Məhkəmə qərarları › İş №2-2(113)-427/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-427/2020

17.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-427/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (Cavabdeh2 üçüncü şəxs olmaqla) qarşı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (Cavabdeh2 üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1263 nömrəli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.0.1 və 4.0.2-ci bəndinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu ərazisində aparılan monitorinq zamanı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 26 saylı binanın yaxınlığında üçüncü şəxs Cavabdeh2 tərəfindən dörd mərtəbəli fərdi yaşayış evinin tikintisinə hazırlıq işlərinin aparılması faktı aşkar edilmişdir. Aparılan tikinti işləri ilə bağlı araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən gələcəkdə “İcarəyə verən” adlandırılacaq bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun şəxsində və digər tərəfdən gələcəkdə İcarəçi adlandırılacaq ünvan 1 m.68 ünvanında yaşayan Cavabdeh2 arasında qeyd olunan ünvanda 416,16 kv.metr torpaq sahəsi 49 il müddətinə Cavabdeh2 istifadəsinə verilməklə torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli 1263 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Sonradan Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 123 saylı sərəncamı ilə vətəndaş Cavabdeh2na Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 26 saylı binanın yaxınlığında təqdim edilmiş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Hesab edir kı, cavabdeh Bakı şəhər icra Hakimiyyəti ilə üçüncü şəxs Cavabdeh2 arasında qeyd olunan torpaq sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 1263 nömrəli torpaq icarə müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanarkən müqavilənin bağlanması üçün normaları məcburi olan müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmamış, bununla da qeyri-qanuni olaraq icarə müqaviləsi bağlanmışdır. X4 Dövlət Komitəsindən qanunvericilikdə nəzərdə tutulmuş rəy alınmadan, yerquruluşu qaydasında torpaq sahəsi ayrılmadan, sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilmədən, plan ölçüsü tərtib edilmədən torpaq qanunvericiliyinin normalarını kobud surətdə pozmaqla torpaq sahəsinə dair torpaq icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan qanun pozuntuları tərtib olunan xx.xx.2018-ci il tarixli monitorinq aktında da öz əksini tapmışdır. “Torpaq icarəsi haqqında Qanun”un 9-cu maddəsinə əsasən torpaq sahəsi torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında icarəyə verilir və bu əsas şərtlərdən biridir. Ancaq icarə müqaviləsi bağlanarkən qeyd olunanlar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə"nin 2.0.16-ci maddəsinə əsasən torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədilə yerquruluşu işlərinin təşkil edilməsi və həyata keçirilməsi Komitənin fəaliyyət istiqamətlərindəndir. xx xxxxxx 1998-ci il tarixli “Torpaq İcarəsi haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Qanunun həmin maddəsində rəy alınması nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Ancaq torpaq sahəsinə dair icarə müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən torpağa dair rəy alınmamışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu il tarixli 116 nömrəli Fərmanın 2-ci bəndinə əsasən Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2, 65.3, 65.6 və 65.7ci maddələrinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.3 və 67.4-cü maddələrinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunan qanunvericilik normalarının şərhindən göründüyü kimi tərəflər torpaq icarə müqaviləsi bağlayarkən müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməmişlər və bununla da ciddi qanun pozuntularına yol vermişlər. Bu səbəbdən hesab edir ki, müqavilə etibarsız hesab edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)3777/2018 saylı qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)382/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)382/2019 saylı qərardadının ləğv edilməsi və iddia tələbinə dair mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)1829/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)382/2019 saylı qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1263 saylı, xx xxxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında yerləşən sahəsi 416,6 kv.m. olan torpaq sahəsi 49 il müddətinə Cavabdeh2na (icarəçi) icarəyə verilmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il taricli 123 saylı Sərəncamı ilə müəyyən edilir ki, həmin sərəncamla vətəndaş Cavabdeh2na Xətai rayonu, M.Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında təqdim edilmiş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli aktından görünür ki, Agentliyin Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında dövlət nəzarəti ilə bağlı yerdə monitorinq aparılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında 416 kv.m. ərazidə Bakı Şəhər İcra Hakimiyyətində torpaq sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 1263 saylı icarə müqaviləsi, xx.xx.2017-ci il tarixli 18/03-8/204 saylı ayrıc aktı, MŞBİ-nin məktubu ilə razılaşdırılmış eskiz-layihə, Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli Rəyi və Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 123 saylı Sərəncamı əsasında Cavabdeh2 tərəfindən 4 mərtəbəli fərdi yaşayış evinin inşasının hazırlıq işlərinə başlanılmışdır. Tikinti işlərini aparan şəxsə xəbərdarlıq olunaraq, qanunvericilikdə nəzərdə tutulmuş rəy alınmadan və yer quruluşu qaydasında torpaq sahəsi ayrılmadan, torpaq sahəsinə dair icarə müqaviləsi bağlandığı bildirilmişdir. Vətəndaşa tikinti işlərinin torpaq qanunvericiliyinin tələblərinə zidd olması izah olunaraq, xəbərdarlıq edilmişdir. Eyni tarixli imtina aktından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli aktı imzalamaqdan imtina etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Torpaq icarəsi haqqında” xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2 və 4-cü hissələrinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair mübahisəli torpaq icarə müqaviləsi bağlanmamışdan əvvəl icarəyə veriləcək dövlət torpaq sahəsinin sərhədləri naturada və xəritədə müəyyən edilməli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi alınmalı və göstərilən sənədlərin əsasında torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməli idi. Hazırkı işin materiallarından görünür ki, mübahisəli torpaq icarə müqaviləsi bağlanarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmiş, torpaq sahəsi əvvəlcədən yerquruluşu qaydasında ayrılmamış, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi alınmamış və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməmişdir. “Torpaq icarəsi haqqında” xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 29cu maddəsinə görə torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında 1263 saylı, xx xxxxxx 2017-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanarkən torpaq icarəsi haqqında qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozulduğundan iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1263 nömrəli torpaq icarə müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar