə müqavilələrinin bağlanılmasına, 1 kv. metr sahənin aylıq icarəsinin minimum məbləğinin müəyyən edilməsinə dair hər-hansı qərarı olmamışdır. Üstəlik icra orqanının rəhbəri öz şəxsi ailə mənafeyini cəmiyyətin mənafeyindən üstün tutaraq icarə sahələrinin bazar qiymətinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsini təşkil etmədən, formal olaraq icarə müqaviləsi bağlamış və bir daha həm səhmdara dividend ödəməmək, həm də dövlər büdcəsinə vergiləri azaltmaq yolunu tutmuşdur. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında heç vaxt şəxsən iştirak etməmiş, dəfələrlə cəmiyyətə qarşı əsassız iddia tələbləri ilə çıxış etmiş, müxtəlif dövlət orqanlarına ASC barəsində həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatları özündə əks etdirən şikayətlər göndərmişdir. İddiaçı hazrıki iddia ərizəsində qeyd olunan məsələlər "xxxx" ASC-nin 27 fevral 2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağının gündəliyinə çıxarılmış, müzakirə edilərək səsə qoyulmuş və rədd edilmişdir. Həmçinin, "xxxx" ASC-də 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə müstəqil audit yoxlaması keçirilmiş və rəydə ASC-nin fəaliyyətinin qanuna uyğun olması təsdiqini tapmışdır. İcarə haqqının bazar qiymətinin müəyyən edilməsi tələbinin isə hüquqi əsası yoxdur. Belə ki, icarə haqqı məbləği icarə müqaviləsinin mühüm şərtini təşkil edərək, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. İcarə müqaviləsinin hərracda bağlanması da mümkün deyil. Belə ki, əmlakın mülkiyyətçisinin, yəni "xxxx" ASC-nin, icarə müqaviləsinin hərracda bağlanması niyyəti yoxdur. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - "xxxx" ASC ilə "X16 MA" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, “İcarəyə verən” - "xxxx" ASC ünvan 2 ünvanda yerləşən sahəsi 85 kv.m. olan sahəsini “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə öz növbəsində həmin sahələri qəbul edib, təyinatı üzrə, yeni geyim əşyalarının və aksesuarların satışı məqsədi ilə istifadə etməyi və icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Aylıq icarə haqqı 5000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə 5 il (2026) müddətinə bağlanmışdır. - "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verilən əmlak ünvan 3 ünvanda yerləşən sahəsi 47,4 kv.m. olan sahədən ibarətdir. Aylıq icarə haqqı 2000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə 2 il (2023) müddətinə bağlanmışdır. - "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 21 may 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, “İcarəyə verən” - "xxxx" ASC ünvan 2 ünvanda yerləşən sahəsi 500 kv.m. olan sahəsini “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə öz növbəsində icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Aylıq icarə haqqı 7000 manat məbləğində müəyyən olunmuş, hər il müqavilə 600 manat dəyərində artırılması müəyyən olunmuşdur. Müqavilə 5 il (2026) müddətinə bağlanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əqdlərin etibarsızlığı” adlanan 14-cü fəslində etibarsız əqdlərin 2 növü fərqləndirilmiş (mübahisə edilən və əhəmiyyətsiz əqdlər), həmçinin, əqdin hansı hallarda əhəmiyyətsiz hesab olunduğu, hansı hallarda ilə mübahisələndirilə bilməsinin mümkünlüyü qeyd olunmuşdur. İşin hallarını nəzərdən keçirərkən görünür ki, hazırkı mübahisə üzrə həmin hallardan hər hansı biri mövcud deyildir. İddia tələbində müqavilələrin etibarsız hesab olunması xahiş edilsə də, yuxarıda qeyd olunan hallardan hər hansı birinə istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən olunmuş və həmin Məcəllənin 390.1-ci maddəsində bu prinsip aşağıdakı kimi ifadə edilmişdir: Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. - 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. İşin halları ilə təsdiq olunur ki, icarə müqavilələrin bağlanması yuxarıda qeyd olunan normaların tələblərinə uyğun həyata keçirilmiş, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məsələlər "xxxx" ASC-nin 27 fevral 2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağının gündəliyinə çıxarılmış, müzakirə edilərək səsə qoyulmuş və rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.3-cü maddəsində əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ "xxxx" ASC-yə məxsus olduğundan icarə müqavilələrini müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlamaq hüququ da ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin tələbi baxımından yanaşıldığı təqdirdə "xxxx" ASC-nin üzərinə müqavilənin hansı qaydada bağlanması öhdəliyinin qoyulması üçün 2 hal mövcud olmalıdır: - müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmalıdır; - müqavilə bağlamaq vəzifəsi könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulmalıdır. Lakin hazırkı mübahisə üzrə bu hallardan hər hansı biri mövcud olmadığından icarə müqavilələrinin etibarsız hesab edilməsi, icarə sahələrinin boşaldılması, Cəmiyyətin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 1 kv. metrinin icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd olunduğundan həmin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icarə müqavilələrinin etibarsız hesab edilməsi, icarə sahələrinin boşaldılması, icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar