Məhkəmə qərarları › İş №2-2(113)-560/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-560/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-560/2022 08.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Vəkil və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə hesablanmış 2196 manat məbləğində cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, sudan istifadə ilə əlaqədar cavabdehlə müvafiq müqavilə bağlamış, cavabdehin tabeliyində olan Su-kanal idarəsinin nümayəndələri özünə məxsus ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə gələrək obyektin su təchizatına baxış keçirmiş və sudan qanunsuz istifadə faktının aşkar edilməsi barədə 007256 nömrəli akt yazmışlar. Aktda göstərilmişdir ki, "obyektin su təchizatına baxış keçirilən zaman məlum oldu ki, abonent qanunsuz olaraq sayğacdan kənar (d=15mm) xətdən rezin boru vasitəsi ilə obyektə məxsus olan su çəninə su duldurur". Lakin mən həmin baxış keçirilməsinə dəvət olunmamışam. Aktda adı fiziki şəxs kimi qeyd olunan X4 isə 2014-cü ildən orada işləmir, buna baxmayaraq akt onun barəsində yazılmış və təbii ki, Mehdiyev Lazım obyekti işlətmədiyindən orada ola bilməzdi, bu səbəbdən aktda adı yazılmasına baxmayaraq akta imza etməmişdir. Buna baxmayaraq aktı tərtib etmiş mütəxəssislər qeyd etmişlər ki, guya o aktı imzalamaqdan imtina etmişdir. Qeyd olunan aktla mənə 2196 manat cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil tələbi müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, İddiaçı ilə Cavabdeh ASC ilə sözügedən obyektin su təchizatı ilə bağlı müqavilənin bağlanmadığını, həmin obyektin su təchizatı ilə bağlı X4 ilə müqavilə bağladığını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 007256 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 127-də yuyucu kimi fəaliyyət göstərən obyektin verilən suyun istehlakçısı kimi X5 göstərilmişdir. Cavabdeh ASC”-nin abonent haqqında məlumatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 127-də yuyucu kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsinin su təhcizatı ilə bağlı 19210211 kodla 091903 nömrəli müqavilə X5 ilə bağlanmışdır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinin su təchizatı ilə bağlı müqavilə iddiaçı ilə deyil, X5 ilə bağlandığına görə, İddiaçı həmin ünvanda yerləşən qeyriyaşayış sahəsinə su təchizatı ilə əlaqədar yazılmış cərimənin silinməsi ilə bağlı iddianın qaldırılmasında subyektiv hüququ yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə hesablanmış 2196 manat məbləğində cərimənin silinməsi tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə hesablanmış 2196 manat məbləğində cərimənin silinməsi tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar