Məhkəmə qərarları › İş №2-2(113)-546/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-546/2021

22.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-546/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommerisya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qanunsuz hesablanmış 1495 manat borcun silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-2200/2020 nömrəli qərardadı ilə iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1473,93 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən dülgər sexini 2020-ci ilin iyun ayında almışdır. Həmin tarixdən işığın kodunu rəsmi olaraq adına keçirmişdir. 2020-ci ilin iyun ayından həmin dülgər sexinin yarısını kafe, yarısını yağdəyişmə yeri etmişdir. Pandemiya ilə əlaqədar obyektlərinin heç biri fəaliyyət göstərməmişdir. Lakin buna baxmayaraq, cavabdeh qanunsuz olaraq 21 sentyabrda ona 1473 manat borc yazmışdır. Həmin borcu yazanda cavabdeh iddiaçının iştirakını təmin etməmişdir. Obyektə iştirakı olmadan baxış keçirilmişdir. Bu məlumatı alan kimi cavabdehə öz etirazını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman sayğacın çevirici vasitəsilə dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Bu barədə “xxxx” ASC-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş və itirilmiş sərfiyyat olaraq iddiaçıya 1473 manat borc məbləği hesablanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısına dair birtipli müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini elektrik enerjisi ilə təmin etməyi, qarşı tərəf isə bunun müqabilində hər kvts üçün 0,09 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, 002103 nömrəli tərəflərin istismar məsuliyyəti haqqında aktla dülgər sexinə çəkilmiş xəttin abonentin balansında olması razılaşdırılmışdır. - xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 008004 saylı aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən İddiaçı məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, elektrik sayğacı çevirici vasitəsilə dövrədən kənarlaşdırılmışdır. Aktda imza yerində “İddiaçı”nun qarşısında “imtina etdi” sözləri yazılmışdır. - xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 008004 saylı akta əsasən 16377 kvts (28 kvt x 12 saat x 730 gün)- 8151 kvts = 16377 kvts) tarif (0,09 manat)- 16377 kvts x 0,09= 1474 manat elektrik enerjisi sərfiyyatı hesablanmışdır. - Abunə haqqında məlumatlardan görünür ki, qeyd olunan akta əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 1473,93 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş və elektrik sayğacının çevirici vasitəsilə dövrədən kənarlaşdırılması aşkar olunaraq xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 008004 saylı tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 008004 saylı akta əsasən xx.xx.2020-ci il tarixdə 1473,93 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerjitəchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerjitəchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerjitəchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların: 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; - 7.6-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçıya təqdim olunan aylıq hesab fakturalardan müəyyən olundu ki, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 18,45 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 29,43 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 17,37 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 44,19 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 36,54 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 17,37 manat məbləğində elektrik enerjisi sərfiyyatı olmuşdur. Qeyd olunan məbləğlərə (aktdan əvvəlki və sonrakı) nəzər yetirdikdə iddiaçıya sentyabr ayında tərtib olunan akt əsasında 1473,93 manat məbləğində borcun hesablanmasını məhkəmə əsaslı və ədalətli saymır. Bundan başqa: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 008004 saylı akt əsasında hesablanmış 1473,93 manat məbləğində borc silinməlidir. Həmçinin müəyyən olunur ki, iddiaçı ilkin olaraq ümumi məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəmədiyindən (istehlakçı və məcburi köçkün olma səbəbilə) və hazırda iddia təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 008004 saylı akt əsasında hesablanmış 1473,93 manat məbləğində borc silinsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar