Məhkəmə qərarları › İş №2-2(113)-493/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-493/2022

15.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-493/2022 15.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabeh Cavabdeh1 ASC-nin nümayəndəsi X5 cavabeh Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli, 07L000002449 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 06M000000897 saylı ipoteka müqaviləsi (Goranboy rayonu Dövlət Notariat Kontorunun dövlət notariusu Z.M.Ağcayev tərəfindən təsdiq edilib) əsasında Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər Ərazi İdarəsi tərəfindən 6 №-li reyestr kitabının 74 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh2 öhdəliklərini icra etmədiyindən ona və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə Goranboy Rayon Məhkəməsinə müraciət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-01/2020 saylı qətnaməsi ilə cavabdehlərdən birgə qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06R000018703 saylı kredit razılaşması üzrə 41340.89 ABŞ dolları əsas, 9487,49 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə, 006R********** saylı kredit razılaşması üzrə 92329.2 manat əsas, 29134,03 manat faiz və 1500 manat cərimə, 006KK**********01 saylı kredit razılaşması üzrə 4993,21 ABŞ dolları əsas, 912,34 ABŞ dolları faiz və 200 ABŞ dolları cərimə, 150 manat məhkəmə xərcləri tutulmuş, tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh2 mülkiyyətində olan 23 saylı mənzilinə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdeh2 Cavabdeh1 ASC-yə və üçüncü şəxs İddiaçı QSC-yə qarşı iddia qaldırmış və iddiasında Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclaslarında iştirak etdikdən sonra aydın olmuşdur ki, İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsi bankın razılığı olmadan digər bir bankla - Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsində yerləşən 3420 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, 2014-cü ildə kredit müqaviləsinin təminatı kimi Goranboy rayonunda 1 mərtəbəli yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmədiyinə görə pulun tutulması və ipotekaya yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət olunmuşdur. Goranboy Rayon Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Hal-hazırki mübahisə üzrə “Accessbank“QSC ipoteka müqaviləsi üzrə həmin predmetin torpaq sahəsi yüklülüyünə sahibdir, "xxxx" ASC isə həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin yüklülüyü hüququna sahibdir. Bir sözlə əşya hüququ həm onlara aiddir, həm də İddiaçı QSC-yə ipoteka müqaviləsi məhdud əşya hüququ olduğu üçün mülkiyyət hüququ yalnız Cavabdeh2 aid olduğundan mülkiyyətçi kimi o əşya hüququnu bir neçə şəxs qarşısında yüklü edə bilər. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil məhkəməyə izahatında qeyd etmişdir ki, irəli sürülən iddia tələbi əsaslıdır. Belə ki, həmin cavabdehə məxsus torpaq sahəsi əvvəlcə İddiaçı QSC qarşısında ipoteka edilib. Buna baxmıyaraq 2014-cü ildə yaşayış sahəsi ipoteka edilmişdir. Qanunun tələbinə görə eyni əmlak yenidən ipoteka edildikdə əvvəlcə ilkin ipoteka yüklülüyü edilmiş şəxsin razılığı alınmalı idi. Lakin heç bir razılıq alınmamışdır. Cavabdeh1ın nümayəndəsi sübut etməyə çalışır ki, torpaq sahəsi İddiaçı QSC-də ipotekaya qoyulub, Cavabdeh1 ASC isə qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü edib. Lakin çıxarışa diqqət etdikdə görünür ki, həmin qeyri-yaşayış sahəsi və torpaq vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Məhz həmin müqavilə bağlanarkən qanunun tələbləri pozulmuşdur. Odur ki, iddiaçının müqavilənin etibarsızlığı barədə tələbi əsaslıdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: İddiaçı QSC “ipoteka saxlayan” ilə Cavabdeh2 “ipoteka verən” olmaqla bağlanmış xx.xx.2012-ci il tarixli, 06M000000897 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, 00776018 №-li çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi İddiaçı QSC-nin “Gəncə” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 saylı 18 iyun 2020 tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, X8, X9, X11, X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutumanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, X4, X6, X7 və X1 birgə qaydada İddiaçı QSC-nin xeyrinə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc üzrə 41340,89 ABŞ dolları, faiz borcu üzrə 9487,49 ABŞ dolları, cərimə üzrə 1.000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, 04 noyabr 2015-ci il tarixli 006Rİ530814701 saylı razılaşma üzrə əsas borc üzrə 92329,2 manat, faiz borc üzrə 29134,03 manat, cərimə üzrə 1500 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı razılaşma üzrə əsas borc üzrə 4993,21 ABŞ dollar, faiz borcu üzrə 912,34 ABŞ dollar cərimə üzrə 200 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və, ipoteka predmetinə tutmanın yöləldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı tutulmuş, hər üç kredit razılaşması üzrə tələb Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evdə yerləşən 23 saylı mənzilə, Goranboy rayonu, Goran, qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr qeyri-yaşayış sahəsindən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, Goranboy rayonu, Goran qəsəbəsində yerləşə 0.35 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılması, İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, GNC- 2097 ip saylı baş kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 15% olmaqla, 1.000.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış GNC-2097 ip nömrəli 06 sentyabr 2014-cü il tarixli müqavilə ilə Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında yerləşən qeyriyaşayış binası Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0.35 ha sahədən ibarət Goranboy rayon Goran qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus Gornaboy rayonu, Goran qəsəbəsində yerləşən qeyri - yaşayış binası 0,35 ha torpaq sahəsilə birlikdə Cavabdeh1 ASC Gəncə Filialının xeyrinə yüklü edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC ilə X10 arasında ipoteka müqaviləsi imzalanmış Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Daha sonra Rabitəbank” ASC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və Goranboy rayonu, Goran qəsəbəsi, Bakı- Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Hazırki iş üzrə tərəflər arasında mübahisənin predmeti İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsi ilə bağlı bankın razılığı olmadan Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış GNC-2097 ip saylı ipoteka müqaviləsidir. Azərbaycan Respublikası MM-nin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəyə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəyə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü madəyə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5 Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası MM-nin 310-cü maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən“ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən“ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. 51.2-ci maddəsinə əsasən“torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. 51.3cü maddəsinə əsasən ipoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəyə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Yuxarıda qeyd olunan maddi hüquq normalarını əsas götürərək, məhkəmə hesab edir ki, mübahisələndirilən ipoteka müqaviləsinin etbarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarından da aydın olur ki, Cavabdeh2 ona məxsus olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 06M000000897 saylı müqavilə ilə yüklü etmiş, daha sonra isə Cavabdeh1 ASC ilə imzaladığı GNC-2097 ip nömrəli 06 sentyabr 2014-cü il tarixli müqavilə ilə həmin ərazidə yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. İddiaçı iddia tələbini AR MM-nin 284.2-ci maddəsi ilə əsaslandıraraq qeyd etmişdir ki, girov predmeti olan əmlak barəsində yalnız girov saxlayanın razılığı ilə sərəncam verilə bilər. Məhkəmə hesab edir ki, qeyd edilən hal müqavilənin etibarsızlığına əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10,4 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı "xxxx" QSC tərəfindən ödənilmiş 10,4 (on manat qırx qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər.“ Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar