Məhkəmə qərarları › İş №2-2(113)-4693/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4693/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4693/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddəti və mediasiya xərci ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsi/vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 6650,52 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 036/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 6650,52 manat hissəsini bu günədək ödəməmişdir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır.

3. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı MMC alqı-satqı müqaviləsinə istinad etmiş, halbuki həmin MMC ilə onu işçi və işəgötürən münasibətləri bağlayırdı. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC onu 575/11 nömrəli əmrlə satış nümayəndəsi kimi işə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə isə 570/K nömrəli əmrlə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçi olaola onun heç bir əsas olmadan qanunsuz olaraq məhsulların alqı-satqısı barədə 036/2019 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlamışlar. Müqavilədə guya ona borc olaraq 30.000 manat dəyərində müxtəlif çeşidli məhsulların verildiyini qeyd etmişdilər. Həmçinin borcu 3 ay ərzində ödəməyi öhdəsinə götürür deyə bənd əlavə etmişlər. Halbuki həmin məhsulları o borc kimi almamışdır. Şirkətin işçisi kimi Balakən, Qax və Zaqatala rayonu üzrə ərazini təhvil alarkən müştərilərin əvvəldən yəni ondan öncə şirkətə borcları qalmışdı. Müəyyən müddət işlədikdən sonra ərazini təhvil verərkən müştərilərin bəzilərinin obyektləri bağlanmış və bu barədə Şəki şəhərində olan müdiri Mahir Rəcəbova və Bakı şəhərində müdir Pərviz Zərbiyevə məlumat verilmişdir. Onlar da narahat olmamağını və adından silinəcəyini bildirmişlər. Məsələnin mahiyyəti qeyd edildyi kimi olduğu halda hazırda MMC işçisi ilə bağladığı qanunsuz bir müqaviləni rəhbər tutaraq onlara borclu qaldığını bildirir. Onun vəzifəsi şirkətin məhsullarının ərazi üzrə müştərilərə çatdırmaqdan ibarət olmuşdur. Şirkətdən hər hansısa məhsulu nisyə (borc) olaraq qəbul etməmişdir. Borcun etirafı ilə bağlı qeyd etdikləri ərizə isə tamamilə qanunsuz bir sənəddir və işçi kimi ona və onun kimi bir neçə nəfərə belə ərizələrə əsassız olaraq qol çəkdirmişlər. Həmin ərizənin məhkəmə üçün heç bir hüquqi qüvvəsi yoxdur. Ümumiyyətlə iddia ərizəsində onun şirkətə göstərdikləri məbləğdə borclu olmağı barədə heç bir mötəbər sübut yoxdur. Bundan başqa istinad etdikləri müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və pulun 3 ay ərzində qaytarılması nəzərdə tutulmuşdur. Həmin vaxtdan 3 ildən çox müddət keçmişdir və bu da qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi deməkdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-809/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı-pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. İş Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul olunduqdan sonra cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı məhkəməyə 2020-ci ilə aid olan cavabdehin müqavilə üzrə ödəniş həyata keçirdiyinə dair müxtəlif tarixli üç ədəd mədaxil qəbzinin kötüyünü təqdim etmişdir. Həmin qəbzlər iş üzrə mötəbər sübut hesab edilə bilməz. Belə ki, qəbzlərə nəzər yetirdikdə həqiqətən də ödənişin məhz Cavabdeh tərəfindən həyata keçirildiyini, hansı müqavilə üzrə, hansı məhsullardan söhbət getdiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 2.1-ci bəndinə əsasən ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: 2.1.1. ciddi hesabat blanklarının sifarişçisi: fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i; hüquqi şəxs olduqda adı və VÖEN-i; 2.1.2. ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i); 2.1.3. ciddi hesabat blanklarının adı, seriya və nömrəsi; 2.1.4. təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları. Təqdim edilən qəbzlərdən görünür ki, məhsul, iş və xidmət sifarişçisinin adı, vöen-i, və digər rekvizitlər qrafasında yalnız Cavabdeh sözləri yazılmış, digər məlumatlar isə qeyd edilməmişdir. Bu da qaydaların tələblərinin pozuntusu olmaqla yanaşı, həmçinin təqdim edilən qəbzlərin mötəbərliyinə şübhə yaradır. Digər məlumatlar qeyd edilə də bilməzdi, çünki həmin dövrdə Cavabdeh adına hər hansı vöen açılmamışdır. Məhkəməyə təqdim edilən şəhadətnamədən də görünür ki, cavabdehin adına ilk dəfə 2021-ci ildə vöen açılmışdır. Qeyd edilən xüsusatlar deməyə əsas verir ki, iddiaçının həmin saxta qəbzləri təqdim etməkdə məqsədi, iddia müddətinin keçmədiyi görüntüsünü yaratmaqdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ödənişlər etdiyi üçün iddia müddəti ötürülməmişdir, cavabdehin arqumentləri əsassızdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə ediraz edərək və iddia müddətinin tətbiqi barədə ərizə üzrə çıxış edərək iddianın rədd edilməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. 0516084 saylı əmək kitabçasının surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə satış departamentinə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.

10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 036/2019 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən:

11. Müqavilənin 1-ci bənidnə əsasən satıcı alıcıya ümumi dəyəti 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır.

12. Müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir.

13. Müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 30000 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür.

14. Müqavilənin 5-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti Alıcı tərəf daşıyır.

15. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.

16. xx.xx.2019-ci il tarixli 036 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 30.000 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir.

17. Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizədə MMC ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə 30000 manat borcunun yarandığını, borcunu etiraf etdiyini, üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ********** saylı VÖEN-i vergi uçotuna qeydiyyata alınmışdır.

19. xx.xx.2020-ci il tarixli, 811893 seriyalı mədaxil qəbzinin kötüyünə əsasən Cavabdeh tərəfindən 9500 manat, xx.xx.2020-ci il tarixli 811886 seriyalı mədaxil qəbzinin kötüyünə əsasən 8000 manat və xx.xx.2020-ci il tarixli 811900 seriyalı mədaxil qəbzinin kötüyünə əsasən isə 5849,49 manat ödəniş ediliyi qeyd olunmuşdur.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

21. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında nisyə alqı – satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsi ilə əsaslandırılmışdır.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Həmin Məcəllənin 329.2-ci və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

27. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Bundan başqa cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

29. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

31. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

32. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

33. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

34. Məhkəmə qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin münasibətlərin davamı olaraq tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan, o cümlədən borcun etirafına dair ərizə olduğundan məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.

35. İşdən göründüyü kimi cavabdeh, xx.xx.2019-cu il tarixli ərizə ilə iddiaçıya müqaviləyə əsasən 30.000 manat məbləğində borcunun olduğunu imzası ilə təsdiq etmiş, həmin aktın cavabdeh tərəfindən imzalandığı məhkəmə iclaslarında cavabdeh tərəfindən də təsdiq edilmişdir.

36. Göründüyü kimi, cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçıya borclu olması və cavabdehin həmin pul vəsaitini qaytarmaq öhdəliyinin yaranması yazılı şəkildə tərtib olunaraq imzalanmış alqı-satqı müqaviləsi və ərizə ilə təsdiq olunur. Digər tərəfdən, məhkəmə cavabdehin etiraz ərizəsində irəli sürdüyü arqumentinə dair qeyd edir ki, tərəflər arasında əmək münasibətlərinin olması, mülki-hüquq münasibətlərini istisna edən və ya alqı-satqı müqaviləsinin bağlanmasına maneə/əngəl kimi giymətləndirilə bilməz.

37. Beləliklə, hazırkı iş üzrə iddia tələbi 6650,52 məbləğində əsas borcun tələb edilməsi hissəsində əsaslı olsa da, qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmışdır.

38. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

39. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli məhsulların nisya alqı-satqı müqaviləsinə əsasən Alıcı Satıcıya olan borcunu 3 ay ərzində, yəni xx.xx.2020-ci il tarixinə kimi ödəməli idi. İddiaçı cavabdehə qarşı iddia ilə xx.xx.2023- cü il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin, yalnız xx.xx.2023-cü il tarixdə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

41. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

42. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

43. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

44. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

46. İddiaçının nümayəndəsi cavabdehin son, yəni xx.xx.2020-ci il tarixli ödənişindən sonra üç il keçməmiş məhkəməyə müraciət edildiyini bildirmiş və buna dair məhkəməyə üç ədəd mədaxil qəbzinin kötüyünü təqdim etmişdir.

47. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi verilən zaman cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddia müddətinin keçməsi qeyd olunsa da, həmin məhkəmədə işə baxılan zaman mədaxil qəbzləri təqdim edilməmiş və mövcudluğu barədə hər hansı fikir bildirilməmişdir. İstinad olunan üç ədən mədaxil qəbzləri yalnız xx.xx.2023-cü il tarixində EMİS-nə yüklənmişdir.

48. Bundan başqa mədaxil qəbzlərində məhsulun işin və xidmətin adı bölməsində məhsulun adı qeyd olunmamış, sadəcə olaraq “müqavilə üzrə borc ödənişi” qeyd edilməklə kifayətlənmişdir.

49. Mədaxil qəbzlərinə dair digər bir ziddiyətli məqam isə onların seriya nömrələri ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 811893 seriyalı mədaxil qəbzinin kötüyünə əsasən Cavabdeh tərəfindən 9500 manat, xx.xx.2020-ci il tarixli 811886 seriyalı mədaxil qəbzinin kötüyünə əsasən 8000 manat və xx.xx.2020-ci il tarixli 811900 seriyalı mədaxil qəbzinin kötüyünə əsasən isə 5849,49 manat ödəniş ediliyi qeyd olunmuş, yəni mədaxil qəbzləri aylar üzrə növbəli şəkildə doldurulsa da, qəbzlərin doldurulmasında seriya nömrələrində ardıcıllıq pozulmuşdur. 811893 saylı mədaxil qəbzi xx.xx.2020-ci il tarixdə doldurulduğu halda, 811886 saylı qəbz xx.xx.2020-ci il tarixdə doldurulmuşdur. Bu da həmin qəbzlərin qeyd olunan tarixlərdə doldurulmasında şübhə yaradan məqamlardan biri hesab olunur.

50. Eyni zamanda mədaxil qəbzinin bir nüsxəsinin cavabdehə verilməsi və cavabdeh tərəfindən qəbul edilməsi halı da iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

51. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən təqdim olunan üç mədaxil qəbzini mötəbər sübut qismində qəbul etməyərək, iddiaçı tərəfindən sadəcə iddia müddətinin ötürülməməsinə görüntü yaratmaq üçün sonradan tərtib olunmuş qəbz kimi giymətləndirilir.

52. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Məhkəmə qeyd edr ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunmadığına görə iddia ərizəsi verilərkən dövlət rüsumu (mediasiya xərci) kimi ödənilmiş pul vəsaiti iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə ödənilməmiş 6650.52 (altı min altı yüz əlli manat əlli iki qəpik) manat məbləğində pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar