Məhkəmə qərarları › İş №2-2(113)-3767/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3767/2021

17.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3767/2021 17.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 12239,56 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5479/2021 nömrəli, 25.06.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə, pretenziya və iddia ərizəsinin cavabdeh tərəfindən almasını təsdiq edən sənədləri aşkar etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmçinin iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş, belə ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respbulikasının Qanunun 1-ci maddəsinə əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs hesab edildiyi göstərilmişdir. Bu isə o dəməkdir ki, şəxs qazı öz şəxsi tələbatı üçün (evdə, bağda) istifadə edirsə o, istehlakçı kimi dövlət rüsumunun ödənilməsindən azaddır, əksinə şəxs öz şəxşi tələbatını ödəmək üçün deyil, sahibkarlıq fəaliyyəti (istixana, mehmanxana, restoran və sair) ilə bağlı qazı istifadə edirsə və bunun nəticəsində qazanc əldə edirsə o, istehlakçı statusuna malik olmadığına görə, dövlət rüsumu ödəməlidir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “borcun silinməsi” tələbi ilə məhkəməyə ərizə ilə deyil, iddia ərizəsi ilə müraciət edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. . İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, məhkəməyə iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət olunmalıdır. Həmçinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə o da izah edilsin ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi və digər), eləcə də iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi və digər), həmçinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair kommersiya mübahisəsi ilə bağlı tələblə dövlət rüsumunun ödənilməsi haqqında sənəd (qəbz) iddia ərizəsinə əlavə edildikdən sonra yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət oluna bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar