Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-59/2020 20.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 oğluna qarşı cavabdehdən iddiaçının xeyrinə 52708,06 manat sığorta haqqı üzrə borcun, 44889,9 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 97628,05 manatın tutulması barədə, qarşılıqlı iddia üzrə iddiaçı X5 oğlunun cavabdeh "İddiaçı" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən ödəmədiyi sığorta bonusları üçün 107.700 manat, həmin məbləğin ödənilməsini gecikdirməsi səbəbi ilə əmələ gəlmiş gecikmə faizi üçün 3137 manat, müştərilərə görə kompensasiya üçün 40.000 manat, əlavə maddi zərər üçün 10.000 manat, mənəvi zərər üçün 5.000 manat və dövlət rüsumu üçün 30 manat, cəmi 165.867 manat tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh X5 oğluna qarşı cavabdehdən iddiaçının xeyrinə 52708,06 manat sığorta haqqı üzrə borcun, 44889,9 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 97628,05 manatın tutulması barədə, qarşılıqlı iddia üzrə iddiaçı X5 oğlunun cavabdeh "İddiaçı" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçının xeyrinə 15000 manat muzdu, 437 manat gecikmə faizi, 40000 manat müştərilər üçün kompensasiya, 10000 manat əlavə maddi zərər və 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, 1000 manat hüquqi xidmət haqqı, cəmi 71467 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Sonra qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödəmədiyi sığorta bonusları üçün 107.700 manat, həmin məbləğin ödənilməsini gecikdirməsi səbəbi ilə əmələ gəlmiş gecikmə faizi üçün 3137 manat, müştərilərə görə kompensasiya üçün 40.000 manat, əlavə maddi zərər üçün 10.000 manat, mənəvi zərər üçün 5.000 manat və dövlət rüsumu üçün 30 manat, cəmi 165.867 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. Lakin 2016-2017-ci illər ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə müqavilələrin 89754.15 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmişdir. Tərəflər arasında imzalamış xx.xx.2016-cı il tarixli borcun ödənilməsi haqqında Razılaşma protokoluna əsasən cavabdeh 89754.15 manat məbləğindəki borcu etiraf etmiş və hissə-hissə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh öhdəliyini tam icra etməmiş, iddia ərizəsinin tərtib edildiyi tarixə onun iddiaçıya olan borcu 629 ədəd müqavilə üzrə 52708.06 manat təşkil edir. Halbuki, Agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 941.5-ci maddəsinə əsasən "Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Buna müvafiq olaraq, sığorta haqlarının Sığortaçıya ötürülməsini gecikdirdiyinə görə xx.xx.2018ci il tarixinə ödəyəcəyi dəbbə pulu 44889.9 manat təşkil etmişdir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia ərizəsində 15000 manatın hansı riyazi hesablama üsulu ilə hesabladığını əsaslandırmır. Qarşılıqlı iddiaçıya niyə "30.000 manatlıq bal verilməlidir və yaxud bu bal niyə 2 əmsalına bölünməlidir?" bu sualları açıqdadır. Halbuki, komissiyon muzdun hesablanması qaydası tərəflər arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin 6.4 və 6.5-ci bəndinin ikinci hissəsi ilə müəyyən edilir. Müqavilənin 6.4-cü bəndinə əsasən Sığorta agenti nağd qəbul etdiyi sığorta haqqını tam məbləğdə Sığortaçıya ötürdükdə və ya sığorta haqqı köçürmə yolu ilə birbaşa Sığortaçıya ödənildikdə, komisyon mükafat bu müqavilənin 6.5-ci bəndində göstərilən qaydada hesablanır və ödənilir. Müqavilənin 6.5-ci bəndinə əsasən Sığortaçıya tam ötürülmüş və ya ödənilmiş sığorta haqları Sığortaçının hesabına daxil olunduqdan sonra komissiya ayda bir dəfə Tərəflər arasında tərtib olunan akt əsasında hesablanır. Akt hər iki tərəfdən imzalandıqdan sonra komissiya 5 iş günü müddətində Sığorta agentinin bank hesabına köçürmə yolu ilə ödənilir. Belə ki, Sığortaçının qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya ödənilmiş sığorta haqlarına görə heç bir komissiyon muzd borcu yoxdur. İlkin iddia ərizəsinə əlavə edilmiş ödənilməmiş sığorta haqqının və dəbbə pulunun qrafikindən də göründüyü kimi bütün müqavilələr 1 illik müqavilələrdir. Bir illik müqavilələrə görə hansı müştərilər üçün kompensasiya tələbindən söhbət gedə bilər. Qarşılıqlı iddiaçı bu məbləği necə hesabladığını ərizəsində əsaslandıra, sübut edə bilmir. Çünki qarşılıqlı iddiaçı ilk olaraq sübüt kimi şirkətə müştəri qazandırmış olduğunu sübut etməli, bu müştərilərin siyahısını təqdim etməlidi idi. İş materiallarında isə belə bir sənəd yoxdur. Ərizədə “96.2-ci maddəyə istinad etsə də, illik muzdun məbləği haqqında heç bir məlumat vermir və sübut təqdim etmir. Həmçinin ərizədə 5 illik üçün orta muzd hesablayır, amma tərəflər arasında olan münasibətlər cəmi 2 ilə yaxın davam etmişdir. Qarşılıqlı iddiaçı bu hissədə də iddiasını "İddiaçı" Sığorta Şirkəti ASC-nin niyə ona bu məbləği ödəməsini əsaslandıra bilməmişdir. Əlavədə yer alan sübutlardan da göründüyü kimi, qarşılıqlı iddiaçı elektron qaydada bağlanmış bir neçə müqavilələr üzrə "xxxx" da sığorta haqqının Şirkətin hesabına ödənilməsini təmin etməmiş, əksinə qanunvericiliyin tələbini pozaraq sığorta haqqını sığortalıdan nağd qaydada almış və Sığortaçıya ödəməmişdir. Halbuki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbinə görə sığorta ödənişləri nağdsız qaydada ödənilməlidir. Bundan başqa agent bununla da kifayətlənməmiş, bu sığorta haqlarını ümumiyyətlə etməmişdir. Bu səbəbdən də bu taleyi yaşayan bir qism sığortalı DYP-i tələfindən elektron qaydada cərimələnmişdir. Bu faktları sığorta agenti izahatları ilə etiraf etmişdir. Belə olan halda, Agent müqaviləsinin 9.4-cü bəndinə istinad edərək, Sığortaçı müqavilənin dərhal ləğv edilməsi barədə qərar qəbul etmişdir. Agent müqaviləsinin 9.4-cü bəndinə görə, sığorta agentinin fəaliyyətinin bu müqavilənin şərtlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd həyata keçirildiyi aşkar edilərsə, Sığortaçı bu müqavilənin dərhal ləğv edilməsi barədə qərar qəbul edə bilər. Bu halda Sığorta agentinin işləri Sığortaçı tərəfindən təftiş edilir və bir həftə ərzində qarşılıqlı hesablaşmalar aparılır. Göstərilənlərdən göründüyü kimi qarşılıqlı iddia tam əsassız olmaqla yanaşı, Sığortaçıdan faydalanmaq məqsədi güdür. Sonda iddiaçının nümayəndəsi ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bayramov Toğrul Sığorta agenti kimi 2014-cü ildən bəri fəaliyyət göstərir. Onun sığorta agentliyi fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən lisenziyasının tarixi xx.xx.2014, nömrəsi 1024-dür. Bayramov Toğrul ilə “İddiaçı" Sığorta Şirkəti ASC arasında xx xxxxxxxx 2014- cü ildə yeni “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında o, 2014-ci ildən bəri “xxxx” Sığorta Şirkəti ASC-nin sığorta agenti kimi fəaliyyət göstərir. Çalışdığı dövr ərzindən işinə vicdanla yanaşan, peşəkar, bacarıqlı bir sığorta agenti kimi fəaliyyət göstərmiş və hər il “İddiaçı" Sığorta Şirkəti ASC-nin çoxlu miqdarda sığorta məhsulunun satışını həyata keçirmişdir. Bu səbəblə o, dəfələrlə Şirkət tərəfindən mükafatlandırılmışdır. Lakin “İddiaçı" Sığorta Şirkəti ASC-nin 2016-cı ildə rəhbərliyin dəyişməsi səbəbi ilə yeni rəhbərlik Bayramov Toğrulun yüksək satış miqdarına məhəl vermədən onun agentlik müqaviləsinə heç bir əsas olmadan, qanunvericiliyi və “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”ni pozaraq 2018-ci ilin may ayında xitam vermişdir. Həmin müqavilənin 9.3-cü bəndinə görə, tərəflərdən biri digərinə 30 gün əvvəlcədən rəsmi qaydada xəbərdarlıq etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Xəbərdarlıq müddəti ərzində tərəflər arasında qarşılıqlı hesablaşmalar aparılır. Sığorta şirkəti Müqavilənin 9.3-bəndini pozaraq heç bir rəsmi xəbərdarlıq etmədən, qarşılıqlı hesablaşmalar aparmadan müqaviləyə xitam vermiş, sığorta agenti Bayramov Toğrula ödəməli olduğu və vaxtı çatmış 15.000 manat məbləğindəki komisyon muzdunu ona ödəməmişdir. Həmin 15.000 manatlıq muzd sığorta agenti Bayramov Toğrulun 2016-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına qədər İddiaçı Sığorta Şirkətinin xeyrinə bağladığı və bağlanmasında vasitəçilik etdiyi sığorta müqavilələrindən Sığortaçının hesabına daxil olan cəmi sığorta haqlarından ona verilməli olduğu 30.000-lik Sığorta balının 2 Sığorta Əmsalına bölünməsi yolu ilə təsbit edilmişdir. Həmin 15.000 manat hələ də ödənilməmişdir. Bundan başqa, T.Bayramov ilə Sığorta Şirkət arasında bağlanmış “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”nin 6.5-ci maddəsinə görə, “Sığortaçıya tam ödənilmiş və ya ötürülmüş sığorta haqları Sığortaçının hesabına daxil olduqdan sonra Komisyon Muzdu ayda bir dəfə Tərəflər arasında tərtib olunan akt əsasında hesablanır. Akt hər iki tərəfdən imzalandıqdan sonra Komisyon Muzdu 10 gün müddətində Sığorta Agentinin bank hesabına köçürmə yolu ilə və ya özünə yaxud səlahiyyətli nümayəndəsinə nağd qaydada ödənilir”. Sığortaçının hesabına göstərilən sığorta haqları Sığorta agenti T.Bayramovun əməyi sayəsində keçməsinə baxmayaraq Sığorta Şirkəti T.Bayramova çatası komisyon muzdunun ödənilməsini qanunsuz olaraq gecikdirmişdir. Bütün bunları nəzərə alaraq Sığorta şirkətinin 2018-ci ilin iyun ayından 2019-cu ilin fevral ayına qədər gecikdirdiyi 15.000 manat dəyərindəki Muzd üzərinə hesablanacaq illik 5 faiz dəyərindəki gecikmə faizi olan 437 manat Sığorta Şirkətindən tutularaq T.Bayramova ödənilməlidir. Məlum olduğu kimi bütün mülki hüquqi müqavilələr, müqavilənin şərtləri, xüsusi sahəvi qanunlar ilə birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə də tənzimlənir. Yəni müqavilədə olan bir məsələ müqavilə şərtləri və sahəvi qanunlar ilə tənzimlənmədiyi durumda Azərbaycan Respublikası Mülki Məcəlləsində həmin məsələyə tətbiq oluna bilən norma var isə, həmin norma ilə tənzimlənir. Bu səbəblə deyə bilərik ki, Almaniyada, Türkiyədə olduğu kimi Respublikamızda da “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”ndə boşluq meydana gəldiyi zaman həmin boşluq Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Ticarət agentliyi haqqında müqaviləsi”ni tənzimləyən 789-799-cu maddələrinin tələbləri tətbiq olunaraq həll olunur. Çünki “Ticarət agentliyi müqaviləsi”, “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”ni də əhatə edən geniş bir hüquqi anlayışdır. Ona görə də Cavabdeh ilə İddiaçı Sığorta Şirkət arasında bağlanmış “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”nə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 796-cı maddəsinin tələbi bir başa şamil olunur. Həmin normaya görə, “Müqavilənin qüvvəsinə xitam verildikdən sonra ticarət agenti özünün cəlb etdiyi müştərilər üçün kompensasiya almaq hüququna malikdir, bu şərtlər ilə ki: 1) o, tapşıran (sığortaçı) üçün yeni müştərilər cəlb etsin və ya mövcud müştərilərlə əqdlərin həcmini xeyli artırsın; 2) tapşıran (sığortaçı) bu Məcəllənin 796.1.1-ci maddəsindən onun üçün irəli gələn faydalardan istifadəni davam etdirə bilsin; 3) müqaviləyə xitam verilməsi nəticəsində komisyon muzdu ticarət agentinin (sığorta agnetinin) əlindən çıxsın”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 796-cı və digər maddələrinin tələblərini nəzərə alaraq sabiq sığorta agenti T.Bayramova hələ də ödənilməmiş 40 000 manat məbləğindəki müştərilər üçün kompensasiya ona ödənilməlidir. Qeyd edildiyi kimi “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”ni pozaraq 2018-ci ilin may ayında xitam vermişdir. Həmin müqavilənin 9.3-cü bəndinə görə, tərəflərdən biri digərinə 30 gün əvvəlcədən rəsmi qaydada xəbərdarlıq etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Xəbərdarlıq müddəti ərzində tərəflər arasında qarşılıqlı hesablaşmalar aparılır. Sığorta şirkəti Müqavilənin 9.3.-bəndini pozaraq heç bir rəsmi xəbərdarlıq etmədən, qarşılıqlı hesablaşmalar aparmadan müqaviləyə xitam vermiş və sığorta agenti Cavabdeh əlavə maddi zərər də vurmuşdur. T.Bayramovun Agentlik müqaviləsinə haqsız və əsassız olaraq xitam verildikdən sonra o, uzun müddət işsiz qalmış və nəticədə xeyli miqdarda gəliri əlindən çıxmışdır. Bütün bunları nəzərə alaraq Agentlik müqaviləsini pozaraq T,Bayramova zərər vuran “xxxx” Sığorta Şirkətindən 10.000 manat pul T.Bayramovun xeyrinə kompensasiya olaraq tutulmalıdır. Məlum olduğu kimi mənəvi zərərlə bağlı 4 əsas şərt tələb olunur. Bunlar zərərin törədən şəxsin hüquq normalarını pozulması, onun təqsirli olması, zərər-ziyanın meydana gəlməsi və səbəbli nəticə əlaqəsinin olmasıdır. Birinci şərt olan hüququn pozulması reallaşıb: Məlum olduğu kimi, Sığorta şirkəti mülki qanunvericiliyi və Agentlik müqaviləsini pozmuşdur. İkinci şərt olan təqsirli olmaq reallaşıb: Sığorta şirkətinin sığorta müqaviləsini pozduğu təsdiqlənmişdir. Tərəfin müqaviləni pozması durumunda təqsirli olduğu əsas qaydadır. Bunun əksini iddia edən iddiasını sübut etməlidir. Üçüncü şərt olan mənəvi zərər dəymə reallaşıb: T.Bayramovun agentlik müqaviləsinə xitam verildyi üçün o, ailəsinin qazancını təmin edə bilməmiş, bununla da mənən sarsılmış və iztirab keçirmişdir. Dördüncü şərt olan səbəbli əlaqə reallaşıb: Sonuncu olaraq, Sığorta Şirkətinin müqavilənin və qanunvericiliyi pozması hərəkəti ilə T.Bayramova dəyən mənəvi zərər arasında səbəbli əlaqə mövcuddur. Mənəvi zərər ilə bağlı bir çox xarici ölkə məhkəmə qərarları, o cümlədən X4 Məhkəməsi ilə birlikdə Respublikanın məhkəmələri bir çox əsaslı qərarlar qəbul etmişdir. Məsələn, X4 Məhkəməsi bir sıra qərarlarında hüququn pozuntu faktından çıxış edərək mənəvi zərərin vurulduğunu qəbul etmişdir. Məsələn, Məhkəmə “Zülfəli Hüseynov Azərbaycana qarşı” iş üzrə xx xxxx 2012-ci il tarixli Qərarında (56547/10 nömrəli şikayət) göstərmişdir ki, “... ərizəçi onun xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması nəticəsində müəyyən mənəvi zərərə məruz qalmışdır”. Türkiyə Yarqıtayı xx.xx.2004-cü il tarixli bir qərarında yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış iddiaçının mənəvi zərər tələbini sübut edilməmə əsası ilə rədd etmiş aşağı instsiya məhkəməsinin qərarını ləğv etmiş və xəsarət alma faktının mövcudluğu halında müəyyən məbləğdə mənəvi zərərin ödənilməli olması qənaətinə gəlmişdir. Kentukki Məhkəməsi bir qərarında göstərmişdir ki, “ümumi qaydaya görə əgər mühüm bədən xəsarəti vurulmuşsa, onda şəxsin mənəvi sarsıntı keçirməsi ehtimal edilir və sübuta ehtiyac yoxdur”. T.Bayramovun hesablamalarına görə “İddiaçı" Sığorta Şirkətinin agenti kimi fəaliyyətə başladığı xx xxxxxxxx 2014-cü ildən fəaliyyətinə qanunsuz olaraq xitam verildiyi 2018-ci ilin may ayına qədər, təxminən 3 il 9 ay ərzində həmin şirkət üçün həyata keçirdiyi sığorta haqqı yığımının ümumi cəmi məbləği təxminən 1.500.000 manat təşkil etmişdir. “İddiaçı" Sığorta Şirkətinin bütün agentlər, o cümlədən Cavabdeh ilə də olan razılaşmaya görə onların yığdıqları məbləğinin 10% bonus (Sığorta balı) kimi agentə ödənirdi. Bu bonusun ödənilməsi məqsədlə “İddiaçı" Sığorta Şirkəti “xxxx” MMC vasitəsilə Cavabdeh bu günə qədər 42.300 manat pul ödəmişdir. Lakin 1.500.000 manatın %10-i 50.000 manat olduğu üçün “İddiaçı" Sığorta Şirkətinin həmin bonuslar səbəbi ilə hələ də T.Bayramova 107.700 manat borcu qaldığı təsdiq olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 oğlu sahibkar kimi uçota alınaraq ona ********** saylı VÖEN verilmişdir. xx xxxxxxx 2015-ci il tarixli 111 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsinin surətindən görünür ki, Sığorta agenti Sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2016-cı il tarixli Üzləşmə aktının surətindən görünür ki, X5 oğlu sığorta haqları üzrə xx xxxxxx 2016-cı il tarixə "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 89754,15 manat məbləğində borcu olmasını təsdiq etmişdir. xx xxxxxx 2016-cı il tarixli Sığorta haqları üzrə debetor borcun ödənilməsi barədə Razılaşma protokolunun surətindən görünür ki, X5 oğlu xx xxxxxx 2016-cı il tarixə olan 89754,15 manat borcu 2016-cı ilin avqust ayının 26-na kimi 10000 manat ödəməyi, agent müqaviləsinə uyğun olaraq borcluya hesablanan komissiyanı ayın sonu komissiya aktı tərtib edilərək borcun ödənilməsinə yönləndiriləcəyi, borclu hər ay minimal 25000 manatlıq satış həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16444 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (icbari sığorta bürosunun xx.xx.2019-cu il tarixli məktubuna əlavə edilmiş sığorta blankları üzrə şəhadətnamələr barədə məlumatlar, üzləşmə aktı, sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi, xx.xx.2016-cı il tarixli razılaşdırma protokolu və borcun hesablanması ilə bağlı cədvəllər, və s.) əsasən sığorta vasitəçiliyi xidməti haqqında agent müqavilə üzrə cavabdeh X5 oğlu tərəfindən ödənilməli olan borc məbləği 97597,96 manat məbləğində, o cümlədən əsas borc 52708,06 manat, dəbbə borcu 44889,90 manat müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında mədaxil qəbzlərinin surətləri öz əksini tapmışdır. Lakin qeyd edilir ki, iş materiallarında öz əksini tapmış həmin mədaxil qəbzlərində ödənişlərin təyinatını müəyyən etmək mümkün olmadı. Belə ki, iş materiallarında olan mədaxil qəbzlərinin surətlərində mədaxil qəbzində olan məlumatlar aydın şəkildə əks olunmamışdır. Bu səbəbdən də "İddiaçı" Sığorta Şirkəti ASC və X5 oğlu arasında bağlanmış sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi üzrə X5 oğlu tərəfindən aparılan ödənişlərin məbləğini müəyyən etmək mümkün olmadı. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 111 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsinə əsasən Sığorta agenti Sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. X5 oğlu sığorta haqları üzrə xx xxxxxx 2016-cı il tarixə"İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 89754,15 manat məbləğində borcu olmasını xx xxxxxx 2016-cı il tarixli Üzləşmə aktı ilə təsdiq etmişdir. Məhkəmə ilkin iddia ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış agent müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmış və təminatlar vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehin xx xxxxxxx 2015-ci il tarixli 111 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsi üzrə iddiaçıya olan borcu təsdiq olunduğundan məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə ilkin iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən X5 oğlu dəbbə pulunu ödəməyi öhdəsinə götürmüşdür. "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 oğluna hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16444 saylı ekspert rəyi ilə təsdiq olunsa da, məhkəmə hesab edir ki, tələb olunan 44889,9 manat cərimə məbləği yaranmış 52708,06 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 3000 manat həddində müəyyən edilməklə X5 oğlundan tutulması ədalətlidir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, X5 oğlu qarşılıqlı iddia ərizəsində əsaslandırdığı halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, X5 oğlundan "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 52708,06 manat sığorta haqqı üzrə borc, 3000 manat dəbbə pulu, cəmi 55708,06 manat tutulmalı, ilkin iddia qalan hissədə rədd edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 17 manat məbləği X5 oğlundan tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 13 manat məbləği "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu X5 oğluna aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. X5 oğlundan "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 52708,06 (əlli iki min yeddi yüz səkkiz manat altı qəpik) manat sığorta haqqı üzrə borc, 3000 (üç min) manat dəbbə pulu, cəmi 55708,06 (əlli beş min yeddi yüz səkkiz manat altı qəpik) manat tutulsun. İlkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 17 (on yeddi) manat məbləği X5 oğlundan tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 13 (on üç) manat məbləği "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu X5 oğluna aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-59/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-59/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver