Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4060/2021 27.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi ona hesablanmış 231.41 sayğac dəyərinin və 01.04.2021-ci il tarixli akta görə 662,58 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov ünvanında yerləşən “Kafe Park” adlı qeyri-yaşayış sahəsini icarəyə götürərək fəaliyyət göstərir. Həmin qeyri-yaşayış obyektinin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. 01.04.2021-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları Məməmədov A. Və Yusifov E. İcarəsində olan obyetə gələrək heç bir əsas olmadan ona akt tərtib etdiklərini bildirmişlər. O, həmin aktla razı olmadığından Azərbaycan Respublikası Energetika Nazirliyinin qaynar xəttinə zəng vuraraq etirazını bildirmiş və onun etirazı əsasında araşdırma aparılaraq 16.05.2021-ci il tarixli AERA-20-20-20-1746/21 bsaylı cavab məktubuna əsasən ona bildirilmişdir ki. “AR NK-nın 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.10-cu bəndi baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər bir kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq 2 dolaqlı transformatorlar üçün 1.03 və 3 dolaqlı transformatorlar üçün 1.05 yüksəldici əmsala vurulur. Bu halda baş transfrmatorlardakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir. Hesablaşma elektrik sayöacını göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloki sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Abonent haqqında cədvəlin təhlili zamanı məlum olur ki, hər ay istehlakçıya təqdim edilmiş elektrik enerjisinə görə hesab tam ödənilmişdir. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə sasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Araşdırma zamanı aydın olub ki, 93.41 və 138 manat olmaqla ümumi 231.41 manat sayğac dəyəri abonent hesabına daxil edilmişdir. Bundan başqa, akta əsasən ona 662.58 manat artıq borc hesablanmışdır ki, AR Energetika Nazirliyinin cavab məktubundan görünür ki, onun deyil, müəssisənin öz səhvi hesabına süni borc yaradılmışdır ki, həmin borc onun tərəfindən ödənilməli deyil. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarəyə götürdüyü obyekt əvvəllər X2 məxsus olmuş, cavabdehlə də müqavilə məhz onunla bağlanmış, daha sonra obyekt 2018-ci il tarixdə X3 adına rəsmiləşdirilmiş, lakin R.Hüseynov, cavabdehlə müqavilə bağlamamışdır. Hazırda o, həmin qeyri-yaşayış sahəsinin icarəyə götürmüşdür, hər ay da elektrik enerjisinə görə hesablanmış borc onun tərəfindən ödənilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edib iddia tələbinin rədd edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin obyekt barəsində cavabdehlə müqavilə 2012-ci il tarixdə X4 arasında bağlanmış, (lakin hazırda həmin müqaviləni təqdim edə bilmir), tərəflərindən hesab fakturalar da hər ay H.Mehtiyevin adına göndərilir. Obyekt icarəyə iddiaçı tərəfindən götürülsə də, o, icarə müqaviləsi bağlanmazdan əvvəl həmin obyektin kommunal xidmətlərə görə yaranmış borcları barədə məlumat almalı idi. Hazırda həmin borcun mübahisələndirilməsinin hər hansı əsası yoxdur. Bundan əlavə, “Elektrik enerjisindən istifadə” Qaydalarına əsasən sayğacın dəyəri fərdi sahibkar tərəfindən ödənilməlidir. Sübutların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş 01 aprel 2021-ci il tarixli 009081 nömrəli aktdan görünür ki, 76987676 nömrəli sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, güc transformatorunda yaranan texniki itki qarşılıqlı hesabatda nəzərə alınmamışdır. Ölçmə zamanı xətdən axan yükləri İa=11A, İb=22A, İc=15A, Pfan=Psay=10,5. Qoyulmuş güc sayğacın nominal cərəyanına görə Pqoy=66 mt təşkil edir. (Güc transformatorunda yaranan texniki itki qarşılıqlı hesabatda nəzərə alınsın). Cavabdeh tərəfindən verilmiş 08.04.2021-ci il tarixli ********* saylı hesab ödəniş vərəqəsindən görünür ki, X2 məxsus gül mağazasının 662,58 manat elektrik enerjisindən istifadəyə görə borcu vardır. Cavabdeh tərəfindən verilmiş 13.04.2021-ci il tarixli ********* saylı hesab ödəniş vərəqəsindən görünür ki, X2 məxsus gül mağazasının 985,50 manat elektrik enerjisindən istifadəyə görə borcu vardır. Cavabdeh tərəfindən verilmiş 13.08.2021-ci il tarixli ********* saylı hesab ödəniş vərəqəsindən görünür ki, X2 məxsus gül mağazasının 1294,11 manat elektrik enerjisindən istifadəyə görə borcu vardır. X5 ilə İddiaçı arasında bağlanmış 16.09.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, icarəyə verən (R.Hüseynov) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini iddiaçıya (icarəçi) icarəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası X3 adına rəsmiləşdirilmişdir. "xxxx" ASC ilə Gül mağazası şəxsində X4 arasında bağlanmış 26.08.2021-ci il tarixli 164621 saylı enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Müqavilənin 12-ci bəndinin 2-ci abzasına əsasən hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin abonentin üzərinə düşür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 4.1-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci maddəsinə əsaəsn dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.13-cü maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi cavabdeh ilə X4 arasında bağlanmış, həmin müqavilə hazırda da qüvvədədir. Materiallarda olan istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün hesab ödəniş vərəqələrindən də göründüyü kimi, həmin hesab fakturalar H.Mehtiyevin adına tərtib edilərək hər ay abonentə təqdim edilir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, o, elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin tərəfi deyil, müqavilə üçüncü şəxs kimi onun xeyrinə bağlanmamışdır. Bunun nəticəsi olaraq cavabdehin həmin müqavilə üzrə iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Bundan əlavə, qüvvədə olan mülki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №2-2(113)-4060/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4060/2021
27.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver