Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4694/2023 12.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 oglunun Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 oglunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə ödənilməmiş pulun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı müqavilə üzrə ödənilməmiş 9678.81 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16,79 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 034/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30.000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 9678.81 manat hissəsini bu günədək ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 oglu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 oglu məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ərizəsini tərəflər arasında bağlanmış 036/2019 saylı, xx.xx.2019cu il tarixli müqaviləyə, həmçinin xx.xx.2019-cu il tarixli borcun etirafı ərizəsinə istinad edərək əsaslandırmışdır. İddia ərizəsinə etiraz edərək hesab edir ki, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı MMC yuxarıda qeyd etdiyi müqaviləyə istinad etmiş, halbuki həmin MMC ilə cavabdeh işçi və işəgötürən münasibətləri bağlayırdı. Cavabdeh 2009-cu il tarixdə İddiaçı MMC-yə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. 04 iyul 2018-ci ildən vəzifəsi dəyişdirilərək satış üzrə nümayəndə işinə keçirilmişdir. 15 oktyabr 2020-ci ilədək şirkətdə satış üzrə nümayəndə kimi işləmişdir. Cavabdehin vəzifə təlimatı üzrə iş fəaliyyəti alıcılardan sifarişlərin qəbul edilməsi, şirkətə çatdırılması və ayın sonunda həmin sifarişlərin pullarının sifarişçilərdən yığılaraq şirkətə təhvil verməsi olmuşdur. 15 oktaybr 2020-ci ildə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarkən də cavabdehin iş fəaliyyəti audit tərəfindən yoxlanılmış və heç bir nöqsan aşkar edilməmişdir. Cavabdeh, iddiaçı MMC-nin işçisi ola-ola heç bir əsas olmadan qanunsuz olaraq rəhbərliyin təkidi ilə məhsulların alqı-satqısı barədə 034/2019 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlamışdır. Müqavilədədə guya Cavabdeh borc olaraq 30000 manat dəyərində müxtəlif çeşidli məhsulların verildiyi qeyd edilmişdir. Həmçinin borcu 3 ay ərzində ödəməyi öhdəsinə götürür deyə bənd əlavə edilmişdir. Cavabdeh İddiaçı MMC-nin içşisi olduğundan şirkət tərəfindən onun fərdi şəkildə və ya pərakəndə olaraq hər hansısa mal satışı ilə məşğul olması qadağan idi. 2019-cu ildə rəhbərlik tərəfindən ona qeyd edilən müqavilə təqdim edilmiş, qorxulu heç nə olmadığı və həmin müqaviləni imzalamaq lazım olduğu bildirilmişdir. Səbəbini maraqlandıqda ona bunun adi prosedur olduğu, heç bir hüquqi nəticəsi olmayacağını, imzalamaqdan imtina edən işçilərlə əmək münasibətlərinə xitam veriləcəyini bildirmişdilər. Cavabdeh uzun müddət həmin şirkətdə işlədiyindən, həmin dövrdə iş tapmaq çətin olduğundan və rəhbərliyin göstərişi olduğundan məcbur qalıb müqaviləni imzalamışdır. Ümumiyyətlə iddia ərizəsində cavabdehin şirkətə göstərdikləri məbləğdə borclu olması barədə heç bir mötəbər sübut yoxdur. Bundan başqa istinad etdikləri 036/2019 saylı, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsində pulun 3 ay ərzində qaytarılması nəzərdə tutulmuşdur. Həmin vaxtdan 3 ildən çox müddət keçmişdir və bu da qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi deməkdir. İddiaçı ilə Cavabdeh arasında olan münasibətlər kreditor borclu və ya alıcı-satıcı münasibətləri deyil, işçi və işəğötürən münasibətləri olmuşdur.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etirazın və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uygun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 034/2019 saylı müqavilə bağlanmışdır. İddiaçı cavabdehə ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi tam təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 9678.81 manat məbləğində borcu yaranmışdır.
9. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
10. İddiaçı hazırda cavabdehin 2019-cu ilin noyabr ayından ödənilməmiş 9678.81 manat borcunun qaldıgını bildirərək pulun tutulmasını tələb edir.
11. Cavabdeh isə iddia ilə razı olmadıgını, iddia müddətinin keçdiyini və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.
12. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün aglabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən subutların toplanmasının və saxlanmasının lazım oldugunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
14. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir.
15. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır.
16. İş materiallarına əlavə olunmuş, 036/2019 saylı, xx.xx.2019-cu il tarixli müqavilə, həmçinin xx.xx.2019-cu il tarixli borcun etirafı barədə ərizədən görünür ki, iddiaçı cavabdehə olan borcunu 3 ay müddətində yəni 25 fevral 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyündən iddia müddətinin axımı 26 fevral 2020-ci il tarixdən başlamışdır.
17. İş materiallarından görünür ki, iddiaçı mediasiyanın tətbiqi barədə təklifi 27 sentyabr 2021-ci il tarixdə göndərmiş, iddia müddətinin axımı dayanmış, ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış isə xx.xx.2021-ci il tarixdə verilmiş, iddia müddətinin axımı həmin tarixdən davam etmişdir.
18. Göründüyü kimi iddiaçı 3 illik iddia müddəti təxminən 4 ay keçdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
19. İddiçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırki işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadıgını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzürlü səbəblərdən ötürülməsi barədə subutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı müqavilə üzrə ödənilməmiş pulun tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev