Məhkəmə qərarları › İş №2-2(113)-4824/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4824/2021

09.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4824/2021 09.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən onun obyektinə hesablanmış 1179 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 01 iyul 2004-cü il tarixindən 19336586 saylı müqaviləyə əsasən istehlakçı kimi iddiaçıya xidmət göstərilir. Ötən illər üzrə hesab-faktura üzrə borclar tam ödənilmişdir. İddiaçı ünvan 1 ünvanda fəaliyyət göstərdiyi mağazaya 01.03.2021-ci il tarixdə caavbdeh tərəfindən 1179 manat borcunun olması barədə hesab faktura təqdim olunmuşdur. Halbuki, qeyri-qanuni su və kaalizasiya xidmətindən istifadə edilməmişdir və borcun nə vaxt, hansı səbəbdən yazılması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, qeyri – yaşayış sahəsində istifadə olunan sayğac smart sayğacdır, pul vəsaiti yükləndikdən sonra sudan istifadə etmək mümkündür. Əvvəlki illərə də nəzər salarkən görünür ki, bu qədər su sərfiyyatının olması mümkün deyildir. Borcun hansı dövrü əhatə etməsi, hansı əsaslarla hesablanması barədə ona cavabdeh tərəfindən heç bir məlumat verilməmişdir. Sayğac yoxlamaya aparılarkən də bu yoxlama dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - Abonent haqqında məlumat cədvəlində 01.01.2021-ci il tarixə İddiaçı 1175 manat borcu qaldığı qeyd olunmuşdur. - Cavabdeh ASC-nin 01.03.2021-ci il tarixli, ********* saylı hesab fakturasına əsasən İddiaçı 01.03.2021-ci il tarixə qalıq borcu 1179 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 18 noyabr 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müqavilə nömrəsi 111165 olan obyektin su xətti üzərində 07 mart 2014-cü il tarixdə quraşdırılmış, Alfasu-20 markalı, 49816441 nömrəli smart-kart tipli su sayğacı 14 sentyabr 2020-ci il tarixdə çıxarılaraq laborotoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X1 idarəsinə aparılmışdır. Laborotriyanın 26 oktyabr 2020-ci il tarixl, 16441/0064906 nömrəli rəyinə əsasən sayğacın elektron platası korroziyaya uğramışdır, balans bitdikdə su bağlanmayıb, mexaniki hissənin işlək olduğu və sərfiyyatı qeydə aldığı məlum olmuşdur. Sayğacın sərfiyyatı 07 mart 2014 – 26 oktyabr 2020-ci illər ərzində 1609 kub metr olmuşdur ki, bunun da 1180 kub metr istifadə olunmuş, lakin dəyəri ödənilməmiş sərfiyyatdır. Məktubun məzmunundan görünür ki, sayğac smart tipli olsa da, borcun hesablanmasının səbəbi sayğacın yoxlama aparılması üçün laborotoriyaya aparılması və bu zaman tərtib olunmuş rəy olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə laborotoriya rəyi və digər sənədlər təqdim olunmadığına görə borcun hansı qaydada, hansı dövrə hesablanması ilə bağlı arpaşdırmanın aparılması mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Məktubun məzmunundan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan başqa, borcun hansı əsaslarla hesablanması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 1179 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar