Məhkəmə qərarları › İş №2-2(113)-3991/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3991/2021

09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3991/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, X1 katibliyini, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş materiallarını Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən A510763466M83934 nömrəli sayğaca əsassız olaraq hesablanmış 3015,98 manat məbləğində borcun "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(006)- 4092/2021 saylı qərardadına əsasən, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı tələbi sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik enerjisindən istifadədən irəli gələn komersiya mübahisəsidir, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə hüquqi şəxs olduğu üçün işə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(006)- 4092/2021 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Qərardadda hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması qeyd edilsə də, işdə iştirak edən şəxslərin subyektiv tərkibi tam araşdırılmamışdır. Belə ki, iş üzrə iddiaçı olan İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs deyil, həmçinin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə VÖEN sahibi də deyildir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı da sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və adına VÖEN olmadığını bildirmişdir. Məhkəmə qeyd olunan halı araşdırıraq qeyd edir ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə elektron sistem” vasitəsilə araşdırma aparılmış və iddiaçının VÖEN sahibi olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, İddianın həmin çəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar