Məhkəmə qərarları › İş №2-2(113)-5045/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-5045/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-5045/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 007412 nömrəli 05 mart 2021-ci il tarixli aktın ləğv edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun ünvanına hesablanmış 6432 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına 06.09.2021-ci il tarixdə daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2876/2021 nömrəli, 07.09.2021ci il tarixli qərardadı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 3-cü bəndinə əsasən Məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Belə olan halda məhkəmə qeyd olunan qərarın tələblərini nəzərə alaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.7-ci “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd və həmin sənədin cavabdehə çatdırılmasına dair sübut əlavə edilməmişdir. Bundan başqa iddia ərizəsinin Qaradağ Rayon Məhkəməsinə daxil olduğu 06.09.2021-ci il tarixə qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı dövlət rüsumunun ödənilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı barədə tələbə riayət edilməsini təsdiq edən sənəd, iddia ərizəsinin cavabdehə çatıdırlması, habelə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi barədə sübutlar və dövlət rüsumu ödənilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar