Məhkəmə qərarları › İş №2-2(113)-5904/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-5904/2023

28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-5904/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektə 4214 kub metr - 1053,50 manat məbləğində borcun silinməsi və quraşdırılacaq yeni sayğaca görə ödənişin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin sahənin kommunal, o cümlədən qaz xəttlərinə dair sənədlər iddiaçının adına rəsmiləşdirilmişdir. İlk dəfə 2018-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğacda aşkar edimiş problemlə əlaqədar akt tərtib edilmiş və qanunsuz olaraq, nümayəndənin iştirakı olmadan qaz sayğacı çıxarılmış və yerinə müvəqqəti sayğac yənə, iştirakı olmadan quraşdırılmışdır. Əsassız hesablanmış borcun silinməsinə və yeni quraşdırılmış qaz sayğacına görə ödəniş məbləğindən azad olunmağa görə iddia ərizəsi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müraciət etmişəm və xx.xx.2019-cu il tarixli, 2(001)-1018/2019 saylı qətnamə ilə iddiası təmin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən müvəqqəti quraşdırılan sayğac yenisi ilə əvəz edilməmiş və fəaliyyətini indiki tarixədək davam etdirmişdir. Hazırda sözügedən sayğacda yenidən problem aşkar edilmişdir. Cavabeh tərəfindən yenidən ona məlumat verilmədən, iştirakı olmadan sayğaca baxış keçirilmiş və xx.xx.2023-cü il tarixində məlumat vermədən akt tərtib edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus sayğacda hər hansı problem olması barədə ona hər hansı məlumat verilməmiş, o, adi qaydada smart karta ödəniş etməklə təbii qazdan istifadə etmişdir. Daha sonra onun iştirakı olmadan akt tərtib edilmiş, sayğac çıxarılmış, sayğac çıxarıldıqdan sonra ona əlavə 1053,50 manat borc hesablanmışdır. Həmin borc tamamilə əsassızdır. Bundan əlavə, sayğac çıxarıldıqdan sonra müvəqqəti sayğac quraşdırılmış, ondan daimi sayğac quraşdırılması üçün ödəniş tələb edilir, halbuki o, sənaye qaz istifadəçisi deyildir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş akta əsasən iddiaçıya 1053,50 manat borc yazılmışdır. Belə ki, sayğacda qüsurun yaranması texniki qüsur olmuş, həmin qüsur iddiaçının təqsiri üzündən yaranmamışdır. Belə ki, smart tipli sayğacda karta yüklənən vəsait bitdikdə klapan bağlanmalı olduğu halda, bağlanmamış, iddiaçı təbii qazdan istifadə etməkdə davam etmişdir. Göstərilən borc sayğac tərəfindən qeydə alınmış borcdur. Sayğaca baxış keçirilərkən, habelə sayğac çıxarılarkən aparılmış yoxlama reyestrdə qeydiyyata alınmamışdır. Bundan əlavə, iddiaçı məişət abonenti deyildir, buna görə də yeni sayğac quraşdırılması üçün “Qazdan istifadə Qaydaları”nın 4-cü bəndinə əsasən onun dəyərini özü ödəməlidir. III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. DƏDRX çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir.

7. Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusu istifadəçisi (iddiaçı) arasında xx.xx.2019-cu il tarixdə qazın alqı-satqı müqaviləsi imzalanmışdır.

8. Abonent haqqında məlumata əsasən cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayında 1053,50 manat borc hesablanmışdır.

9. Cavabdeh tərəfindən tərtib edilmiş 08 iyun 2023-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus sayğac çıxarılmış və müvəqqəti sayğac ilə əvəz olunmuşdur.

10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü tarixində cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində sayğacda qüsur olması faktı ilə bağlı akt tərtib edilmişdir.

11. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını sayğacda baş vermiş nöqsan nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən sayğaca kənar müdaxilə edilməsini və ya sayğacda baş vermiş qüsurun iddiaçının təqsirli hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən cavabdehə zərər vurulması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

14. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

17. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

18. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

19. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

21. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

22. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

23. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

24. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

25. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

26. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

27. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

28. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1053,50 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

29. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1053,50 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

30. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış 1053,50 manat məbləğində borc silinməlidir.

31. Bundan başqa, iddia ərizəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılacaq yeni sayğaca görə ödənişin cavabdehə həvalə olunması da xahiş olunmuşdur.

32. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

33. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məişət qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, məişət ehtiyacları üçün istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğularıdır). Sənaye qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan və ya qeyri-məişət ehtiyacları üçün istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları)dır.

34. «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

35. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ilə müqavilə fərdi sahibkar kimi bağlanmış, müvəqqəti sayğac da ona məxsus qeyriyaşayış sahəsində quraşdırılmış, iddiaçı həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazdan məişət ehtiyacları üçün istifadə etməmişdir.

36. Bu səbəbdən yeni quraşdırılacaq sayğaca görə nəzərdə tutulan ödənişin cavabdehə aid edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz.

37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1053,50 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 1053,50 (bir min əlli üç manat əlli qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar