Məhkəmə qərarları › İş №2-2(113)-450/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-450/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-450/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) X5 qarşı borcun və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2500 manat əsas borc, 1750 manat zərərin əvəzi olmaqla ümumilikdə 4250 manat məbləğində pul vəsaitinin X2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək əsas borcun 2170 manat və dəymiş zərərə görə borcu 1750 manat olaraq nəzərə alınmasını və buna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri və ətraf ərazilərdə ictimai iaşə obyektlərindən, restoran və şadlıq evlərindən atmosferə tüstü qazlarının qarşısını almaq məqsədilə bu oybektlərə təmizləyici qurğuların satışını həyata keçirmişdir. Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Nuray” şadlıq evinin sahibi Arif Paşayev özünə məxsus VÖEN olmadığını bildirmiş və müqaviləni X6 adlı şəxsin adına bağlamışdır. Müqavilə xx xxxxxxxx 2018-ci il tarixdə bağlanmış, müqavilənin dəyəri olan 6500 manat məbləğində pul vəsaitinin 4000 manat məbləğində hissəsi həmin ilin oktyabr ayında şirkətin hesabına köçürülmüşdür. Müqavilədə öhdəlik götürülməsə də, şifahi razılaşmaya əsasən qurğuların quraşdırılması da şirkət tərəfindən həyata keçirilmiş, quraşdırma aparıldıqdan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən avadanlığın işi, atmosferə atılan qazların miqdarı ölçülmüş, norma daxilində olduğu üçün Milli Monitorinq Departamenti tərəfindən akt verilmişdir. Lakin qalan məbləğ ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borcun gecikdirilməsinə görə işdə problemlər yarandığından iddiçıya 1750 manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, müqavilə üzrə quraşdırma işləri iddiaçının üzərinə düşməsə də, həmin işlər də onlar tərəfindən həyata keçirilmişdir. Pul ödənilmədiyinə görə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə müraciət etmiş, bundan sonra İ.Q.Hüseynova tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. X8 – İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Cavabdehin təqsiri üzündən o, vergiləri ödəyə bilməmiş, gecikmələr yaranmış və ona 1750 manat məbləğində maddi zərər vurulmuşdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, həqiqətən də xx xxxxxxxx 2018-ci il tarixdə tərəflər arasında müqavilə bağlanılmış, cavabdeh tərəfindən 4000 manat məbləğində pul ödənilmişdir. Lakin İddiaçı MMC üzərinə düşən öhdəlikləri icra etməkdən boyun qaçırmışdır. Belə ki, Arif Paşayev dəfələrlə İddiaçı MMC-nin direktoru ilə əlaqə saxlamağa çalışaraq avadanlığın verilməsini tələb etmişdir. Lakin nəticə olmadığına görə “Vision” şirkətinə müraciət etmiş, avadanlıqları almış, quraşdırmaq üçün usta çağırmış, ustaya 550 manat, çənə görə isə 180 manat məbləğində pul ödəmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - xx xxxxxxxx 2018-ci il tarixli, 0409/2018 №-li alqı – satqı müqaviləsinin və 1 saylı əlavənin surətindən görünür ki, İddiaçı MMC dəyəri 6500 manat olan baca tipli sulu filtrenin – Tüstü filtrinin X1, sonuncu isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Nuray” şadlıq sarayının ətraf ərazilərində atmosfer havasının monitorinqi keçirilmiş, ətraf mühit üzrə yol verilən həddə olması müəyyən edilmişdir; - Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2- 2(085)-350/2019 saylı qətnaməsinin surətindən görünür ki, X6 qızının İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Müqavilənin 2.2-ci maddəsində qeyd olunmuşdur ki, “Alıcı malın tam dəyərini hissəhissə əlavələrin orijinalı əsasında satıcı tərəfindən təqdim edilmiş hesablaşma sənədlərinə əsasən 5 bank günü ərzində Azərbaycan manatı ilə satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd yolu ilə ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında müqavilənin bağlanması, 4000 manat məbləğində pul vəsaitinin ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və digər sübutlarla da təsdiqini tapdığından məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Tərəflər arasında malların nisyə satışına dair hər hansı bir razılaşma olmasa da, müqavilənin 2.3-cü bəndində öhdəliyin son icra müddəti dəqiq olaraq – mal təhvil verildiyi zaman həyata keçiriləcəyi yəni 2-5 həftə ərzində müəyyən olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra olunmamış, malların dəyəri ödənilməmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırılmışdır ki, avadanlıqlar verilmədiyinə və quraşdırma həyata keçirilmədiyinə görə əlavə xərclər onun tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, həmin müqavilə alqı – satqı müqaviləsidir, müqavilənin predmetini “Baca tipli sulu filtrenin – Tüstü filtrinin satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malın qəbul edilərək haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.” Müqavilənin məzmununda da quraşdırma öhdəliyinin İddiaçı MMC-nin üzərində olması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2- 2(085)-350/2019 saylı qətnaməsinin məzmunundan da X6 4000 manat əsas borc, 1560 manat faiz borcu olmaqla ümumilikdə 5560 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia hal – hazırda etirazın əsasını təşkil edən xüsusatlarla əsaslandırılmışdır. Həmin qətnamənin əsaslandırıcı hissəsində iddianın əsasını təşkil edən halların, yəni, müqavilə şərtlərinin İddiaçı MMC tərəfindən pozulması hallarının mövcud olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddianın 2170 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı ərizədə 1750 manat məbləğində zərərin vurulmasını işində problemlər yaranması, izahatında isə cavabdehin təqsiri üzündən vergiləri ödəyə bilməməsi, gecikmələr yaranması ilə əsaslandırsa da, bu xüsusatları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 qarşı borcun və zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. 2170 manat məbləğində pul vəsaiti X2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 17 manat məbləğində pul vəsaiti X2 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar