Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3608/2021 02.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən “X1 Qaydaları”nın pozulmasına dair tərtib olunmuş 30 noyabr 2020ci il tarixli 197274 nömrəli aktın ləğv olunması, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 11.128 (on bir min yüz iyirmi səkkiz) manat 65 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 30 noyabr 2020-ci il tarixində Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə sahədə yerləşən Ev (Bina): 0243, mənzil 1281-də elektrik enerjisi uçotu və “X1 qaydaları”na (EEİQ) riayət olunmasına dair yoxlama keçirilmiş və bu yoxlamanın nəticəsi olaraq 197274 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən, əraziyə enerji verilişi tam dayandırılmışdır. Əlavə olaraq, "xxxx" ASC-nin bildirişinə əsasən 11.128,65 (on bir min 128) manat 65 qəpik ödənilməmiş borcun olduğu müəyyən edilmişdir. Lakin, tərtib olunan bu akt və bildiriş qanunsuz və əsassızdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşlarının 30 noyabr 2020-ci ildə həmin ünvanda apardıqları yoxlama əsassızdır. Çünki, həmin əməkdaşların heç bir yoxlanış sənədləri olmamış, yoxlanışın düzgün və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə laboratoriya təşkil edilməmişdir və elektrik enerjisi verilməsinin dayandırılması fəaliyyətlərini məhdudlaşdırmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 20 noyabr 2020-ci il tarixli aktda qeyd olunur ki, “abonent bildirçin sexinə sayğacdan kənar xətt çəkmiş və bu xəttin üstü örtülərək qonşuların həyətyanı sahəsindən keçirilərək həmin sexə aparılmışdır”. Belə bir sayğacdan kənar xəttin mövcudluğu ilə əlaqədar irəli sürülən iddia tamamilə əsassızdır. Əgər, həqiqətən də sexə kənar elektrik enerjisi xətti çəkilmiş olsaydı, cavabdeh "xxxx" ASC-nin əməkdaşları həmin xəttə baxış keçirməli, həmin məsələ ilə əlaqədar rəy tərtib etməli və laboratoriya müayinəsi təşkil etməli dilər. Lakin, bütün bunların heç biri həyata keçirilməmiş və qanunsuz akt tərtib olunmuşdur. Cavabdeh təşkilat tərəfindən bildirçin sexinə kənar elektrik enerji xətti çəkilməsi ilə bağlı iddiası heç bir əsasa söykənmir və bununla bağlı heç bir rəy və laboratoiya müayinəsi təşkil edilmədiyi üçün həmin akt qanunsuzdur və bu akt 11.128 manat 56 qəpik borcun hesablanması üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq qeyd etdi ki, tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində də məhkəmə iclasları keçirilərkən qarşı tərəf tərtib edilmiş aktın əsaslı olmasını heç cür əsaslandıra bilməmiş, bunula bağlı məhkəməyə sübut təqdim etməmişdir. Hazırda iddiaçı ona hesablanan elektrik enerjisinə olan borclarını ödədikdə də ödənişlər əsassız yazılmış akta görə hesablanan borca silinir ki, bu da iddiaçının maddi vəziyyətinin ağırlaşması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, məhkəməyə izahatında iddiaçının qanunsuz elektrik xətti çəkdiyini bununla bağlı olaraq ona cərimənin hesablandığını qeyd etmiş iddiaçı barəsində akt tərtib edilərkən video yazılışın aparıldığını lakin həmin video yazılışı tapa bilmədiyi üçün məhkəməyə təqdim edə bilmədiklərini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəlfərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli 197274 saylı aktda İddiaçı adlı abonentə məxsus obyektdə elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunması yoxlanılmış və qeyd olunmuşdur ki, abonent bildirçin sexinə sayğacdan kənar xətt çəkmişdir. Kənar xətt xüsusi olaraq dirəyin içərisindən keçirilməklə 150 metr torpaqla üstü örtülərək qonşuların həyətyanı sahəsindən obyektin içərisinə aparılmışdır. Kənar xəttin markası 4x16 mm2 alüminum “avva” kabelidir. 4 məftilli xətt cüt-cüt birləşdirilmişdir. İddiaçı adlı abonentə "xxxx" ASC tərəfindən verilmiş bildirişdə 11.128,65 manat ödəniləcək qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1” Qaydalarının 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, “X1 Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 30 noyabr 2020-ci il tarixində Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə sahədə yerləşən Ev (Bina): 0243, mənzil 1281-də elektrik enerjisi uçotu və “X1 qaydaları”na (EEİQ) riayət olunmasına dair yoxlama keçirilmiş və bu yoxlamasnın nəticəsi olaraq 197274 nömrəli akt tərtib edilmişdir. İddiaçı aparılan araşdırılmaların və araşdırılma nəticəsində tərtib edilmiş 30 noyabr 2020-ci il tarixli 197274 nömrəli aktın ləğv olunması və hesablanmış 11.128,65 (on bir min yüz iyirmi səkkiz manat altımış beş qəpik) manat məbləğində borcun silinməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən aparılan yoxlamanın əsaslı olması, iddiaçıya məxsus obyektə qanunsuz əlavə xəttin çəkilməsi ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, "xxxx" ASC İddiaçı qanunsuz hesablanmış borcun ödənilməsini tələb edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya borcun hesablanması əsassızdır. Bundan başqa, müəyyən edilir ki, cavabdeh enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə elektrik uçot komplektinə baxış keçirilərkən qanunvericiliyin aşağıda qeyd olunan bir çox tələblərinin pozulduğu müəyyən edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır (Qanun 01.11.2015-ci il tarixdən qüvvəyə minmişdir). 2.1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 3.1-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (29 avqust 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra–yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Beləliklə, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh "xxxx" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “X1 Qaydaları”na (EEİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı-yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normadan bir daha görünür ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh iddiaçının təqsiri ucbatından borcun yaranmasını sübuta yetirə bilmir, tələb olunan borcun yaranma səbəbləri qeyri-müəyyəndir. Bu səbəbdən iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməli və əsassız hesablanmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 30.11.2020-ci il tarixli, 197274 nömrəli akt əsasında İddiaçı hesablanmış 11.128,65 (on bir min yüz iyirmi səkkiz manat, altımış beş qəpik) manat borc silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-3608/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3608/2021
02.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver