Məhkəmə qərarları › İş №2-2(113)-524/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-524/2022

25.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-524/2022 25.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən 051620 nömrəli abonent kodu üzrə əsassız hesablanmış 4077,89 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Cavadxan küçəsi ev 24-də ona aid qeyri-yaşayış sahəsində, 19077268 nömrəli müqavilə, 051620 nömrəli abonent kodu ilə istifadəsində olan su xəttinə dair ondan pul tələb edilərək dəfələrlə Cavabdeh ASC-nin Nəsimi rayon sukanal işçiləri tərəfindən sayğacda olan nasazlığın aradan qaldırılması iddiası ilə müdaxilə olunması barədə müraciətinin araşdırılması ilə əlaqədar olaraq 26 iyul 2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti araşdırılmamış, əksinə xəbəri olmadan sayğac dəyişdiriləndən sonra inzibati akt tərtib olunmaqla ona qeyri- qanuni və heç bir hüquqi əsas olmadan 4.077,89 manat cərimə hesablanaraq onun şəxsi vərəqinə qeydiyyata almışlar ki, bu barədə 04 noyabr 2019-cu il tarixdə yeni kartına balans yükləyə bilməməyinin səbəbini araşdırarkən məlum olmuşdur. 12 noyabr 2019-cu il tarixdə təkrar ərizə ilə inzibati şikayət edib əsassız olaraq yazılmış borcun silinməsini, inzibati aktın ləğv edilməsini xahiş etmişdir. Lakin yenə də müraciəti araşdırılmamışdır. Bundan sonra 20 dekabr 2019-cu il tarixdə vəsatətlə suyun bərpa olunması və smartkartın aktiv edilməsi üçün müraciət etmiş, müraciət cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəf 4077,89 manat borcun silinməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş abonent haqqında məlumatlardan görünür ki, İddiaçı 3.977,89 manat məbləğində borcu vardır. İş materiallarından müəyyən olunur ki, İddiaçı 051620 nömrəli abonent kodu ilə məxsus olan Alfasu AS-20 markalı smart sayğac 24.06.2019-cu il tarixdə Cavabdeh ASCnin əməkdaşları tərəfindən dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan 24.06.2019-cu il tarixli, 380028/0045153 saylı rəydə Alfasu AS-20 markalı smart sayğacın (əvvəlki) “yoxlama nəticəsi olaraq mexaniki hissə tərəfindən verilən impuls elektron hissə tərəfindən eyni ardıcıllıq üzrə qəbul edilmişdir, mexaniki hissə üzrə ötürülən impulsun elektron hissə üzrə dəyişmədən qəbul edilməsi və faktiki fərq hesablama mexanızmlərindən birinin dəyişdirilməsini təsdiq edir, sayğac təmirə və istismara yararsızdır” kimi qeydlər aparılmışdır. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında sayğaca 24.06.2019-cu il tarixdə baxış keçirildiyini, baxış zamanı sayğacın çıxarılaraq Cavabdeh ASC-nin İdarəsinə gətirilərək baxış keçirildiyini və baxış zamanı sayğaca müdaxilə aşkar olunaraq rəy tərtib edildiyi və Sudan istifadə qaydalarının 4 nömrəli Əlavə cədvəlinə əsasən aylıq 92 kub.m hesablanmaqla ziyanın hesablandığını bildirmişdir. İddiaçı tərəf sayğaca hər hansı bir müdaxilə etmədiklərini, əvvəl də sayağac işlək olduğundan istifadə edilmiş suya görə sərfiyyatı qeydə aldığını və müvafiq ödənişləri etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonent haqqında məlumatdan görünür ki, 2019-cu ilin iyul ayında İddiaçı ümumilikdə 4.124 manat borc hesablansa da, qeyd edilən borcun 4.104 manat olan hissəsi Cavabdeh ASC tərəfindən Sudan istifadə qaydalarının 4 nömrəli Əlavə cədvəlinə istinad etməklə aylıq 92 kub.m hesablamaqla yazılmış (4.104 manat) borcdur. Həmçinin qeyd edilməlidir ki, iş materialarına əlavə edilmiş abonent haqqında məlumatlardan görünür ki, İddiaçı adına olan sayğac əvvəlki illər və aylar üzrə istifadə edilmiş suya görə müvafiq göstəricilər qeydə alınmış və ödənişlər aparılmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC su sayğacına müdaxilə edilməsini göstərsə də, su sayğacına İddiaçı tərəfindən hər hansı bir müdaxilə edilməsi və ya hər hansısa qanun pozuntusunun törədilməsi kimi hallara, eyni zamanda ziyanın 4.104 manat hesablanmasının əsasına dair hər-hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də borc məbləğinin hesablanması əsassızdır. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmçinində göründüyü kimi, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı hal-hazırda borcunun 3.977,89 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və 3.977,89 manat məbləğində hesablanmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərsu ASC tərərindən İddiaçı 051620 nömrəli abonent kodu üzrə hesablanmış 3977,89 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar