Məhkəmə qərarları › İş №2-2(113)-4792/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4792/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4792/2025 30.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatında olarkən) ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 04 iyul 2023-ci il 239 saylı, 11 noyabr 2023-ci il 273 saylı, 10 may 2024-cü il 285 saylı, 19 may 2024-cü il 315 saylı, 27 may 2024-cü il 318 saylı, 10 avqust 2024-cü il 309 saylı alqı-satqı müqavilələri üzrə 6941 manat əsas borc, 3470 manat cərimə və ödənilmiş 125 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli 239 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 2100 manat məbləğində kredit üsulu ilə hər ay 175 manat ödəmək şərti ilə “Xiaomi 13 12/256 Gb” markalı mobil telefon əşyası alınmış, müqaviləyə əsasən 691 manat əsas borc, 345 manat cərimə borcu yaranmışdır. 11 noyabr 2023-cü il tarixli 273 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 1400 manat məbləğində kredit üsulu ilə hər ay 100 manat ödəmək şərti ilə “Xiaomi 13T 12/256 Gb” markalı mobil telefon əşyası alınmış, müqaviləyə əsasən 700 manat əsas borc, 350 manat cərimə borcu yaranmışdır. 10 may 2024-cü il tarixli 285 saylı alqı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 1700 manat məbləğində kredit üsulu ilə hər ay 170 manat ödəmək şərti ilə “X1 X15 BDR WDH” markalı kompüter əşyası alınmış, müqaviləyə əsasən 1700 manat əsas borc, 850 manat cərimə borcu yaranmışdır. 19 may 2024-cü il tarixli 315 saylı alqı-satqı müqaviləsinə əsasən 2 ay müddətinə 550 manat məbləğində kredit üsulu ilə hər ay 200 manat ödəmək şərti ilə “Honor Pad X9 4/128 Gb” markalı əşya alınmış, müqaviləyə əsasən 400 manat əsas borc, 200 manat cərimə borcu yaranmışdır. 27 may 2024-cü il tarixli 318 saylı alqı-satqı müqaviləsinə əsasən 3 ay müddətinə 500 manat məbləğində kredit üsulu ilə hər ay 100 manat ödəmək şərti ilə “Honor X8 8/128 Gb” markalı telefon əşyası alınmış, müqaviləyə əsasən 300 manat əsas borc, 150 manat cərimə borcu yaranmışdır. 10 avqust 2024-cü il tarixli 309 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 3150 manat məbləğində kredit üsulu ilə hər ay 263 manat ödəmək şərti ilə “Samsung” markalı “RT62K7110SL” modeli soyuducu alınmış, müqaviləyə əsasən 3150 manat əsas borc, 1575 manat cərimə borcu yaranmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445.2, 460.1, 567-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1271/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, ünvanına göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 239 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Xiaomi 13T 12/256 GB Green” markalı mobil telefonu cavabdehə satmağı, cavabdeh isə həmin mobil telefonu qəbul edərək dəyərini (2100 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 saylı əlavəyə əsasən, ilkin ödənişin 0 manat, aylıq ödənişin 175 manat olması, ödənişlərin 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək (iyul ayı da daxil olmaqla) ödənilməsi şərtləşdirilmişdir. Adıçəkilən müqavilə üzrə 1409 manat ödəniş edilmişdir; – iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 273 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Xiaomi 13T 12/256 GB Blue” markalı mobil telefonu cavabdehə satmağı, cavabdeh isə həmin mobil telefonu qəbul edərək dəyərini (1400 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 saylı əlavəyə əsasən, ilkin ödənişin 200 manat, aylıq ödənişin 100 manat olması, ödənişlərin 2023-cü ilin dekabr ayından 2024-cü ilin noyabr ayınadək (noyabr ayı da daxil olmaqla) ödənilməsi şərtləşdirilmişdir. Adıçəkilən müqavilə üzrə ilkin ödəniş 200 manat daxil olmaqla ümumilikdə 700 manat ödəniş edilmişdir; – iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 285 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Honor MagicBook X15 BDR WDH” markalı kompüteri cavabdehə satmağı, cavabdeh isə həmin kompüteri qəbul edərək dəyərini (1700 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 01 saylı əlavəyə əsasən, ilkin ödənişin 0 manat, aylıq ödənişin 170 manat olması, ödənişlərin 2024-cü ilin iyun ayından 2025-ci ilin mart ayınadək (mart ayı da daxil olmaqla) ödənilməsi şərtləşdirilmişdir. Adıçəkilən müqavilə üzrə hər hansı ödəniş edilməmişdir; – iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 315 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Honor Pad X9 4/128 X2” markalı planşeti cavabdehə satmağı, cavabdeh isə həmin planşeti qəbul edərək dəyərini (550 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 01 saylı əlavəyə əsasən, ilkin ödənişin 150 manat, aylıq ödənişin 200 manat olması, ödənişlərin 2024-cü ilin iyun ayından 2024-cü ilin iyul ayınadək (iyul ayı da daxil olmaqla) ödənilməsi şərtləşdirilmişdir. Adıçəkilən müqavilə üzrə cəmi 150 manat ödəniş edilmişdir; – iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 318 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Honor X8b 8/128 Gb Green” markalı mobil telefonu cavabdehə satmağı, cavabdeh isə həmin telefonu qəbul edərək dəyərini (500 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 01 saylı əlavəyə əsasən, ilkin ödənişin 200 manat, aylıq ödənişin 100 manat olması, ödənişlərin 2024-cü ilin iyun ayından 2024-cü ilin avqust ayınadək (avqust ayı da daxil olmaqla) ödənilməsi şərtləşdirilmişdir. Adıçəkilən müqavilə üzrə cəmi 200 manat ödəniş edilmişdir; – iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 309 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Samsung RT62K7110SL” markalı soyuducunu cavabdehə satmağı, cavabdeh isə həmin soyuducunu qəbul edərək dəyərini (3150 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 01 saylı əlavəyə əsasən, ilkin ödənişin 0 manat, aylıq ödənişin 263 manat olması, ödənişlərin 2024-cü ilin sentyabr ayından 2025-ci ilin avqust ayınadək (avqust ayı da daxil olmaqla) ödənilməsi şərtləşdirilmişdir. Adıçəkilən müqavilə üzrə hər hansı ödəniş edilməmişdir.

12. İddiaçı xx.xx.2023-cü il tarixli 273 nömrəli, xx.xx.2023-cü il tarixli 239 nömrəli, xx.xx.2024-cü il tarixli 285 nömrəli, xx.xx.2024-cü il tarixli 315 nömrəli, xx.xx.2024-cü il tarixli 318 nömrəli və xx.xx.2024-cü il tarixli 309 nömrəli alqı-satqı müqavilələri üzrə malların qalıq dəyəri olan 6941 manat məbləğində pulun tutulmasını tələb edir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

24. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların dəyərini tam ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 04 iyul 2023-cü il tarixli 239 saylı, 11 noyabr 2023-cü il tarixli 273 saylı, 10 may 2024-cü il tarixli 285 saylı, 19 may 2024-cü il tarixli 315 saylı, 27 may 2024-cü il tarixli 318 saylı, 10 avqust 2024-cü il tarixli 309 saylı alqı-satqı müqavilələri üzrə 6941 manat (bütün müqavilələr üzrə verilən malların ümumi dəyəri: 9400 manat – ödənişlərin cəmi: 2459 manat) məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

33. İddia ərizəsində iddiaçı həmçinin 3470 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

34. 04 iyul 2023-cü il tarixli 239 saylı, 11 noyabr 2023-cü il tarixli 273 saylı, 10 may 2024-cü il tarixli 285 saylı, 19 may 2024-cü il tarixli 315 saylı, 27 may 2024-cü il tarixli 318 saylı, 10 avqust 2024-cü il tarixli 309 saylı alqı-satqı müqavilələrinin 01 saylı əlavələrinə əsasən, alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğin həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 2 (iki) % həcmində cərimə ödəyir.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

38. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da sonuncu ödəniş 2024-cü ilin may ayında edilməsinə baxmayaraq, uzun müddət sonra – xx.xx.2025-ci il tarixdə məhkəmə müraciət etməklə, dəbbə pulunun artmasına rəvac vermişdir.

39. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 450 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

40. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 450 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

41. İddiaçı eyni zamanda ödənilmiş 125 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

42. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 124,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

46. İş materialları ilə müəyyən olunur ki, müvafiq məbləğin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq olunmuş, lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

47. Beləliklə, yuxarıda göstərilənləri və iddianın qiymətinə uyğun dövlət rüsumunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli 239 saylı, 11 noyabr 2023-cü il tarixli 273 saylı, 10 may 2024-cü il tarixli 285 saylı, 19 may 2024-cü il tarixli 315 saylı, 27 may 2024-cü il tarixli 318 saylı, 10 avqust 2024-cü il tarixli 309 saylı alqı-satqı müqavilələri üzrə 6941 manat əsas borc, 450 manat cərimə məbləği olmaqla ümumilikdə 7391 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar