Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-413/2023 17.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan ” xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilənin və onunla bağlı yaranan nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzillə bağlı ödəmə terminalı vasitəsilə 059466 Abunəçi kodu üzrə su təchizatı ilə əlaqədar ödəmə edən zaman 3.524 manat borcun olduğu məlum olmuşdur. Bununla əlaqədar tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir. ASC yaranan borcun aralarında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan ”xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilə ilə bağlı olduğunu bildirmişdir. Cavabdeh orqana onun tərəfindən belə bir müqavilə bağlanmadığı, müqavilədən xəbərdar olmadığı bildirilmiş və müqavilənin surətinin ona təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən ona təqdim edilən müqavilədən görünür ki, həmin müqavilə saxta olmaqla qanunsuz tərtib edilmişdir. Belə ki, 2 səhifədən ibarət müqavilənin sonuncu səhifəsində tərəflərin imza qrafasında qarşı tərəfin imzası olsa da, tərəfindən imza icra edilməmiş, həmin müqavilə üzrə borc öhdəliyi müəyyən edilib. Tərtib edilmiş müqaviləyə qanunsuz olaraq, xəbəri olmadan barəsində əldə edilmiş anket məlumatları müqaviləyə əlavə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin 2(102)-5871/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə Bakı Kommersiya Məhkəməsində baxılarkən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi C.Quluzadə verilmiş suallara cavab olaraq tərəflər arasında başqa yazılı müqavilənin mövcud olmadığını, müvafiq sahədə sudan istifadə faktının mövcud olduğunu, bu səbəbdən sudan istifadə hesabatı aparıldığını, borunun en kəsiyinə uyğun olaraq hesablama aparıldığını, Cavabdeh ASC-də mübahisə predmeti olan əmlak qeyriyaşayış sahəsi kimi qeydə alındığını, əmlakın qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması üçün əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC ilə İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət –içməli və istehsalat məqsədli suyun təchizatı,, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. 2.1-ci bəndinə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1m3 xammal suya görə hesablaşma ƏDV ilə _____manat, digər məqsədlərlə istifadəyə görə 1m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilən 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müqabilində aparılır. 6.1-ci bəndinə görə müqavilə xx.xx.2021-ci ildən qüvvəyə minir. 6.2-ci bəndinə görə müqavilə xx.xx.2024-cü ilədək qüvvədədir. Müqavilə Cavabdeh ASC-nin adından imzalanmış və möhürlənmiş, istehlakçı tərəfindən isə imzalanmamışdır. - İddiaçı abonent haqqında məlumatlarından görünür ki, 2021-ci ilin iyun ayından 2021-ci ilin dekabr (dekabr ayı daxil) ayınadək abonentə tullantı sularının axıdılmasına görə hesablanmış borc cəmi 2.408 manat və 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun (iyun ayı daxil) ayınadək abonentə tullantı sularının axıdılmasına görə hesablanmış borc cəmi 1.812 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Belə ki, İddiaçı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin içməli su ilə təchiz edilməsi və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə dair Cavabdeh ASC ilə müqavilə bağlamadığını, sonradan həmin mənzilə dair onunla Cavabdeh ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilənin mövcud olmasından xəbər tutduğunu, həmin müqavilənin tərəfindən imzalanmadığını əsas göstərərək Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilənin və onun doğurduğu nəticələrin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli müqavilə Cavabdeh ASC-nin adından imzalansa və üzərinə möhür vurulsa da, istehlakçı İddiaçı adından imzalanmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-ci maddəsinə görə bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-cu maddəsinə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 405.1-ci maddəsi Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Sözügedən normaların məzmunundan da göründüyü kimi tərəflər arasında müqavilənin bağlanması üçün ilk növbədə ikitərəfli və ya daha çoxtərəfli iradə ifadəsinin mövcudluğu tələb olunur. Belə bir iradə ifadəsi mövcud olmadığı halda müvafiq müqavilə bağlanmış hesab edilə bilməz. Əqdin bağlanmasına dair tərəflərin iradə ifadəsinin mövcud olmadığı bağlanmamış əqddən fərqli olaraq etibarsız əqdlərdə tərəflər arasında müqavilənin mühüm şərtləri barədə razılaşma, yəni əqdin bağlanmasına tərəflərin iradə ifadəsi mövcud olur, yəni həmin əqd bağlanır. Lakin etibarsız əqdlərin bağlanması zamanı tərəflərin iradə ifadəsi mövcud olsa da, həmin iradə ifadəsi ya qüsurlu olur, yəni iradə ifadəsi ilə həqiqi iradə arasında vəhdət pozulur və ya əqdin etibarlılığının digər şərtlərindən hər hansı birinə (əqdin subyekt tərkibinə, əqdin məzmununa və əqdin formasına dair şərtlərə) riayət olunmur. Hazırkı halda İddiaçı mübahisəli müqavilənin etibarsız hesab edilməsinə dair tələbinə əsas kimi müqavilənin onun tərəfindən imzalanmamasına və onun həmin müqavilənin mövcudluğundan məlumatlı olmamasına, yəni faktiki olaraq müqavilənin bağlanmasına dair iradə ifadəsinin mövcud olmamasına istinad etmişdir ki, göstərilən hal (tərəfin əqdin və ya onun müvafiq hissəsinin bağlanmasına dair iradəsini başqa formada ifadə etmədiyi halda) müqavilənin etibarsız hesab edilməsi üçün deyil, bağlanmamış hesab edilməsi üçün əsas qismində çıxış edə bilər. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, mübahisəli müqavilənin İddiaçı tərəfindən imzalanmaması tərəflər arasında mübahisəli mənzilin içməli su və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair müqavilənin yazılı formada bağlanmamasına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Hazırkı halda qanunda və ya tərəflərin razılaşmasında müvafiq müqavilənin yazılı formada bağlanmalı olması nəzərdə tutulmadığından yazılı formaya riayət edilməməsi müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir. Məhkəmə həmçinin qeyd edir ki, Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin normanın məzmunundan da görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi onunla müvafiq idarə arasında yazılı müqavilənin mövcud olub-olmamasından asılı olmayaraq yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi daşıyır. Bununla yanaşı iddianın əqdin nəticələrinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, birincisi, qanunvericilikdə “əqdin nəticələrinin etibarsızlığı” anlayışı yer almamışdır. Qanunvericiliyin tələblərinə görə əqd etibarsız hesab edildikdə əqd icra edildiyi halda həmin əqdin etibarsızlığının nəticələri tətbiq edilə bilər ki, hazırkı halda əqd etibarsız hesab edilmədiyindən həmin müqaviləyə münasibətdə əqdin etibarsızlığının nəticələrinin tətbiqi də mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilənin və onun doğurduğu nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə əhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilməsi ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-413/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-413/2023
17.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver