Məhkəmə qərarları › İş №2-2(113)-616/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-616/2024

09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-616/2024 09.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tullantı sularının axıdılması xidmətinin dəyəri kimi əsassız olaraq hesablanmış 2047,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5422/2023 nömrəli qərardadı ilə qeyd edilən işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mediasiya prosesində iştirak etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Həmin Qanunun 29.5-ci maddəsinə əsasən tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və bu Qanunun 24-cü maddəsinə uyğun olaraq mediasiya prosesi həyata keçirilir. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün mediasiya prosesində iştirak məcburidir. Kommersiya mübahisəsi üzrə fiziki və hüquqi şəxslər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Qeyd edilməlidir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş materialları məhkəmənin icraatına daxil olduqdan sonra 01 dekabr 2023-cü il tarixli məhkəmə bildirişi (poçt rabitəsi vasitəsilə iddiaçının iddia ərizəsində qeyd edilən və rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir) ilə iddiaçı tərəfə mülki prosessual qanunvericiliyin tələbləri xatırladılmış və ilkin mediasiya sessiyasında iştirak etmək təklif olunmuşdur. Lakin ötən ayda kifayət qədər vaxt olmasına baxmayaraq, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada ilkin mediasiya sessiyasında iştirak etməsini və ya mediasiya prosesinə başlanmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.13-cü maddələrinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakı ilə bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar