Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-515/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “qeyri yaşayış obyektinə elektrik xəttin bərpa olunması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “qeyri yaşayış obyektinə elektrik xəttin bərpa olunması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkaran Rayon Məhkəməsinə müraciət edərək, 1985-ci il tarixdən, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması və dəymiş 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1541/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsi “Böyük Bazar” ərazisində yerləşən “Lalə” ticarət obyektinə (kod **********5) 1985-ci il tarixindən Lənkəran İİ yarım stansiyasının 4 saylı (kod 8020027) xəttdən yer altı kabel çəkərək ondan istifadə etməklə, eyni zamanda 9 saylı (kod 8020082) hava xəttindən, yəni- tikili qidalanma ilə elektrik enerjisi verilmişdir. Təxminən 5-6 il bundan qabaq aramsız yağan yağışlar nəticəsində 4 saylı xəttin qoşulduğu transformatorun binası su ilə dolub qısa qapanma nəticəsində “Lalə” ticarət evinə gələn yeraltı 100 metr 200 manat dəyərində kabeli zədələnib sıradan çıxmışdır. Odur ki, həmin transformatorda baş vermiş qəza nəticəsində “Lalə” ticarət mərkəzinə verilən 4 saylı elektrik xətti müvəqqəti açılıb əvəzində ancaq 9 saylı hava xəttindən elektrik enerjisinin verilməsi davam etdirilmişdir. “Lalə” ticarət obyektinin daxilində hər iki elektrik xəttlərinə xidmət edən 1.5 metr hündürlüyündə dəmir elektrik şkafın içərisində qoruyucular, bir xətdən digər xəttə keçmək üçün ayırıcı avtomat və iki xəttə xidmət edən elektrik sayğacı olmuşdur. “Lalə” ticarət obyekti sonuncu nöqtə olduğu üçün, 9 saylı hava xəttindən ticarət mərkəzinə verilən elktrik enerjisinin gərginliyi normadan qat-qat aşağı təxminən 140-150 vat olmuşdur. Bu səbəblərdən təxminən hələ 2010-cu il tarixdən, “Lalə” ticarət obyektinə verilən 160 vat gərginliyi 220 vat gücünə qədər qaldıran elektrik tənzimləyicisindən istifadə olunmuşdur. Həmin elektrik tənzimləyicisi gücü 120 kva. qiyməti isə 2000 manat olmaqla Bakı şəhəri, “Hilal” elektrik dükanından alınmışdır. Lakin “Lalə” ticarət obyektinə yuxarıda qeyd olunan elektrik tənzimləyicisi vasitəsilə elektrik enerjisinin verilməsinə baxmayaraq 2018-ci ildə sözü gedə həmin tənzimləyici həmçinin ticarət mərkəzindəki, quraşdırılmış elektrik cihazları olan 12 ədəd 2500 BK kondensonerindən 4 ədədi 400 man. və 1 ədəd 500 manat qiymətində kompyuter yanıb sıradan çıxmışdır. Tənzimləyici yandıqdan sonra heç bir elektik avadanlıqlar cihazlar işləməmişdir. Baş vermiş hadisə ilə bağlı X5 baş mühəndisi Bəhrəmov Şamidə şəxsən müraciət edildi. Belə olan vəziyyətdə Bəhrəmov Şamidin təklifinə görə qonşuluqda “məişət” idarəsinin həyətində yerləşən şəxsi adamların transformatortdan öz maliyyə hesabına 200 man. dəyərində 100 metr uzunluğunda kabel vasitəsilə 2-ci qidalanma olan 9 saylı elektrik hava xətti bərpa olundu. Lakin vətəndaşların şikayət və naraqzılıqlarına görə təxminən bir aydan sonra elektrik xətti məcburən açıldı. Yenidən digər qonşu olan iş adamı Zərrintac adlı xanımın transformatortdan 2-ci qidalanma yəni 9 saylı elektrik hava xətti bərpa olunmaqla “Lalə” ticarət obyektinə elektrik enerjisi verilmişdir. Lakin cəmi bir ay müddətinə quraşdırılmış həmin elektrik xətti yenidən açılmışdır. Cavabdeh “xxxx” ASC Cənub RETSİ-nin məsləhəti ilə bu dəfə isə məcburən küçədən keçən xəttə qoşulduq, şalbandan verilən elektrik cərəyanı 140-150 vat gücündə olduğu üçün yenidən elektrik avadanlıqları yanıb sıradan çıxmışdı. Odur ki, cavabdehin ucbatından “Lalə” ticarət obyektinə elektrik tənzimləyicisi 2000 man + kondensonerin 4 ədədi 1600 manat + komputer 1 ədədi 500 man. + 100 metr kabel 200 man. + 100 metr yeraltı kabel 200 man. olmaqla cəmi birlikdə = 4500 (Dörd min beş yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Belə olan halda elektrik şəbəkənin rəhbərliyinə yenidən müraciət edilmişdir. Bundan sonra “Lalə” ticarət obyektinə verilən 9-cu hava xəttini müvəqqəti açıb sıradan çıxmış yeraltı 4-cü xətti havadan verməklə yenidən bərpa edilmişdir. Eyni zamanda Lənkəran İİ yarım stansiya təmirdən sonra ikinci qidalanma olan 9-cu elektrik hava xəttinin də bərpa olunacağını bildirilmişdir. Nəhayət 9- cu elektrik hava xətti uzun müddətə təmirə dayandırılmış və müasir standartlara uyğun olaraq yenidən qurulmuşdur. Yəni Lənkəran şəhərində quraşdırılmış İİ yarım stansiyanın açılışında yenidən istifadəyə verilməsində möhtərəm X10 cənablarıda şəxsən iştirak etmişdir. Lakin “Lalə” ticarət mərkəzinə 9 saylı elektrik hava xətti bərpa olunmadı. Bununla belə hal-hazırda 4 saylı hava elektrik xətti ilə verilən elektrik enerjisi “Lalə” ticarət mərkəzinin fəaliyyət göstərməsinə kifayət etmirdi. Bu səbəblərdən hələ 1984-cü ildən “Lalə” ticarət obyektinə ikili qidalanma ilə verilmiş elektrik enerjisinin təmin olunması məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə cavabdeh “xxxx” ASCnin Cənub (X7 və Satışı İdarəsi) RETSİ-nə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixli müraciətdən sonra cavabdeh “xxxx” ASC-nin Cənub RETSİ-nin rəhbərliyi tərəfindən “Lalə” ticarət mərkəzinə 9 saylı elektrik hava xətti vasitəsilə 2-ci qidalanmanın bərpa olunması barədə göstəriş verilmişdir. Lakin “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi haqqında” Prezidentin sərəncamı ilə xx xxxx 2020-ci il tarixdən rayon ərazisində karantin rejimi tətbiq olunmuşdur. Şəbəkədə və rayonda “evdə qal” aksiyası həyata keçirilərək bütün fəaliyyət dayandırılmışdır. Bu səbəblərədən 9 saylı elektrik hava xətti vasitəsilə 2-ci qidalanmanın bərpa olunması prosesidə dayandırıldı. May ayının ilk günlərində karantin rejimi qismən bitib fəaliyyət bərpa olunduğu üçün, iddiaçı tərəfindən yenidən müraciət olunmuşdur. Lakin cavabdeh “xxxx” ASC-nin Cənub RETSİ-nin yeni rəhbərliyi tərəfindən, 1984-cü il tarixdən, “Lalə” ticarət obyekti qanunamüvafıq olaraq məxsus olduğu ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən, elektrik enerjisinin verilməsindən xx xxx 2020-ci il tarixli, 01/ C- 0269 saylı cavab məktubu ilə imtina etmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-6967/2017 saylı qətnamənin qət etdi hissəsindəki, borc pul silinsədə belə obyektə ikinci xəttin- qidalanmanın verilməsi təmin olunmamışdır. Odur ki, həmin qeyd olunan qətnaməyə AR MPM-nin 230.1 -ci maddəsinin tələblərinə uyğun olaraq izah verilməsindən ötrü nümayəndə X4 ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə nümayəndənin haqlı xahişini xx xxx 2018-ci il tarixli, 2(049)-6967/2017 saylı Qərardadla təmin etmişdir. Bununla belə 9 saylı hava xəttindən “Lalə” ticarət obyektinə verilən ikinci qidalanmanın bərpa edilməsindən ötrü, elektrik material- avadanlıqlarının, xidmət haqqlarının bir sözlə zəruri tələb olunan bütün məsrəflərin iddiaçı tərəfindən ödənilməsi barədə cavabdehə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 40 saylı qərarına riayət edilmişdir. Həmin qaydaların tələblərinə əsasən obyektə ikinci xəttin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş 001406 saylı xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamə görünür ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ərizə xx xxxxxx 2020-ci il tarixli iddiaçı tərəfindən edilmiş ”xxxx” ASC-yə ünvanlanmış ərizədən görünür ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan ticarət mərkəzinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən, elektrik enerjisinin bərpa edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli a/c-0269 saylı cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının mülkiyyətində olan ticarət evinə ikinci xəttin çəkilməsi üçün obyektin sənədləri ilə birlikdə Masallı “Asan Xidmətə” müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan obyektə elektrik enerjisi daha əvvəl iki elektrik xətti ilə təmin edilmişdir. Daha sonra obyektə gedən ikinci elektrik xətti cavabdeh tərəfindən yarasız olduğu üçün kəsilmişdir. İddiaçı bu hadisədən sonra obyektdə olan avadanlıqların yararsız hala düşməsini və bununlada ona külli miqdarda ziyan dəydiyini bildirmişdir. İddiaçı bununla əlaqədar cavabdehə müvafiq müraicət ünvanlanmasına baxmayaraq cavabdeh tərəfindən ikinci xəttin bərpa edilməsi təmin edilməmişdir. İddiaçı obyektə ikinci elektrik xətinin çəkilməsi və dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir, tələbin birinci hissəsi “1985-ci il tarixdən, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” ikinci hissəsi “dəymiş 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyanın ödənilməsidir”. Məhkəmə ilk olaraq tələbin ikinci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı dəymiş ziyanın elektrik enerjisinin müvafiq gərginlikdə verilməməsi səbəbindən elektrik tənzimləyicinin sıradan çıxması nəticəsində avadanlıqlara ziyan dəydiyi iddia etmişdir. Obyektdə müvafiq gərginliyinin gəlməməsinin səbəbini isə iddiaçı ikinci elektrik xəttinin qoşulmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi ziyan tələbi üzrə iddialarda, zərərin vurulması, zərərin miqdarı və zərərin qarşı tərəfin qanunsuz hərəkəti nəticəsində vurulmasının (təqsirin) müəyyən edilməsi zəruridir. Həmin hallara münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslandıran zaman iddiaçı iddia ərizəsində ikinci xəttin aramsız yağışlar yağması səbəbindən artıq yararsız vəziyyətə düşdüyünü və bundan sonra cavabdeh tərəfindən həmin xəttin ayrıldığını bildirmişdir. Eyni zamanda iddiaçı dəfələrlə cavabdehə ikinci xəttin bərpasına dair müraciət etdiyini bildirsə də qeyd olunan müraciətlərə dair yalnız bir dəfə yazılı müraciətini təsdiq sübutu məhkəməyə təqdim etmişdir. Belə olan halda iddiaçıya dəymiş ziyanın cavabdehin təqsiri nəticəsində baş verməsi təsdiq olunmur. Həmçinin iddiaçı tərəfindən qeyd olunan halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə tələbin birinci “1985-ci il tarixdən, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan ticarət obyektinə əvvələr iki ayrı elektrik xətti ilə elektrik enerjisi verilmişdir. Daha sonra cavabdeh tərəfindən qeyd olunan elektrik xətti yarasız olduğu üçün ləğv edilmişdir. “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanun elektrik və istilik enerjisinin istehsalının, nəqlinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını müəyyən edir. Bu Qanunun əsas məqsədi ətraf mühitə qayğı göstərərək sosial iqtisadi cəhətdən enerjinin istehsalını və istehlakının marağına uyğun olaraq enerji bazarına çıxarılmasını təmin etməklə enerji resurslarından səmərəli istifadə etməkdir. Həmin qanunun 3-cü maddəsinə əsasən Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri aşağıdakılardır: dövlət elektroenergetika müəssisəsi — vahid dövlət elektroenergetika sistemi; enerji təchizatı müəssisələri; müstəqil enerji istehsalçıları — iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və vahid dövlət elektroenergetika sisteminə tabe olmayan hüquqi şəxslər; enerji istehlakçıları. Dövlət elektroenergetika müəssisəsinə vahid mərkəzdən idarə olunan yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələri, onların dispetçer idarəetmə vasitələri və ona tabe olan enerji istehsalçıları daxildir. Bu müəssisə müqavilələr əsasında istehsalçılardan enerjini satın alır və onu öz şəbəkələri vasitəsilə nəql edir, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. Enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Elektrik və istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli 40 saylı qərarı bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasında elektrik qurğularının quraşdırılması üzrə münasibətləri tənzimləyir. Həmin qərarın 1.3.2.1-ci bəndinə əsasən elektrik qəbuledicilərinin elektrik təchizatının etibarlılığı üzrə kateqoriyaları elektrik təchizatı sisteminin layihələndirilməsi prosesində normativ sənədlər, həmçinin layihənin texnoloji hissəsi əsasında təyin edilir. Həmin qərarın 1.3.2.2-ci bəndinə əsasən elektrik təchizatının etibarlılığının təmini baxımından elektrik qəbulediciləri aşağıdakı üç kateqoriyaya bölünürlər: Birinici kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə insanların həyatı, dövlətin təhlükəsizliyi üçün təhlükənin yaranmasına, xeyli dərəcədə maddi ziyanın dəyməsinə, mürəkkəb texnoloji prosesin, kommunal təsərrüfatın xüsusi vacib elementlərinin, rabitə və televiziya obyektlərinin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Birinci kateqoriyalı elektrik qəbuledicilərinin tərkibindən xüsusi qrup elektrik qəbulediciləri ayrılır ki, insanların həyatına olan təhlükənin, partlayışların və yanğınların qarşısının alınması məqsədilə istehsalatın qəzasız dayandırılması üçün onların fasiləsiz işi zəruridir. İkinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə kütləvi miqdarda məhsul buraxılmamasına, işçilərin, mexanizmlərin və sənaye nəqliyyatının kütləvi boş dayanmasına, böyük sayda şəhər və kənd sakinlərinin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Üçüncü kateqoriyalı elektrik qəbulediciləri – birinci və ikinci kateqoriyaya aid olmayan bütün elektrik qəbuledicilərdir. Həmin qərarın 1.3.2.5-ci bəndinə əsasən, üçüncü kateqoriya elektrik qəbuledicilərinin elektrik təchizatı bir qida mənbəyindən yerinə yetirilə bilər, o şərtlə ki, elektrik təchizatı sistemindəki zədələnmiş elementin təmiri və ya dəyişdirilməsi üçün tələb olunan elektrik təchizatındakı fasilələr bir gündən artıq olmasın. Yuxarıda qeyd olunan hallara əsasən iddiaçının mülkiyyətində olan ticarət obyekti üçüncü kateqoriya elektrik qəbuledicisi olaraq qəbul edilir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının ona məxsus obyektə ikinci elektrik xəttinin qoşulması barədə müraciətinə cavab olaraq həmin obyektin sənədləri ilə birlikdə Masallı “Asan Xidməti”nə müraciət edilməsi bildirilmişdir. Məhkəmə qeyd olunan halla razılaşmayaraq qeyd edir ki, yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinə əsasən iddiaçıya məxsus obyektin elektrik enerjisi ilə təminatına dair bütün məsələlər cavabdeh tərəfindən müəyyən edilir. Bundan başqa cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsinə konkret hər –hansı hüquqi əsası göstərilməmiş və bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə tərəflər arasında yaranmış mübahisəyə dair tərəflərin münasibətlərini tənzimləyən normaları rəhbər tutaraq qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan obyektə ikinci müstəqil elektrik xəttinin çəkilməsinə dair cavabdehə qarş tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli 40 saylı qərarının 1.3.2.5-ci bəndinə əsasən üçüncü kateqoriya elektrik qəbuledicilərinin yalnız bir qida mənbəyində elektrik enerjisinin verilməsinə dair hər-hansı imperativ şərt mövcud deyildir. Əksinə qeyd olunan qərarın müvafiq bəndində “üçüncü kateqoriya elektrik qəbuledicilərinin elektrik təchizatı bir qida mənbəyindən yerinə yetirilə bilər” olaraq qeyd olunmuşdur. Bu isə iddiaçıya məxsus obyektə ikinci elektrik xəttinin qoşulmasına dair hər hansı hüquqi məhdudiyyət olmamasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsi cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(113)-515/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-515/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver