Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4154/2022 16.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, 850-ci keçid ünvanındakı ona məxsus fərdi evin həyətindəki taxta sexində quraşdırılmış, A101042592M205503 saylı elektrik sayğacında 27.331 kvt elektrik enerjisi sərfiyyatına görə xx.xx.2011-ci il tarixində tərtib edilmiş akta əsasən "xxxx" ASC tərəfindən ona yazılmış 1639.89 manat pulun və 535.35 manat cərimə məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(010)- 2613/2022 saylı qərardadına əsasən, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respubliksı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi uçotuna alınmış, adına VÖEN-i olan vergi ödəyicisidir və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bundan başqa, iddiaçı iddia ərizəsində ona məxsus olan fərdi yaşayış evinin həyətindəki “taxta sexində” quraşdırılmış elektik sayğacı üzrə hesablanmış borc və cərimənin silinməsini xahiş etmişdir ki, həmin sayğac üzrə verilmiş abunə haqqında məlumatdan çıxarışda da abonentin adının qarşısında “taxta sexi” qeyd edilmişdir. Hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(010)- 2613/2022 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26-cı maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndinə istinad etmişdir. İş Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata götürülmüş və iş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, vergi ödəyicisi kimi uçota alınması üçün vergi orqanına müraciət etməyib, vergi ödəyicisi kimi heç vaxt uçota alınmayıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Qərardadda hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması qeyd edilsə də, işdə iştirak edən şəxslərin subyektiv tərkibi tam araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı olan İddiaçı adına "xxxx" ASC-də sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs kimi abonent kodu verilsə də, qeyd edilən hal onun sahibkar statusu olması anlamına gəlmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi idarəsi “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat”lardan görünür ki, İddiaçı adlı şəxsə məxsus ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) var. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, ********** saylı VÖEN-nin məxsus olduğu şəxsin şəxsiyyət vəsiqəsinin FİN nömrəsi 5DKK3Z1-dir. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı şəxsiyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx, doğulduğu tarix və yer xx.xx.1965-ci il Balakən rayonu, Qullar kəndidir. Elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, İddiaçı adına sahib olan 2 ayrı-ayrı fiziki şəxsə məxsus aktiv şəxsiyyət vəsiqəsi var. Həmin şəxsiyyət vəsiqələrindən biri hazırki iş üzrə iddiaçı olan İddiaçı (FİN nömrəsi xxxxxxx, doğulduğu tarix və yer xx.xx.1965-ci il Balakən rayonu, Qullar kəndi), digəri isə eyni ad soyad ata adına sahib olan digər fiziki şəxsə (şəxsiyət vəsiqəsinin FİN nömrəsi 5DKK3Z1, doğulduğu tarix və yer xx.xx.1965-ci il Balakən rayonu, Qullar kəndi) məxsusdur. Bundan başqa hazırki iş üzrə iddiaçının vergi məlumatları elektron məhkəmə informasiya sistemindən sorğulandıqda vergi məlumatlarının tapılmadığı görünür. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə eyni ad, soyad, ata adına sahib olan başqa fiziki şəxs (FİN nömrəsi 5DKK3Z1) vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış, hazırki iş üzrə iddiaçı (FİN nömrəsi xxxxxxx) vergi orqanında vergi ödəyicisi kimi uçota alınmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, sahibkarlıq fəaliyyəti sahəsində münasibətlər “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmişdir. Qanunun sahibkarlıq subyektlərinin dairəsini müəyyən edən 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı da sahibkarlıqla məşğul ola bilər. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, İddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №2-2(113)-4154/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4154/2022
16.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver