Məhkəmə qərarları › İş №2-2(113)-3609/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3609/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3609/2021 04.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdən 149675 manat daşınmaz əmlaka görə, 95000 manat daşınar əmlaka görə, cəmi 244675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 fazi qədərində dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 149675 manat daşınmaz əmlaka görə, 95000 manat daşınar əmlaka görə, cəmi 244675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 fazi qədərində dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Elmi-İstehsalat Şirkəti ilə cavabdeh arasında bağlanmış 23.06.2017-ci il tarixli 041537 saylı müavilə ilə 125000 manat həcmində daşınar, 23.06.2017-ci il tarixli BA seriyalı 772032 saylı müqavilə ilə 279675 manat daşınmaz əmlakına sığorta təminatı almışdır. 02.10.2017-ci il tarixdən başlayaraq Lerik rayonu ərazisində leysan yağışları yağması nəticəsində, Lənkərançay hövzəsində suyun kəskin artması ilə 04.10.2017-ci il tarixdə həmin çayın sahilində yerləşən "xxxx" Elmi-İstehsalat Şirkətinin tabeliyində olan “Meşəbəyi” X2 sel basmış və nəticədə sığortalı əmlaklara ciddi zərər dəymişdir. Sığortalı tərəfindən baş vermiş təbii fəlakət nəticəsində sığortalı əmlaka dəymiş zərərin ödənilməsi üçün cavabdehə dərhal məlumat verilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi üçün cavabdehin, “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyətinə 06.10.2017-ci il tarixli yazılı sifarişi əsasında “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti sığortalı əmlaka baxış keçirərək daşınar və daşınmaz əmlaka dəymiş zərəri qiymətləndirmişdir. Cavabdehin sifarişi əsasında, “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 18.10.2017-ci il tarixli, 1115 saylı rəyə əsasən, baş vermiş sığorta hadisəsi nəticəsində 289401 manat sığortalı daşınar əmlaka, 279675 manat isə daşınmaz əmlaka ziyan dəymişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək sığorta ödənişini sığortalıya tam qaydada ödəməmişdir. Belə ki, cavabdeh sığortalıya, dəymiş zərərə görə 30000 manat daşınar əmlaka, 130000 manat isə daşınmaz əmlaka görə sığorta ödənişi etmişdir. Sığortalı "xxxx" Elmi-İstehsalat Şirkəti “Meşəbəyi” X3 dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı hüquq və tələblərini iddiaçıya güzəşt etmişdir və bu barədə cavabdeh 26.02.2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" Elmi- İstehsalat Şirkətinə məxsus olan “Meşəbəyi” X1 daşınar əmlakına dəymiş zərərə görə sığorta təminatı aldığı 125000 manatdan sığorta şirkətinin ödədiyi 30000 manat çıxılmaqla 95000 manat, daşınmaz əmlaka dəymiş zərər görə isə sığorta təminatı aldığı 279675 manatdan sığorta şirkətinin ödədiyi 130000 manat çıxılmaqla 149675 manat, ümumilikdə 244675 manat dəymiş ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh sığorta ödənişinin ödənilməmiş hissəsini bu günə qədər ödəməmişdir. Ödənilməmiş sığorta ödənişinin yəni, 244675 manatın ödənişinin ödənilmədiyi hər günü üçün həmin məbləğin 0.1 faizi miqdarında dəbbə pulu cavabdehdən tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, mövcud olan sənədlərdən görünür ki, 06.02.2018-ci il tarixində "xxxx" Elmi-İstehsalat Şirkətinin səlahiyyətli nümayəndəsi sığorta aktını imzalamaqla zərərin əvəzinin ödənilməsi üçün hesablanılmış 30 000 manat daşınar əmlak, 130000 manat isə daşınmaz əmlak üzrə sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra "xxxx" Elmi-İstehsalat Şirkəti müəyyənləşdirilmiş qaydada məhkəmədə iddia tələbi irəli sürməmişdir. Yəni qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin axımı başlamışdır. Sığorta müqavilələri üzrə iddia müddəti qanunla üç il müəyyən edilmişdir. Səlahiyyətli şəxs "xxxx" Elmi-İstehsalat Şirkəti 2018-ci ilin fevral ayının 06-da sığorta aktını (əqdi) imzalamaqla sığorta ödənişini almışdır. Düz 3 il 1 ay 4 gün keçəndən sonra, yəni 2021-ci ilin mart ayının 10-da tələb güzəşt olunmuş yeni tələb sahibi İddiaçı iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bununla da sığortalı "xxxx" Elmi-İstehsalat Şirkəti və tələb güzəşt olunmuş İddiaçı sığorta müqavilə tələbləri üzrə 3 il iddia müddətini ötürmüşlər. Sonda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 23.06.2017-ci il tarixli RAZ********** saylı Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzi 23.06.2017-ci il tarixdən 22.06.2018-ci il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 2800 manat olmaqla 279675 manat məbləğində icbari sığorta növü ilə sığortalanmışdır. 23.06.2017-ci il tarixli AZ/041537 saylı Əmlakın yanğından və digər əlavə risklərdən sığortası Şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən daşınar əmlak 23.06.2017-ci il tarixdən 22.06.2018-ci il tarixədək cavabdeh tərəfindən mebel və ticarət avadanlıqları 100.000 manat, ofis texnikası 20.000 manat və digər avadanlıqlar 5000 manat məbləğlərində sığortalanmışdır. 17.08.2018-ci il tarixli 0734 saylı məktubdan görünür ki, cavabdeh tərəfindən 04.10.2017-ci il tarixində Lənkəran-Lerik yolunun 27-ci km-də baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" Elmi-İstehsalat Şirkətinin mülkiyyətində olan daşınar əmlak üzrə 129904 manat, daşınmaz əmlak üzrə 30000 manat, ümumilikdə 159904 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şirkətin təsisçisi Ağayev Əlikram Ataxan oğlu sığorta ödənişi ilə bağlı tərtib olunmuş sığorta aktını qeyd-şərtsiz imzalamışdır. Bununla da sığortalı ödənişin dəymiş zərərin əvəzinin ödənilməsi üçün qəti olmasını, Cavabdeh ASC-nin qeyd olunan zərərə dair heç bir borc və öhdəliyinin qalmamasını təsdiq etmişdir. “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 18.12.2017-ci il tarixli, 1115 saylı rəydən görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 289401 manat müəyyən edilmişdir. 06.02.2018-ci il tarixli protokoldan görünür ki, cavabdeh ilə "xxxx" Elmi-İstehsalat Şirkətinin təsisçisi Ağayev Əlikram Ataxan oğlu daşınar əmlak üzrə 30.000 manat, daşınmaz əmlak üzrə 130.000 manat sığorta ödənişinin ödənilməsinə razılaşmışlar. Protokol "xxxx" Elmi-İstehsalat Şirkətinin təsisçisi Ağayev Əlikram Ataxan oğlu tərəfindən imzalanmışdır. 08.02.2018-ci il tarixli 5918/FL/CFİ-0270/2017-2018 saylı sığorta aktından görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kmdə yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərər 133000 manat müəyyən edilmiş, zərər məbləğindən 2800 manat azadolma və 295,76 manat əlavə sığorta haqqı çıxılaraq, ödəniləcək sığorta ödənişi 129904,24 manat müəyyən edilmişdir. 08.02.2018-ci il tarixli 0051/FL/Fİ-059/2017-2018 saylı sığorta aktından görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 31250 manat müəyyən edilmiş, zərər məbləğindən 1250 manat azadolma məbləği çıxılaraq, ödəniləcək sığorta ödənişi 30.000 manat müəyyən edilmişdir. Bu sığorta aktının 4.2-ci bəndinə əsasən sığortalı təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir və sığortaçının qeyd olunan zərərə dair heç bir borcu və öhdəliyi qalmır. 04.02.2018-ci il tarixli 004 saylı ekspert rəyindən görünür ki, 04.10.2017-ci il tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində "xxxx" Elmi-İstehsalat Şirkətinin Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən yaşayış və ictimai iaşə obyektlərində yerləşən daşınar əmlaklara 31.250 manat məbləğində maddi ziyan dəymişdir. 04.02.2018-ci il tarixli 005 saylı ekspert rəyindən görünür ki, 04.10.2017-ci il tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində "xxxx" Elmi-İstehsalat Şirkətinin Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən restoran şəbəkəsinin tikililərinə 133.000 manat məbləğində maddi ziyan dəymişdir. “Grand Baku” qiymətləndirmə və sığorta ekspertizasının 02.06.2021-ci il tarixli rəyindən görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərər 257793 manat müəyyən edilmişdir. 12.01.2021-ci il tarixli Tələb sahibinin, tələb hüququnun üçüncü şəxsə verməsi barədə müqavilədən görünür ki, "xxxx" Elmi-İstehsalat Şirkəti tərəfindən 04.10.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində, Lerik rayonu, 40 km-də yerləşən, 23.06.2017-ci il tarixdə bağlanmış RAZ********** saylı və 23.06.2017-ci il tarixdə bağlanmış AZ/041537 saylı sığorta şəhadətnamələri ilə "xxxx" açıq səhmdar cəmiyyətində sığorta təminatı almış daşınar və daşınmaz əmlaklara dəymiş zərərin ödənilməmiş hissəsinə dair bütün iddia və tələb hüquqlarını bu müqavilə ilə üçüncü şəxsə, İddiaçı güzəşt edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" Elmi-İstehsalat Şirkəti ilə cavabdeh arasında 23.06.2017-ci il tarixli RAZ********** saylı “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi imzalanmış və həmin müqaviləyə əsasən "xxxx" Elmi-İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzi 23.06.2017-ci il tarixdən 22.06.2018-ci il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 2800 manat olmaqla 279675 manat məbləğində icbari sığorta növü ilə sığortalanmışdır. Eyni zamanda "xxxx" Elmi-İstehsalat Şirkəti ilə cavabdeh arasında 23.06.2017-ci il tarixli AZ/041537 saylı Əmlakın yanğından və digər əlavə risklərdən sığortası Şəhadətnaməsi imzalanmış və həmin müqaviləyə əsasən "xxxx" Elmi- İstehsalat Şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən daşınar əmlak 23.06.2017-ci il tarixdən 22.06.2018-ci il tarixədək cavabdeh tərəfindən mebel və ticarət avadanlıqları 100.000 manat, ofis texnikası 20.000 manat və digər avadanlıqlar 5000 manat məbləğlərində sığortalanmışdır. 04.10.2017-ci il tarixində Lənkəran-Lerik yolunun 27-ci km-də sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi nəticəsində cavabdeh tərəfindən daşınmaz əmlaka dəymiş zərər 133000 manat müəyyən edilmiş, zərər məbləğindən 2800 manat azadolma və 295,76 manat əlavə sığorta haqqı çıxılaraq, ödəniləcək sığorta ödənişi 129904,24 manat müəyyən edilmiş, daşınar əmlaka dəymiş zərər isə 31250 manat müəyyən edilmiş, zərər məbləğindən 1250 manat azadolma məbləği çıxılaraq, ödəniləcək sığorta ödənişi 30.000 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən 2018-ci ilin fevral ayında "xxxx" Elmi-İstehsalat Şirkətinə daşınmaz əmlak üzrə 129904,24 manat, daşınar əmlak üzrə 30000 manat, ümumilikdə 159904,24 manat məbləğində sığorta ödənişi 06.02.2018-ci il tarixdə həyata keçirilmişdir. "xxxx" Elmi- İstehsalat Şirkəti ilə iddiaçı arasında 12.01.2021-ci il tarixli Tələb sahibinin, tələb hüququnun üçüncü şəxsə verməsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" Elmi-İstehsalat Şirkəti tərəfindən 04.10.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində, Lerik rayonu, 40 km-də yerləşən, 23.06.2017-ci il tarixdə bağlanmış RAZ********** saylı və 23.06.2017-ci il tarixdə bağlanmış AZ/041537 saylı sığorta şəhadətnamələri ilə "xxxx" açıq səhmdar cəmiyyətində sığorta təminatı almış daşınar və daşınmaz əmlaklara dəymiş zərərin ödənilməmiş hissəsinə dair bütün iddia və tələb hüquqlarını bu müqavilə ilə üçüncü şəxsə, İddiaçı güzəşt edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, sığorta hadisəsi ilə əlaqədar dəymiş zərərə görə "xxxx" Elmi-İstehsalat Şirkətinə cavabdeh tərəfindən müəyyən olunmuş zərər ödənilmiş, həmin şirkət cavabdeh tərəfindən ödənilmiş sığorta ödənişi ilə razılaşaraq, cavabdehin ona heç bir borcunun və öhdəliyinin qalmadığını təsdiq etmişdir (06.02.2018-ci il tarixli protokol və sığorta aktları). Bundan əlavə, məhkəmə qeyd edir ki, "xxxx" Elmi-İstehsalat Şirkəti ilə cavabdeh arasında 23.06.2017-ci il tarixli RAZ********** saylı və 23.06.2017-ci il tarixli AZ/041537 saylı müqavilələr bağlanmış və hazırki tələbin həmin müqavilələrdən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən bağlanmış müqavilələrə görə "xxxx" Elmi-İstehsalat Şirkətinə sığorta ödənişi 06.02.2018-ci il tarixdə ödənilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. "xxxx" Elmi-İstehsalat Şirkəti 23.06.2017-ci il tarixli RAZ********** saylı və 23.06.2017-ci il tarixli AZ/041537 saylı müqavilələr üzrə tələb hüququnu 12.01.2021-ci il tarixli müqavilə ilə iddiaçıya güzəşt etmiş, iddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 10 mart 2021-ci il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən müddətin axımının kəsilməsinə dair cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, sığorta müqavilələri üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdən 149675 manat daşınmaz əmlaka görə, 95000 manat daşınar əmlaka görə, cəmi 244675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 fazi qədərində dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar