Məhkəmə qərarları › İş №2-2(113)-3979/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3979/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3979/2022 17.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil4, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” barədə ilkin iddiası, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün qəbzlərin və ödəniş tapşırıqlarının təqdim edilməsi” barədə qarşılıqlı iddiasına dair kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2021-ci il tarixli ilkin razılaşma müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməsi və ödənilməmiş 360.000 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, eyni zamanda ödənilmiş dövlət rüsumunun və vəkil xidmətinə görə ödənilmiş pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq aldıqları torpaq sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün paket sənədlərə aid qəbzlərin və ödəniş tapşırıqlarının onlara təqdim edilməsi və 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhər İcra Hakimiyyətinin 142 nömrəli xx.xx.20021-ci il tarixli sərəncamı ilə yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış binaların tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massivi, A.Fətullayev- küçəsinin şərq hissəsində yerləşən 0,55 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan sərəncamın icrası ilə bağlı müəyyən işləri görəndən sonra iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə həmin layihənin alğı-satqı razılığına gəlmiş və bununla əlaqədar 20 avqust 2021-ci il tarixdə ilkin razılaşma müqaviləsi bağlanmışdır. X4 predmetini "xxxx" MMC-nin nizamnamə kapitalındakı paylarının alğı-satqısının şərtləndirilməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MMC-nin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Abbas Fətullayev küçəsinin şərq hissəsində yerləşən 0.55 ha torpaq sahəsi və həmin sahədə yaşayış və qeyri yaşayış sahələrinin tikintisinə hüququ verən sənədlərlə birlikdə ümumi dəyəri 1 970 588 (bir milyon doqquz yüz yetmiş min beş yüz səksən səkkiz ) ABŞ dolları təşkil edir. Bu məbləğ alıcı tərəfindən satıcıya müqavilə müəyyən olunan qaydada ödəniləcək. Qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirərək xx.xx.2021-ci il tarixdə 11 saylı notariat kontorunda təsis payının alqı-satqı müqaviləsini bağlayaraq "xxxx" MMC-nin nizamnanə kapitalında tam özünə məxsus olan payın 50 % hissəsini Cavabdeh1, digər 50 % faiz hissəsini isə Cavabdeh2 satmışdır. Lakin, cavabdehlər yuxarıda qeyd olunan müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirməmiş və onların 360.000 (üç yüz altmış min) manat borcları yaranmışdır. Dəfələrlə cavabdehlərə müraciət edib müqavilə üzrə öhdəliklərin icrasını tələb edilsə də, cavabdehlər hər dəfə müəyyən bəhanələr gətirməklə öhdəliklərin icrasını gecikdirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 30 avqust 2021-ci il tarixdə bağlanılan “ilkin razılaşma” müqaviləsinə əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, Abbas Fətullayev küçəsinin şərq hissəsində yerləşən 0.55 ha torpaq sahəsi və həmin sahədə yaşayış və qeyri yaşayış sahələrinin tikintisinə hüquq verən sənədlərlə (sərəncam, layihə ayırıcı aktı, inşaat pasportu və s.) birlikdə almağı ümumi dəyəri 1.970.588 ABŞ dolları ilə 3.350.000 (üç milyon üç yüz əlli min) manata razılaşmışlar. Razılığa əsasən həmin məbləğin 779.558 ABŞ dolları, Azərbaycan manatına 1.325.250 manat təşkil edən hissəsini, alqı- satqı müqaviləsi imzalanana qədər, 20 avqust 2021-ci il tarixdə satıcıya, Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsinin qərb hissəsində 25A ünvanda yerləşən, "xxxx" MTK, "xxxx" MTK və "xxxx" MTK tərəfindən inşa olunmuş cəmi 7 ədəd mənzil verməklə ödənilmişdir. Həmin mənzilləri satıcı Dadaşovun göstərişi əsasında onun tanışı X2 adına keçirilmişdir. Bununla əlaqədar notariusda 20 avqust 2021-ci il tarixdə alqı satqı müqaviləsi bağlamış və müqaviləni hər iki tərəf imzalamışdır. Yerdə qalan 2.024.750 manat borcun isə, 170.000 manatını xx.xx.2021-ci il, 150.000 manatını xx.xx.2021-cil 11.500 manatını xx.xx.2021-ci il, 1.000.000 manatını xx.xx.2021-ci il, 45.000 manatını xx.xx.2021-ci il,104.500 manatını xx.xx.2021-ci il, 200.000 manatını xx.xx.2021-ci il, 20.000 manatını 03.01,2022-cı il və 17.000 manatını isə xx.xx.2022- ci il tarixlərdə, cəmi 1.936.500 manat borc pulunu milli pul vahidi ilə nağd qaydada ödənilmişdir. Bu pulları ödəyərkən 5 nəfər şəxs də iştirak etmişdir. O cümlədən- Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küç.ev. 31 ,mənz. 14-də yaşayan Cavabdeh1, həmin ünvanda yaşayan X10, Nəsimi rayonu, 20 yanvar küç.ev.144, mənzil 22-də yaşayan X7, ünvanı bəlli olmayan X6, Yeni Yasamal 2, ev 3, mənzil 170-də yaşayan X8 və Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küç.ev 27, mənzil 1-də yaşayan X11 da iştirak etmişlər. Eyni zamanda pulları rəsmi qaydada ödənilmiş, hər dəfə ödəyəndə onların nümayəndəsinin iştirakı ilə aktlaşdırılmış və həmin aktlara ayrı-ayrı vaxtlarda satıcının nümayəndələri Anar Ramazanov, Xəyal Quliyev, Kənan Rəhimov və İskəndəzadə Orxan da imza etmişlər. Bu müddət ərzində satıcı İddiaçı və ya satıcı tərəfdən heç bir şəxsin razılaşdırılan qiymətlə əlaqədar heç bir narazılığı və etirazı olmamışdır. Lakin 2021 -ci ilin sentyabr ayında özünü Rəsul Quliyevin qardaşı oğlu kimi qələmə verən Xəyal Quliyev adlı şəxs, yazılı razılaşmada heç bir iştirakı olmayan və alqı-satqı zamanı danışıqlarda iştirak etmədiyi halda hədə-qorxu gələrək dedi ki, bu obyekt onundur və əlavə olaraq 360.000 manat da ödəməlidirlər. Qəti olaraq imtina edib bildirilmişdir ki, yazılı razılıq olub, həmin razılığa əsasən obyekti 1.970.588 ABŞ dollarına, milli pul vahidi ilə 3.335.000 manata razılaşdırılmışdır. Görülən qeyri rəsmi işlərə, çəkilən xərclərlə birlikdə heç bir məbləğdə borc qalmamışdır, əksinə qarşı tərəf öhdəlikləri, yəni paket sənədlərin tam hazırlanması üçün müxtəlif dövlət orqanlarına ödənmiş rüsum pullarının ödəniş çeklərini və digər qəbzləri təqdim etməmiş və hər dəfə aldadır, sonda da deyirlər ki, ödəmə sənədlərini və digər qeyri rəsmi xərclərin qəbzləri verilməyəcək. Qarşı tərəf də razılaşmayaraq, qanunsuz və əsassız olaraq həmin məbləği tələb etməklə məhkəməyə iddia ərizəsi vermişdir. Əlavə olaraq Dadaşov ilkin razılaşmanın 2.3-cü bəndində göstərilən sənədlərin müvafiq qəbzlərini verməkdən bu günədək boyun qaçırmaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə ödəniş qəbzləri və tapşırıqları verilməmişdir. Daha sonra qarşılıqı iddia üzrə iddiaçılar iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsinin rədd edilməsi, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq alınan torpaq sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin tikintisi üçün paket sənədlərə aid qəbzlərin və ödəniş tapşırıqlarının təqdim edilməsi, təqdim edilmədiyi halda cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 150.000 manat məbləğində pul vəsaitinin tutulması, həmçinin 100 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqı iddia üzrə iddiaçılar yenidən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən tikinti işləri ilə əlaqədar ödənilməsini iddia etdiyi 906.000 manat məbləğində pulun bütün ödəniş qəbzlərinin Cavabdeh1 və Cavabdeh2 təqdim edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vurduğu maddi ziyana görə 420.000 manat məbləğində pulun tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ödənilməsi və tərəflər arasında bağlanmış 20 avqust 2021-ci il tarixli “ilkin razılşma” nın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan: İddiaçı “satıcı” Cavabdeh1 və Cavabdeh2 “alıcı” olmaqla imzalanmış 20 avqust 2021-ci il tarixli ilkin razılaşma müqaviləsinə əsasən razılaşmanın predmetini "xxxx" MMCnin nizamnamə kapitalındakı payların alğı-satqısının şərtləndirilməsi təşkil edir. 1.2-ci bəndə əsasən əsasən "xxxx" MMC-nin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Abbas Fətullayev küçəsinin şərq hissəsində yerləşən 0.55 ha torpaq sahəsi və həmin sahədə yaşayış və qeyri yaşayış sahələrinin tikintisinə hüququ verən sənədlərlə birlikdə ümumi dəyəri 1 970 588 (bir milyon doqquz yüz yetmiş min beş yüz səksən səkkiz ) ABŞ dolları təşkil edir. Bu məbləğ alıcı tərəfindən satıcıya müqavilə müəyyən olunan qaydada ödəniləcək. İddiaçı, X3 “təhvil verən” Cavabdeh1 və Cavabdeh2 “təhvil alan” olmaqla imzalanmış 20 avqust 2021-ci il tarixli təhvil-təslim aktında qeyd olunan sənədlər təhvil-təslim olunmuşdur. İddiaçı və Cavabdeh1 arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən "xxxx" MMC-nə məxsus möhür İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 14 iyun 2021-ci il tarixli 142 nömrəli sərəncamına əsasən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Abbas Fətullayev küçəsinin şərq hissəsində yerləşən 0.55 ha torpaq sahəsinin yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" MMCnin icarə əsasənda istifadəsinə verilməsi ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 01.12.017-ci il tarixli, 563 nömrəli sərəncamı, xx.xx.2018-ci il tarixli, 13349 nömrəli inşaat pasportu və aparılmış müvfiq sənədləşmə işləri eyni məqsədlər üçün "xxxx" MMC-nin adına rəsmiləşdirilsin. xx.xx.2021-ci il tarixli təsis payının alqı satqısı müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalında olan ona məxsus 100% təşkil edən payının 50% hissəsini 5 manata Cavabdeh1 və Cavabdeh2 satmışdır. 16 sentyabr 2021-ci il tarixli akta əsasən Cavabdeh1 və İskəndərov Fərhad tərəfindən Rəhimov Kənan və İsgəndərzadə Orxana 170.000 manat, 15 oktyabr 2021-ci il tarixli akta əsasən Cavabdeh1 və İskəndərov Fərhad tərəfindən Rəhimov Kənana 150.000 manat, 23 oktyabr 2021-ci il tarixli akta əsasən Cavabdeh1 və Rafiq Qocayev tərəfindən Xəyal Quliyevə 50.000 manat, 18 noyabr 2021-ci il tarixli akta əsasən Cavabdeh1 və Rafiq Qocayev tərəfindən Xəyal Quliyevə 1.000.000 manat, 22 noyabr 2021-ci il tarixli akta əsasən Cavabdeh1 və Rafiq Qocayev tərəfindən Xəyal Quliyevə 25.000 manat, 13 dekabr 2021-ci il tarixli akta əsasən Cavabdeh1 tərəfindən Kənan Rəhimov və Anar Ramazanova 104.500 manat, 19 dekabr 2021-ci il tarixli akta əsasən Rafiq Qocayev tərəfindən Kənan Rəhimov və Anar Ramazanova 200.000 manat, 03 yanvar 2022-ci il tarixində Məmmədov Xalid tərəfindən Anar Ramazanov və Rafiq Qocayevə 200.000 manat təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4 maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci madəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçı iddia tələbini tərəflər arasında imzalanmış ilkin razılaşma müqaviləsi əsasında irəli sürmüşdür. Qeyd olunan müqavilənin 2.1-ci bəndində “tərəflər” "xxxx" MMC-nin paylarının alğı satqı müqaviləsi imzalanana qədər “alıcı” Cavabdeh1 və N.Məmmədəov “satıcı”ya – İddiaçı 779.558 ABŞ Dolları dəyərində mənzillər verməyi və "xxxx" MMC-nin paylarının alğı-satqı müqaviləsi imzalanandan sonra “alıcı” “satıcı”ya iki ay ərzində hər ay iki bərabər hissəyə bölünməklə ümumilikdə 1.191.030 ABŞ Dolları pul məbləğini ödəyəcəkləri barədə razılığa gəlmişlər.1.2-ci bəndə əsasən "xxxx" MMC-nin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Abbas Fətullayev küçəsinin şərq hissəsində yerləşən 0.55 ha torpaq sahəsi və həmin sahədə yaşayış və qeyri yaşayış sahələrinin tikintisinə hüququ verən sənədlərlə birlikdə ümumi dəyəri 1 970 588 (bir milyon doqquz yüz yetmiş min beş yüz səksən səkkiz) ABŞ dolları təşkil edir və bu məbləğ alıcı tərəfindən satıcıya müqavilə müəyyən olunan qaydada ödənilməsi müəyyən olunmuşdur. Müqavilənin 2.2 və 2.3-cü bəndinə əsasən tərəflər "xxxx" MMC-nin paylarının alğı-satqı müqaviləsi imzalanana qədər “alıcı” ünvan 4 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş birinci blokun 4-cü mərtəbədə ümumi sahəsi 111,0 kv.m olan 16 saylı 2 otaqlı təmirsiz mənzil; 10-cü mərtəbədə yerləşən ümumi sahəsi 135.5 kv.m olan 57 saylı, 3 otaqlı tam təmirli mənzili; 12cı mərtəbədə yerləşən ümumi sahəsi 135,5 kv.m olan 71 saylı, 3 otaqlı tam təmirli mənzil; 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 111. kv.m olan 72 saylı, 2 otaqlı tam təmirli mənzili, "xxxx" MTK tərəfindən inşa olunmuş 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 84 kv.m olan 21 saylı, 2 otaqlı tam təmirli mənzili; 14-cü mərtəbədə yerləşən umumi sahəsi 96 kv.m olan 107 saylj, 2 otaqlı tam təmirli mənzili; 15-ci mərtəbədə yerləşən ümumi sahəsi 84 kv.m olan 116 saylı, 2 otaqlı tam təmirli mənzili və "xxxx" MTK tərəfindən inşa olunmuş 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 148.7 kv.m olan 24 saylı, 4 otaqlı tam təmirli mənzili İddiaçı göstərişi ilə X1 adına rəsmiləşdirilməsi və "xxxx" MMC-nin paylarının alğı-satqı müqaviləsi imzalandıqdan sonra “satıcı” Bakı şəhər İcra Hakimiyyətinin 563 №-lı xx.xx.2017-cı il tarixli Sərəncamından irəli gələn hüquqları təsdiq edən aşağıda sadalanan sənədləri “allcı”-ya təhvil-təslim verməyi üzərilərinə öhdəlik götümüşlər. xx.xx.2021-ci il tarixdə tərəflər arasında "xxxx" MMC-nin təsis payının alğısatqısı müqaviləsi imzalanmışdır. Hazırda hər iki tərəf imzalanmış ilkin razılaşma müqaviləsini mübahisələndirir. Göründüyü kimi tərəflər ilkin razılaşma haqqında müqaviləni əsas müqavilə üçün nəzərdə tutulmuş formada notariat qaydasında təsdiqlənməklə bağlamamış, bununla da müqavilənin forma tələblərinə riayət etməmişlər. Qanunvericiliyin tələbindən göründüyü kimi ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur və etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Beləliklə məhkəmə hesab edir ki, 20 avqust 2021-ci il tarixli ilkin razılaşma müqaviləsi əhəmiyyətsiz əqd olduğundan və hüquqi nəticələrə səbəb olmadığından, ilkin iddia tələbi - 20 avqust 2021-ci il tarixli ilkin razılaşma müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməsi və ödənilməmiş 360.000 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması rədd edilməlidir. Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən tikinti işləri ilə əlaqədar ödənilməsini iddia etdiyi 906 000 (doqquz yüz altı min) manat məbləğində pulun bütün ödəniş qəbzlərinin Cavabdeh1 və Cavabdeh2 təqdim edilməsi, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı vurduğu maddi ziyana görə 420 000 (dörd yüz iyirmi min) manat məbləğində pulun tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ödənilməsi və tərəflər arasında bağlanmış 20 avqust 2021-ci il tarixli “ilkin razılaşma”nın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddia tələbinin 906 000 (doqquz yüz altı min) manat məbləğində pulun ödəniş qəbzlərinin təqdim edilməsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı layihəni satarkən tikinti işləri ilə əlaqədar 906 000 manat pul ödədiyini iddia etmiş, sonra bu qəbzləri təqdim etməmişdir. Məhkəmə tərəfindən qarşılıqlı cavabdehin belə bir öhdəliyinin yaranması əsası müəyyən edilmədiyindən hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı vurduğu maddi ziyana görə 420 000 (dörd yüz iyirmi min) manat məbləğində pulun tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar onlara vurulmuş maddi zərəri əsaslandırmamış, qeyd olunan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci madəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tərəflər arasında imzalanmış ilkin razılaşma müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir . Qeyd edilən əqdə əsaslanan ilkin iddia tələbinin əqdin əhəmiyyətsiz əqd olunması əsası ilə rədd edilməsi və əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqd olması nəzərə alınaraq qarşılıqlı iddiaçıya əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin rədd edildiyini nəzərədə alaraq hesab edir ki, ilkin iddia tələbində qeyd edilən vəkil xidmətinə görə ödənilmiş vəsait iddiaçının özünə, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin hər birinə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” barədə ilkin iddiası, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün qəbzlərin və ödəniş tapşırıqlarının təqdim edilməsi və ilkin müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar