Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3679/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 82.954,75 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində satış xidmətlərinin göstərilməsi haqqında 17/21 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən satış üçün nəzərdə tutulan malları (müxtəlif adda və çeşiddə gübrələr) təhvil alaraq, onların satışını həyata keçirməli idi. Müqaviləyə uyğun olaraq, ona müxtəlif dövrlərdə, müxtəlif adda və çeşiddə gübrələr mallar təhvil verilmişdir. Cavabdeh təhvil aldığı malların dəyərinin tam olaraq vaxtında İddiaçı MMC-yə ödənilməsi üçün məsuliyyət daşısa da, təhvil aldığı malların dəyərindən – 82.954,75 (səksən iki min doqquz yüz əlli dörd manat yetmiş beş qəpik) manat məbləği bu günə kimi ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 17/21 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi satış xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürür.
11. Müqavilə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
14. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə 82.954,75 manat məbləğində borcunun olduğunu etiraf etmişdir.
15. Göründüyü kimi, Cavabdeh üzləşmə aktını imzası ilə təsdiq etməklə qeyd edilmiş dəyərdə malların ona verildiyini və həmçinin də, verilmiş olan mallara görə qeyd edilmiş məbləğdə borcunun olduğunu qəbul etmişdir.
16. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh İddiaçınə 82.954,75 manat qalıq borcu mövcuddur.
17. İddiaçı da, hazırda xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin ödənilməmiş 82.954,75 manat məbləğində borcunu tələb edir.
18. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb olunan borc məbləğinin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
19. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 82.954,75 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Bundan başqa, məhəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 339 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 339 manat məbləğində pul ödənmişdir.
22. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 82.954 (səksən iki min doqquz yüz əlli dörd) manat, 75 (yetmiş beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 339 (üç yüz otuz doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov