Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-6147/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: təsis payının alqı-satqısı müqaviləsi, etibarsızlıq) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı «xx.xx.2023-cü il tarixli Təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023cü il tarixdə Bakı şəhəri 19 saylı notariuda bağlanmış təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və cərimələrin əvvəlki təsisçiyə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi və direktoru X2 tərəfindən 17 iyun 2023-cü il tarixdə hazırki iş üzrə İddiaçı həmin MMC-ni 100 manat dəyərində qiymətləndirərək satmışdır. Daha sonra məlum olmuşdur ki, həmin MMC-nin Abşeron Rayon İcra şöbəsində borcu yaranmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamələr çıxarılmış icra orqanına yönəldilmişdir. Məhkəmənin olması, yeri və vaxtı barədə iddiaçı məlumatlandırılmamışdır. Bu səbəblərə görə onun xəbəri olmadan heç bir əməliyyat aparmadan bu faktları MMC-nin əvvəlki rəhbərliyi törətmişdir. Ona görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi MMC-yə yaradılmış, ödəniş məbləğlərinin MMC-nin özünə aid edilməsi və əvvəlki təsisçinin cavabdehlik daşıması zərurəti vardır. Bu səbəblərə görə 19 saylı Notariat ofisində bağlanmış təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və MMC-yə yaranmış hər hansı bir xoşagəlməz halın, cərimənin cavabdehin üzərinə qoyulması zərurəti vardır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 17 iyun 2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariusda bağlanmış təsis payının alqı-satqı müqaviləsinn etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi və direktoru X2 tərəfındən 17 iyun 2023-cü il tarixdə hazırki iş üzrə İddiaçı həmin MMC-ni 100 manat dəyərində qiymətləndirərək satmışdır. Daha sonra həmin MMC-nin fəaliyyəti işə düşərkən məlum olmuşdur ki, əvvəllər işlədiyi dövrdə mal mübadiləsi aparmış, lakin alqı-satqı vaxtı MMC-nin şəxsi hesab vərəqəsində hec bir borc göstərilməmişdir. Bu səbəblərə görə MMCni işlətmək mümkün olmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, MMC xarici Ölkəyə mal göndərmiş, həmin malın pulu isə müvafiq qaydada MMC-yə daxil olmamışdır. Bu səbəblərə görə müvafiq qrumlar MMC cərimələmişdir. Həmin cəriməyə görə də MMCni işlətmək mümkün olmamışdır. Ona görə də alqı-satqının etibarsız hesab edilməsi məqsədi ilə müvafiq qurumlara müraciət edilmiş, nəticədə cavabdeh tərəf MMC-nin etibarsızlığı ilə əlaqədar məhkəməyə müraciət etməyə tövsiyyə edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də hər iclasdan qabaq məhkəmə iclasın təxirə salınması ilə bağlı teleqramlar göndərsə də, heç bir iclasda iştirak etməmişdir.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqsi ilə "xxxx" MMC AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30500 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 6100 ABŞ dolları qərarın icra edildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 55507,19 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
11. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli təsis payının alqısatqısı müqaviləsinə əsasən:
12. Müqavilənin 1-ci bəndinə əsasən satıcı “X4-2009” MMC-də olan nizamnamə kapitalındakı payı 1 pay tam şəkildə alıcının mülkiyyətinə verir.
13. Müqavilənin 5-ci bəndinə əsasən satıcı müəssisədəki paya mülkiyyət hüququna malikdir və həmin payı alıcının mülkiyyətinə ipoteka öhdəliyindən, habelə bütün öhdəliklərdən, üçüncü şəxslərin hüquqlarında azad şəkildə verir. Pay üzərinə həbs qoyulmamışdır.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
15. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında MMC-nin nizamnamə kapitalındakı payı 1 pay olan payın alqı-satqısına dair tərəflər arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanmışdır. İndi isə iddiaçı məhkəməyə iddia ilə müraciət edərək bildirir ki, MMC AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən iki dəfə (xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində) cərimələndiyi və o, şirkəti işlədə bilmədiyi üçün tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Lakin, müqavilənin etibarsızlığının hüquqi əsasını göstərə bilməmişdir.
16. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350).
17. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
18. Beləliklə, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırki iş üzrə müəyyən edilməmişdir. İddiaçı tərəfindən satınalınmış şirkətin inzibati qaydada cərimələnməsi isə müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
22. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
23. Məhkəmə hazırkı qətnamə ilə iddianın tamamilə rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı «xx.xx.2023-cü il tarixli Təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova