Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4540/2021 25.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 600589 saylı akt əsasında əsassız hesablanmış 4104 manat məbləğində borcun iddiaçının şəxsi hesabından silinməsi və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 600589 saylı aktın və həmin akt əsasında hesablanmış 4104 manat borcun ləğv edilməsi və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 600589 saylı akt əsasında əsassız hesablanmış 4104 manat məbləğində borcun iddiaçının şəxsi hesabından silinməsi və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 100 kv.metrlik sahə iddiaçı tərəfindən mülkiyyətçi X1 icarəyə götürülmüşdür. Həmin sahə artıq 7 ildir ki, iddiaçı tərəfindən icarəyə götürülmüş və həmin sahədə çamaşırxana xidməti göstərilməkdədir. Bu günə kimi iddiaçı qanuni əsaslarla fəaliyyət göstərmiş və istifadə etdiyi kommunal xidmətlərin dəyərini vaxtında ödəmişdir. Dəfərlərlə cavabdeh təşkilatın nümayəndələri icarəyə götürdüyü sahəyə gəlmiş, su sayğacını və su xəttini yoxlamış və heç bir qanun pozuntusu aşkat etmədən sahəni tərk etmişlər. Hər ay su sərfıyyatına görə son illər fəaliyyətindən asılı olaraq 200-300 manat xidmət haqqı ödəmişdir. İddiaçı icarə götürdüyü sahədə su sayğacı cavabdeh tərəfindən 1 dəfə dəyişdirilmiş və onun əvəzinə yeni tipli smart kartla işləyən su sayğacı quraşdırılmışdır. İddiaçının icarəyə götürdüyü sahənin bir hissəsində, tavan hissəsində binanın tikinti layihəsinə uyğun olaraq su və kanalizasiya xətləri keçir. İcarəçi o hissəni laminat lövhə ilə üzlətmişdir ki, görüntü səliqəli olsun. Heç zaman o yerdən istifadə etməmişdir. Sadəcə hərdən hansısa bir mənzildə su xətlərində nasazlıq olduqda, mənzil sahiblərinin xahişi ilə ustaların o hissəyə baxış keçirməsinə icazə verilirdi. Cavabdehin əməkdaşları iyul ayının 27-si sahəyə gələrək əsassız olaraq 600589 saylı Akt tərtib etmiş və heç bir əsas olmadan 4104,00 manat borc yaranmışdır. Akt tərtib edilərkən nə iddiaçı, nə də sahənin mülkiyyətçisi dəvət edilməmiş və iddiaçının iştirakı olmadan həmin əsassız akt tərtib edilmişdir. Səlahiyyətli orqana həmin aktın əsassız olması və ləğv olunması barədə şifahi müraciət etməsinə baxmayaraq, həmin məbləğin iddiaçı tərəfindən ödənilməli olması bildirilmişdir. Sözügedən Akta əsasən guya şirkət tərəfindən kənar su xəttindən istifadənin aşkar edildiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu iddiaçının istifadə etdiyi su sərfıyyatı kimi qəbul edilmişdir. Bu yanaşma absurddur. İddiaçı çamaşırxana xidməti göstərdiyindən bu kimi pozuntuya yol verməsi məntiqsizdir. Qeyd olunan aktı və onun əsasında hesablanmış məbləği qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 24.07.2021-ci il tarixli 600589 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən çamaşırxanada yoxlama aparılmış, yoxlama zamanı sayğacdan kənar qeyri-qanuni su xəttinin mövcud olması, kənar xəttin iç diametrinin 20 mm olması aşkar olunmuşdur. 24.07.2021-ci il tarixli ********* saylı hesab vərəqindən görünür ki, cavabdeh tərəfindən 24.07.2021-ci il tarixli 600589 saylı akta əsasən iddiaçıya 4104 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının qanuni təmsilçisinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən çamaşırxanada yoxlama aparılmış, yoxlama zamanı sayğacdan kənar qeyri-qanuni su xəttinin mövcud olması, kənar xəttin iç diametrinin 20 mm olması aşkar olunaraq 24.07.2021-ci il tarixli 600589 saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən 24.07.2021-ci il tarixli 600589 saylı akta əsasən iddiaçıya 4104 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4104 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 600589 saylı akt əsasında hesablanmış 4104 manat məbləğində borc İddiaçı şəxsi hesabından silinsin və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-4540/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4540/2021
25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver