Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-49/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun, onun vəkili Vəkil iştirakı ilə, Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun “xxxxxxxxx” X3 (ASC) qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Adıgözəlov Fərhad Məmmədcəfər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxxx” ASC-dən 29274 manat sığorta ödəniş, hər gecikdirilmiş gün üçün 0,1 faiz həcmində hesablanmış 351,30 manat məbləğində dəbbə pulu, 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 29655,30 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “cavabdeh ilə bağlanılmış xx.xx.2017-ci il tarixli saziş əsasında BA792439 saylı şəhadətnamə üzrə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində yerləşən istifadəsində olan “Kəndimiz kafesi” adlı daşınmaz əmlak 29274 manat məbləğində sığortalanmışdır. İcbari sığorta müqaviləsinə əsasən 100 manat məbləğində sığorta haqqı iddiaçı tərəfindən ödənmişdir. İcbari sığorta müqaviləsinin predmetini təşkil edən daşınmaz əmlak xx xxxxxx 2018-ci il tarixində yanğın hadisəsi nəticəsində yararsız hala düşmüşdür. Fakt Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın nəzarəti xidmətinin 4-cü ərazi DYNİ-ni tərəfindən tərtib edilmiş aktla rəsmiləşdirilmişdir. Cavabdehin rəhbərliyinə xx xxxxxx 2018-ci il tarixdə rəsmi qaydada müraciət edilmişdir. Sığorta hadisəsi barədə şirkətin əməkdaşlarına məlumat verilməsinə, bütün sənədlər təqdim edilməsinə baxmayaraq bugünədək sığorta ödənişi həyata keçirilməmiş, ümumiyyətlə bununla bağlı müsbət və ya mənfi münasibət bildirilməmişdir. Cavabdehə görə iddiaçının sahibkarlıq fəaiyyəti iflic olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxxx” ASC-dən 29274 manat sığorta ödənişi, hər gecikdirilmiş 718 gün üçün 0,1 faiz həcmində hesablanmış 21018,70 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 50322,70 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Adıgözəlov Fərhad Məmmədcəfər oğlu iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddia tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - BA seriyalı, 792439 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətinə əsasən ünvan 1 ünvanında yerləşən “Kəndimiz kafesi” 29274 manat məbləğində “xxxxxxxxx” ASC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər sığortalanmışdır və 300 manat azadolma məbləği nəzərdə tutulmuşdur. - xx xxxxxx 2018-ci il tarixli yanğın aktından göründüyü kimi ünvan 1 ünvanında yerləşən “Kəndimiz kafesi”də xx xxxxxx 2018-ci il tarixində yanğın baş vermiş və əmlak yanaraq məhv olmuşdur. - “xxxxxxxxx” ASC-nin rəhbərliyinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubda daşınmaz əmlaka sığorta hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığortalı Fərhad Adıgözəlova 29274 manat sığorta ödənişinin edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx xxxxx 2019-cu il tarixli, 5000 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində yerləşən “Kəndimiz kafesi” adlı qeyi-yaşayış sahəsinin yanması nəticəsində tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 31475,60 manat olduğu müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. - 889.1 və 889.2-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. - 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə. - 901.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. - 904.1 və 904.2-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. İşin faktiki halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən “Kəndimiz kafesi” 29274 manat məbləğində “xxxxxxxxx” ASC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 29274 manat məbləğində sığortalanmış, müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermişdir. İşdə olan BA792439 saylı daşımaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə sazişdən göründüyü kimi əmlakın sığorta məbləği 29274 manat müəyyən edilmiş və sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişləri qismən sığorta şərtinə əsasən həyata keçiriləcəyi tərəflər arasında razılaşdırılmışdır. Lakin cavadeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı tərəfinə ödənişlər edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Buna görə də məhkəmə hesab edir ki, şəhadətnamədə qeyd olunan 300 manat azadolma məbləği 29274 manat sığorta ödənişindən çıxılaraq 28974 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 903.1 – 903.6-cı maddəsində qeyd olunmuşdur ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 934.1 və 934.2-ci maddəsində qeyd olunmuşdur ki, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin, məhkəmə 28974 manat əsas borca 21018,70 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 21018,70 manat dəbbə pulunun miqdarı azaldılaraq 2500 manat miqdarında müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 28974 manat məbləğində sığorta ödənişi, 2500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 31474 manat məbləğində pul vəsaiti “xxxxxxxxx” X2 tutularaq Adıgözəlov Fərhad Məmmədcəfər oğluna ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunması nəzərə alınaraq dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspert rəyində göstərilən məbləğin tələbdə göstərilən məbləğdən artıq olması nəzərə alınaraq məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Adıgözəlov Fərhad Məmmədcəfər oğlunun “xxxxxxxxx” X1rşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 28974 manat məbləğində sığorta ödənişi, 2500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 31474 manat məbləğində pul vəsaiti “xxxxxxxxx” X2 tutularaq Adıgözəlov Fərhad Məmmədcəfər oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğində pul vəsaiti “xxxxxxxxx” X2 tutularaq Adıgözəlov Fərhad Məmmədcəfər oğluna ödənilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti “xxxxxxxxx” X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-49/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-49/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver