Məhkəmə qərarları › İş №2-2(113)-4674/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4674/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4674/2024 01.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X4 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İdddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu 01/2-409 olan ərzaq mağazasına tərtib olunmuş NİQ 000458 saylı xx.xx.2024-cü il tarixli aktı qeyri-qanuni hesab edib ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 may saat 09:00 radələrində qonşu Mübariz adlı şəxs qapını döyərək 2 nəfərin ona məxsus olan sayğacın ətrafında dayandığını bildirdi.İddiaçı onlara yaxınlaşdı və iştirakının təmin etməyi xahiş etdi.Onlar iddiaçıya artıq gec olduğunu və aktın tərtib olunduğunu bildirdilər.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən tərtib olunmuş 02 may 2024-cü il tarixli akt əsasında hesablanmış 558,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Etiraz onun əsaslandırılmışdır ki, 02 may 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları X2 məxsus obyektdə uçot dəstinə baxış keçirilərkən sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı dövrədən kənarlaşdırılıb, işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Belə ki, sayğac yerləşən ğaca qədər olan qutunun içərisində sayğacı qidalandıran SİP xəttinin say izolyasiyapozmaqla budaqlanma yolu ilə çıxış ayrıcı avtomata xətt verməklə sayğac dövrədən kənarlaşdırılmışdır.Əməkdaşlarımız tərəfindən qeyd olunan pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın tələbinə uyğun olaraq, xx.xx.2024cü il tarixli NİQ 000458 nömrəli akt tərtib edilmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, 5080 kVts elektrik enerjisinin talan olunması nəticəsində "xxxx" ASC-yə xeyli miqdarda, yəni 558,80 manat dəyərində maddi ziyan vurulmuşdur. II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Cavabdehə məhkəmə baxış iclası ilə bağlı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

11. S.İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 01/2-409 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri-isehsal müəssisəsi,ticarət,ictimai iaşə vədigər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanılmışdır.

12. 02 may 2024-cü il tarixli AKT NİQ № 000458 saylı aktdan görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxışın nəticəsi olaraq abonentin sayğac yerləşən qutunun içərisində sayğacı qidalandıran SİP xəttinin say izolyasiyapozmaqla budaqlanma yolu ilə çıxış ayrıcı avtomata xətt verməklə sayğac dövrədən kənarlaşdırılmışdır. V. Tətbiq edilən hüquq:

13. Mülki Məcəllənin: - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: - 18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. VI. Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki,iddia ərizəsi təmin edilməlidir.

19. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 558,80 manat məbləğində borc iddaçıya məxsus qeyri-yaşayış sahəsində elektrik enerjisindən qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar "xxxx" ASC-yə dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.

20. Məhkəmə qeyd edir ki, "xxxx" ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

21. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda sözügedən yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.

22. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

23. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib olunmuş 02 may 2024-cü il tarixli AKT NİQ № 000458 saylı akt əsasında hesablanmış 558,80 manat məbləğində borc silinməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilməli idi.

26. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02 may 2024-cü il tarixli AKT NİQ № 000458 saylı akt əsasında hesablanmış 558,80 manat (beş yüz əlli səkkiz manat səksən qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinsin. Dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar