Məhkəmə qərarları › İş №2-2(113)-5276/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-5276/2024

01.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-5276/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 3.420,98 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli “Abubə haqqında” çıxarışa əsasən diqqət yetirərkən, 2002-ci il tarixdən cari günədək müəyyən olunan sayğac göstəricələri barədə cədvəl mövcuddur. Həmin cədvəldən görünür ki, hər bir icra edilməli olan ödəmənin sayğac göstəricisi qeyd olumnmuş və vaxtaşırı borclar gecikmə olmadan ödənilmişdir. Yaranan 3.420,98 borc isə 2001-2002 ilədək olan borc kimi qeyd olunmuşdur. 1 il üçün hesablanan bu məbləğ həmin dövrün tarifləri üçün şübhəli görünür.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

10. İş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, 10/57-257 kodlu abunəçiyə 2001-2002-ci il illər üçün hesablanmış qalıq borc 3.420,98 manat təşkil edir.

11. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf məhkəməyə izahatlarında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olduğunu, texniki Şərtin dəyişdirilməsi üçün ASAN Kommunal Mərkəzində fəaliyyət göstərən cavabdehin nümayəndəliyinə müraciət etdiyini, lakin 2001-2002-ci illərə aid olan passiv borc ödənilmədən, əməliyyatın icra olunması, yəni Texniki Şərtin və onun digər məlumatlarının dəyişdirilməsi mümkün olmadığını, cavabdeh tərəfindən borcun Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-nin vaxtında yarandığını və mövcud borcun silinməsinin icra oluna bilməyəcəyini ona bildirildiyini, buna görə də borcun ümudsiz borc kimi qəbul edilərək, silinməsi üçün məhkəməyə müraciət etmək qərara aldığını qeyd etmişdir.

12. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X1 borc məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi dövrdən daha əvvəl yəni 2001-2002-ci illəri əhatə etdiyini və bunun da, abonent saldosunda öz əksini tapdığını bildirmişdir.

13. Məhkəmə qeyd edir ki, 10/57-257 saylı abunə kodu üzrə “abunə haqqında məlumatda” Xəqani 34 və Avtoservis Vulkanizasiya panorama mağazası göstərilsə də, qeyd edilmiş 10/57-257 saylı abunə kodu məhz İddiaçı mülkiyyətində ünvan 2 ünvanına aiddir.

14. Belə ki, qeyd edilən ünvan üzrə hazırda mübahisələndirilməyən xx.xx.2022-ci il tarixli akt və qeyd edilmiş akta əsasən tərtib edilmiş icra vərəqəsinin məhz iddiaçıda olması və bu sənədlərin də, Məhkəməyə iddiaçı tərəfindən təqdim edilməsi bu nəticəyə gəlmək üçün əsas verir.

15. Həmçinin də, cavabdeh tərəf bunun əksini təsdiq edəcək sübutları Məhkəməyə təqdim etməmişdir.

16. Həmçinin də, Məhkəmə hesab edir ki, cavabdeh tərəf borcun yaranma əsası ilə bağlı hər hansı bir sənədi Məhkəməyə təqdim etmədiyindən, iddia təmin olunmalıdır.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus 10/57-257 saylı abunə kodu üzrə hesablanmış 3.420 (üç min dörd yüz iyirmi) manat, 98 (doxsan qəpik) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar