Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4065/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2, İddiaçı MMMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 1229 (min iki yüz iyirmi doqquz) manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (MMMC) Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 8B,476-479-cu məhəllə m 87 saylı yaşayış binasının idarəedicisidir. İddiaçının balansında yaşayış binasının liftləri və su nasosxanası mövcuddur.16.06.2021-ci il tarixində cavabdeh “Azərişıq" ASC-nin Yasamal Rayon Enerji Satışı İdarəsinin (RETSİ) nümayəndələri həmin binanın sayğacına baxış keçirmişlər və guya çıxarılmış sayğacın dövlət möhürünün olmaması, alt menyusunda olan sayğac nömrəsinin üst qapaq nömrəsi ilə uyğun gəlməməsi müəyyən etmişlər. Cavabdehin əməkdaşları bu barədə əsassız NDQ Ns 009737 saylı və 219281 saylı 17.06.2021-ci il tarixli Aktlar və 219259 saylı 18.06.2021-ci il tarixli Protokol tərtib etmişlər.Əsassız tərtib edilmiş və iddiaçının nümayəndələrinin imzası olan sənədlər nəticəsində cavabdehin əməkdaşları yenidən hesablaşma apararaq iddiaçıya 26.06.2021-ci il tarixinə 1546,43 manat məbləğində borc hesablamış və bu barədə Xəbərdarlıq göndərmişlər. Xəbərdarlıqda hesablanan borc məbləğinin 318,15 AZN binanın enerji sərfiyyatı xərcidir. Xəbərdarlıqda borc 3 gün ərzində ödənilməzsə yaşayış binasına verilən enerjinin kəsilməsi barədə xəbərdarlıq edilmişdir.Halbuki, iddiaçının cavabdehə hər hansı borcu yoxdur, sonuncu dəfə cavabdeh tərəfindən hesablanmış 26.06.2021-ci il tarixli 318,15 AZN məbləğdə borc, iddiaçı tərəfindən 28.06.2021-ci il tarixində tam olaraq ödənilmişdir (ödəniş qəbzləri əlavə olunur). Cavabdehin nümayəndələrinin bildirdiyinə görə Xəbərdarlıqla iddiaçıya tətbiq edilmiş 1229 AZN manat cərimə məbləğidir.Qeyd olunan yaşayış binasının idarəedilməsi 2019-cu ildə "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmiş, 2019-cu ildə təhvil-təslim zamanı cavabdehin nümayəndələri yaşayış binasının, o cümlədən binanın sayğacına baxış keçirmişlər və heç bir qüsur olmadığı üçün həmin sayğacları "xxxx" MTK -nın adından İddiaçı MMMC-nin adına keçirmişlər.Bundan başqa, cavabdehin ərazi nümayəndələri 2019-cu ildən sonrakı zamanlarda vaxtaşırı dəyişdiyi üçün yaşayış binasının, o cümlədən binanın sayğacına baxış keçirilərək, onlar əvvəlki ərazi nümayəndəsindən yeni ərazi nümayəndəsinə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Bu cür təhvil-təslimlər zamanı iddiaçıya məxsus sayğacda hər hansı qüsur aşkarlanmamışdır. işin faktiki halları və əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur:iddiaçı vaxtı-vaxtında cavabdehə olan enerji borcunu ödəmiş və onun cavabdehə hər hansı borcu olmamışdır; cavabdeh 2019-cu ildə binanın idarədiciləri dəyişən vaxtlarda iddiaçıya məxsus sayğaclara baxış keçirmiş, onları yoxlamış, sayğaclarda hər hansı qüsur olmadığı üçün həmin sayğacları binanın idarəçilərinin adlarından təhvil-təslim etmiş və addan-ada keçirmişdir;2019-2021 -ci illərdə cavabdehin ərazi nümayəndələrinin dəyişdiyi vaxtlarda cavabdehin ərazi nümayəndələri iddiaçıya məxsus sayğaclara baxış keçirmişlər, onları yoxlamışlar, sayğaclarda hər hansı qüsur olmadığı üçün həmin sayğacları ərazi nümayəndələrinin adlarından təhvil-təslim etmiş və keçmiş ərazi nümayəndəsinin adından yeni ərazi nümayəndəsinin adma keçirmişlər;Bu səbəbdən də, hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş aktlar və protokol əsassız və qanunsuzdur və iddiaçıya hesablanmış əsassız borc (cərimə) silinməlidir.Binanın liftləri yay aylarında daha çox istismar edilir və binanın sərnişin liftinin birində texniki nasazlıq olduğu üçün fəaliyyəti uzun müddətdir ki, dayandırılıb.İddiaçı tərəfindən sayğaca müdaxilə etmək zərurəti yaransaydı, iddiaçı ilin 5 ayı daha çox fəaliyyət göstərən dövrdə və eyni zamanda liftləri hər ikisinin fəaliyyət göstərdiyi vaxtda binanın sayğacına müdaxilə edərdi, hal-hazırda işləməyən sərnişin liftinə görə sərfiyyatın aşağı düşdüyü dövrdə deyil. Çünki, qüsurun (sayğacın açılması, daxili sxemə müdaxilə edilməsi v.s.) iddiaçının faydalanmaq niyyəti ilə baş verməsini ehtiva edir, liftin işləmədiyi dövrdə isə hər hansı fayda istisna olunur. Beləliklə, cavabdehin tərtib etdiyi aktları və protokolları əsassız olmaqla, həmçinin məntiqsizdir. Cavabdehin tərtib etdiyi sənədlər və borc (cərimə) əsassız olmaqla yanaşı həmçinin də qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 12.04.2019-cu il tarixli 1119-MM6-0117 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışının surətindən görünür ki, İddiaçı qeydiyyata alınmışdır. İş materiallarında olan 17.06.2021 tarixli 009737 saylı akta əsasən 04/12-87 saylı abunə kodu üzrə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 8B, 476-479-cu məhəllə, m 87 saylı yaşayış binasına baxış zamanı MTK-nın daxilində quraşdırılmış elektrik sayğacının dövlət və alt qapaq möhürlərində möhürün alt yuva hissəsində və möhürün iç hissəsində zədə və iç cızıq izlərinin olması, sayğacın üzərində 3534 kvt müəyyən olunmuşdur. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli icra vərəqindən görünür ki, 17.06.2021 tarixli 009737 saylı akta əsasən zərərin məbləği 1065,54 manat müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin müəyyən edilmiş halından görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğdən 1065,54 manat hissəsi 17.06.2021 tarixli 009737 saylı yoxlama aktına əsasən hesablanmış olan məbləğ, qalan hissəsi isə elektrik enerjisindən adi istifadə üzrə yaranmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən 04/12-87 saylı abunə kodu üzrə 17.06.2021 tarixli 009737 saylı akta əsasən İddiaçınə hesablanmış 1065,54 (min altmış beş manat əlli dörd qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-4065/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4065/2021
23.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver