Məhkəmə qərarları › İş №2-2(113)-505/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-505/2021

04.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-505/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə 1999.99 manat (bir min doqquz yüz doğsan doqquz manat doğsan doqquz qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Nərimanov Rayon Enerji Satış idarəsi "İddiaçı'' MMC-yə göndərdiyi xəbərdarlıq məktubunda müəssisənin xx xxxxxxxx 2020-ci il tarixinə 1999.99 manat (bir min doqquz yüz doğsan doqquz manat doğsan doqquz qəpik) borcunun olduğunu iddia edir və bu borcun xx xxxxxxxx 2020-ci il tarixə qədər ödənilməyəcəyi təqdirdə müəssisənin elektrik enerji təchizatını saat 15:00-da dayandırılacağını bildirmişdir. Qeyd olunan borcu olması əsasızdır belə ki, müəssisə göndərilən Seriya:EBAN Ns 352922 saylı xx.xx.2020-ci il tarixli rəsmi elektron qaiməyə əsasən müəsisənin "Cavabdeh" ASC-yə 5438.83 manat (beş min dörd yüz otuz səkkiz manat səksən üç qəpik) borcu olduğu iddia edilir. Bu da digər aylarla müqaisədə həddində artıq çoxdur. Belə ki, Seriya: EBAK Ns 945414 saylı xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən müəssisə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 2265.00 manat (iki min iki yüz altmış beş manat) məbləği dəyərində elektrik enerjisi sərf etmişdir. Həmçinin Seriya: EBAM Ns: 008116 saylı xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən müəssisə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3384.47 manat (üç min üç yüz səksən dörd manat qırx yeddi qəpik) məbləği dəyərində elektrik enerjisi sərf etmişdir. Qeyd edilən aylar ərzində elektrik enerji sərfiyyatını artıracaq heç qurğu və ya avadanlıq alınmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Akt R 027686 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı MMC-yə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Aerodrom ***-**** məhəllə ünvanında yerləşən sexdə E.E.İ.Q-na uyğun olaraq yoxlama aparılan zamanı sayğacın Ekranın arabir itməsi qeydə alınmışdır. 73000341 nömrəli Makel C 410 sayğac çıxarılaraq yenisi ilə əvəz edilmiş və köhnə sayğac müainə edilməsi üçün götürülmüşdür. - Akt R 027686 saylı xx.xx.2020-ci il tarixli cavabdeh tərəfindən tərtib edilmiş icra vərəqindən görünür ki, 73000341 nömrəli Makel C 410 sayğacın labarator yoxlanılması zamanı elektrik sayğacının ekran göstəriciləri müəyyən vaxt oxunmur qüsuru müəyyən edilmişdir. Qeyd olunan qüsura əsasən istehlakçı (26560 kvts:31 gün x 57 gün) -35080 kvts =13756 kvts elektrik enerjisi itkisi hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ********* nömrəli borcun ödənilməsinə dair qaimədən görünür ki, cavabdeh “xxxx” ASC iddiaçıya akt üzrə EİQ pozulması səbəbindən hesablanmış 1238.04 manat borcun ödənilməsi tələb edilmişdir. - **********72484 saylı abunə kodu üzrə Abunə haqqında arayışdan görünür ki, Akt № 207015 nömrəli akt üzrə abonentə xx.xx.2020-ci il tarixdə EİQ pozulması səbəbindən 1238.04 manat borc yazılmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixədək elektrik enerjisindən istifadə edilməsinə görə 1999,99 manat borcun ödənilmədiyi halda elektrik enerjisinin verilişinin dayandırılması bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və iddiaçıya Akt R 027686 saylı xx xxxxxx 2020-ci il tarixli akt yazılmış və həmin akt əsasında abonentə xx.xx.2020-ci il tarixdə 1238.04 manat borc hesablanmışdır. “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən,Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.3-cü bəndinə uyğun olaraq. dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 15.8-ci bəndinə görə enerji resurslardan səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə müstəqil enerji istehsalçısı borcludur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunvericiliyin göstərilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, 1238,04 manat əlavə sərfiyyat “xxxx” ASC tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, Akt R 027686 saylı xx xxxxxx 2020-ci il tarixli akt əsasında hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Ona görə məhkəmə hesab edir ki, akt üzrə hesablanmış və iddiaçı tərəfindən mübahisələndirilən 1999,99 manat məbləğinin 1238.04 manat borc hissəsində İddiaçı MMC-nın abunə hesabından silinməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara münasibət məhkəmə hesab edir ki, iddiaçı tərəfində mübahisələndirilən 1999.99 manat borcun yalnız 1238,04 manat hissəsi Akt R 027686 saylı xx xxxxxx 2020-ci il tarixli akt əsasında hesablanmışdır. Digər (1999,99-1238,04=) 761,95 manat hissəsi isə iddiaçıya istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. İddiaçı tərəfindən qeyd olunan halı təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən Akt R 027686 saylı xx xxxxxx 2020-ci il tarixli akt əsasında hesablanmış 1238,04 manat məbləğində borc İddiaçı MMC-nın **********72484 saylı abunə hesabından silinməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən Akt R 027686 saylı xx xxxxxx 2020-ci il tarixli akt əsasında hesablanmış 1238,04 (min iki yüz otuz səkkiz manat sıfır dörd qəpik) manat məbləğində borc İddiaçı MMC-nin **********72484 abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar