Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-691/2022 24.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “X1 B.V.” şirkətinin nümayəndəsi, Vəkil1 və Cavabdeh1 MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı “X1 B.V.” şirkətinin cavabdehlər Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi, Cavabdeh2 MMC və Cavabdeh4 qarşı pul və digər tələblər barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 B.V.” şirkəti iddia və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “X1 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın icarəyə verilməsi barədə 31.12.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsini, kranın icarəyə verilməsi ilə bağlı ödənilməyən 364830 avro icarə haqqının/əsas borcun, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro əlavə borcun, 4000 manat hüquqi xidmət haqqının, 250 manat tərcümə xərclərinin, 75 manat notariat xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 383072 avro və 4355 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutulub iddiaçı “X1 B.V.” şirkətinə ödənilməsini, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh1 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən 25.01.2011-ci il tarixli AB493128 nömrəli şəhadətnamənin ləğv edilməsi, həmin kranın Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-yə satılması barədə 08.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin kranın Cavabdeh4 özgəninkiləşdirilməsi ilə bağlı müqavilənin etibarsız hesab olunması, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh2 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən 08.08.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamənin ləğv olunmasını, habelə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh4 verilən şəhadətnamənin ləğv olunması, icarə müqaviləsinin predmeti olan “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın və ya onun dəyəri olan 325000 avro məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh4 alınıb iddiaçı “X1 B.V.” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Niderland Krallığının “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə Cavabdeh1 arasında qiyməti 325000 avro olan 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil Kranın aylıq icarə haqqı 6000 avro olmaqla icarəyə verilməsi barədə 10.07.2008-ci il tarixli müqavilə bağlanmış. Həmin müqavilənin şərtlərinə əsasən qeyd olunan kran Cavabdeh1 MMC-yə icarəyə təhvil verilib və Azərbaycan Respublikasına gətirilmişdir. 30 dekabr 2013cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Trading Company P. Van Adrighem B.V.” şirkəti 1998-ci ildə istehsal olunmuş, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil Kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququnu 100000 avro müqabilində Niderland Krallığının “X1 B.V.” şirkətinə satmış və bu barədə icarəçi Cavabdeh1 MMC-yə rəsmi məlumat vermişdir. Bundan sonra, iddiaçı “X1 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında 1998-ci il istehsalı olan, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın icarəyə verilməsi barədə 31.12.2013-cü il tarixli, NO 13DER-P3112 saylı kran xidmət müqaviləsi imzalanmışdır. Bu müqavilənin 3.1.-ci maddəsinə əsasən Cavabdeh1 MMC 31.12.2013-cü il tarixinədək ödənilməmiş 108000 avro icarə borcunu və 2014-cü ilin yanvar ayından etibarən aylıq 6000 avro icarə haqqını birlikdə, daha dəqiq 2014-cü ilin yanvar ayında icarə borcundan 12000 avro üstə gəl 6000 avro aylıq icarə haqqı olmaqla, qalan 96.000 avro icarə borcunu isə 32 aya bölərək aylıq 3.000 avro icarə borcu üstə gəl 6.000 avro icarə haqqı, yəni fevral 2014-cü ildən etibarən 32 ay müddətində sabit olaraq 9000 avro məbləğində vəsaiti, borc bitdikdən sonra isə hər ay 6.000 avro icarə haqqıni iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.-cü bəndinə əsasən müvafiq ödənişlər cavabdeh tərəfindən hər ayın 29-u həyata keçirilməli idi. Həmin müqavilənin müddəti mobil kran satin alınanadək müəyyən olunub. Lakin cavabdeh qeyd olunan müqavilənin şərtlərini pozaraq ödənişləri gecikdirmiş, razılaşdırılmış məbləğdə və vaxtda ödəmədiyindən, iddiaçıya külli miqdarda icarə haqqı borcu yaranmışdır. Belə ki, hər iki müqavilə tərəfinin imzaladığı 26.05.2017-ci il tarixli üzləşmə aktlarına əsasən həmin tarixədək cavabdehin ödəməli olduğu ümumi məbləğ 364000 avro təşkil etmiş, həmin borcdan cəmi 197170 avro vəsait ödənilmiş və 26.05.2017-ci ii tarixədək iddiaçıya 166830 avro məbləğində əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən iddaçıya sonuncu dəfə 26.04.2017-ci il tarixdə 4000 avro icarə haqqı ödənilmişdir. Üzləşmə aktının imzalandığı vaxtdan iddia ərizəsinin tərtib olunduğu 04.06.2018-ci il tarixədək ötən dövr üçün mobil krandan istifadə ilə bağlı cavabdehin iddiaçıya əlavə olaraq, 72 000 (12 ay x 6.000 avro) avro əsas borcu yaranıb. Hal-hazıradək cavabdehin iddiaçıya mobil kranın icarəsi ilə bağlı 238830 avro əsas borcu var. Bundan başqa hesab edirik ki, cavabdeh Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən pul vəsaitinin gecikdirilməsi üçün həmin məbləğin illik 5 faizi həcmində, yəni 11941 avro əlavə məbləğ ödəməlidir. Bundan başqa 31.12.2013-cü il tarixli Kran Xidmət Müqaviləsinin 3.2.-ci bəndində qeyd olunub ki, bu müqavilənin şərtlərinə əməl edilmədiyi halda istər Niderland, istərsə də Azərbaycanda yaranacaq hər növ mübahisələrlə bağlı bütün məhkəmə, vəkil və digər xərclər Cavabdeh1 MMC tərəfindən ödəniləcəkdir. Belə ki, hüquq xidmətlərinin göstərilməsi ilə bağlı “X1 B.V.” şirkəti tərəfindən Azərbaycanda onu nümayəndə kimi təmsil edəcək nümayəndəyə etibarnamə üzrə geniş səlahiyyətlər verilməklə müqavilə əsasında 4.000 manat hüquqi xidmət haqqı ödənilmişdir. Həmçinin iddia tələbi ilə məhkəməyə müraciət olunması üçün zəruri olan və Niderlandda notarial təsdiq edilməklə apostil olunub göndərilmiş sənədlər toplusunun azərbaycan dilinə tərcümə edilərək notarial təsdiqlənməsi üçün 250 manat tərcüməyə və 75 manat notariat əməliyyatlarına əlavə vəsait xərclənmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə öhdəliyinə əsasən, qeyd olunan hüquqi xidmət, tərcümə və notariat əməliyyatlarına nağd ödənilmiş vəsaitlərin də cavabdehdən tutulub iddiaçıya ödənilməsi zəruridir və qətnamədə öz əksini tapmalıdır. Eyni zamanda iddia həcminin artırılması barədə ərizədə 25.06.2020-ci il tarixə 364830 avro (üzləşmə aktında borc 166830 avro + 198000 aylar üzrə icarə haqqı) məbləğində icarə haqqı əsas borcun olduğunu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1 B.V.” şirkətinin nümayəndəsi, Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı “Trading Company P. Van Adrighem B.V.” şirkəti tərəfindən “X1 B.V.” şirkətinə satılmış, daha sonra “X1 B.V.” şirkəti həmin kranı Cavabdeh1 MMC-yə icarəyə verilməsi barədə 31.12.2013-cü il tarixli müqaviləyə əsasən iddia həcminin artırılması barədə ərizədə göstərilən 25.06.2020-ci il tarixə yaranmış tələbin tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın 24.12.2010-cu il tarixdə “sərbəst dövriyyə üçün buraxılış” rejimi altına keçirilməsi və daha sonra Cavabdeh1 MMC-nin həmin kran ilə bağlı qeydiyyat şəhadətnaməsinin əldə edilməsində sonuncunun və digər şəxslərin əməllərində cinayətin əlamətlərinin olduğunu nəzərə alaraq xüsusi qərardadının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi, Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran 2011-ci ildən Cavabdeh1 MMC-nin mülkiyyətinə keçmiş, iddiaçı isə sözügedən kranın Hollandiya Respublikasında adına qeydiyyata alınması ilə bağlı heç bir sübut təqdim etməmiş, həmçinin 31.12.2013-cü il tarixdə Cavabdeh1 MMC-nin direktorunun Derya Yildırım deyil, Şirinova (Yıldırım) Nərgiz Söhrab qızı olduğuna görə “X1 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında həmin tarixdə heç bir icarə müqaviləsi bağlanmamışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin və Cavabdeh2 MMC-nin nümayəndələri və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10.07.2008-ci il tarixli müqavilədən görünür ki, icarəyə verən Niderland Krallığının “Trading Company P. Van Adrighem B.V.” şirkəti tərəfindən icarəçi Cavabdeh1nə qiyməti 325000 avro olan 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı ayda 6000 avro ödənilməklə icarəyə verilmişdir. 30.12.2013-cü il tarixli müqavilədən görünür ki, satıcı “Trading Company P. Van Adrighem B.V.” şirkəti “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququ ilə alıcı “X1 B.V.” şirkətinə 100000 avroya satmışdır. 31.12.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 ilə “Trading Company P. Van Adrighem B.V.” şirkəti arasında bağlanmış 10.07.2008-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş və həmin müqavilədə nəzərdə tutulmuş eyni şərtlərlə icarəyə verən “X1 B.V.” şirkəti icarəçi Cavabdeh1nə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı icarəyə vermişdir. 26.05.2017-ci il tarixli “X1 B.V.” şirkəti ilə Cavabdeh1 arasındakı imzalanmış və möhürlərlə təsdiq edilmiş üzləşmə aktından görünür ki, icarəçi Cavabdeh1 icarədar “X1 B.V. şirkətinə 364000 avro borcu olmuş, ondan 197170 avro ödənilmiş, 26.05.2017-ci il tarixə 166830 avro məbləğində borc ödənilməmiş qalmışdır. Dövlət Gömrük Komitəsinin 24.06.2020-ci il tarixli 1000-170/170-24/011366 nömrəli məktubundan görünür ki, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran Cavabdeh1 tərəfindən 06.12.2008-ci il tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə müvəqqəti idxal olunmuş, 24.12.2010-cu il tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” rejimi bəyan edilərək ölkə ərazisinə idxal olunmuşdur. DİN BDYPİ-nin 15.01.2022-ci il tarixli 016-5709/222 nömrəli məktubundan görünür ki, 25.01.2011-ci il tarixdə Cavabdeh1nə AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran Cavabdeh1 adına qeydiyyata alınmışdır. 02.02.2011-ci il tarixdə kran "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, yüklülük 24.02.2017-ci il tarixdə götürülmüşdür. 03.08.2017-ci il tarixdə isə kran Cavabdeh1 qeydiyyatından çıxarılmış və Cavabdeh1 Cavabdeh2 MMC arasında 08 avqust 2017-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmış, buna əsasən kran 08 avqust 2017-ci il tarixdə DİN BDYPİ-də Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 421 və 700.1-ci maddələri). Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, icarəyə verən Niderland Krallığının “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə icarəçi Cavabdeh1 arasında bağlanmış 10.07.2008-ci il tarixli icarə müqaviləsinə əsasən 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran ayda 6000 avro ödəmək şərti ilə icarəyə verilmiş və sözügedən mobil kran 06.12.2008-ci il tarixli gömrük yük bəyannəməsi ilə Azərbaycan Respublikasına müvəqqəti idxal edilmişdir. Daha sonra 30 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı “Trading Company P. Van Adrighem B.V.” şirkəti həmin mobil kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququ ilə 100000 avroya alıcı “X1 B.V.” şirkətinə satmışdır. Bundan sonra 10.07.2008-ci il tarixli icarə müqaviləsində göstərilən şərtlərlə icarəyə verən “X1 B.V.” şirkəti ilə icarəçi Cavabdeh1 MMC arasında “GROVE GMK 4070” markalı mobil kranın icarəyə verilməsi barədə 31.12.2013-cü il tarixli müqavilə imzalanmışdır. 26.05.2017-ci il tarixli üzləşmə aktına əsasən icarəçi Cavabdeh1 MMC-nin icarəyə verən “X1 B.V.” şirkətinə olan 364000 avro borcdan 197170 avro ödənilmiş, 166830 avro məbləğində borc ödənilməmiş qalmış və həmin tarixdən icarəçi Cavabdeh1 MMC tərəfindən iddiaçıya heç bir vəsait ödənilməmişdir. Həmçinin məhkəməyə təqdim edilən rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, “GROVE GMK 4070” markalı mobil kran 24.12.2010-cu il tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” rejimi bəyan edilərək ölkə ərazisinə idxal olunmuş və 25.01.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınaraq AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş, 02.02.2011-ci il tarixdə kran "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, 24.02.2017-ci il tarixdə yüklülükdən azad edilmiş, 08 avqust 2017-ci il tarixdə isə Cavabdeh2 MMC-yə satılmışdır. Göründüyü kimi təqdim edilən sənədlərə əsasən Cavabdeh1 MMC 25.01.2011-ci il tarixdə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil krana AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilsə də, məhkəmə hesab edir, həmin kran Cavabdeh1 MMC tərəfindən qanuni əsaslarla olmadan özgəninkiləşdirilmişdir belə ki, Cavabdeh1 MMC tərəfindən mobil kranın kimdən aldığını əks etdirən mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilməsi, sonradan isə Cavabdeh2 MMC-yə satılması qanunsuz olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilən şəhadətnamələr ləğv edilməli, 08.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi isə etibarsız hesab edilməlidir. Bununla yanaşı Cavabdeh1 MMC-nin nümayəndəsi, Vəkil2 31.12.2013-cü il tarixli müqavilənin Cavabdeh1 MMC tərəfindən imzalanmadığına istinad etməsi, yəni həmin müqavilənin Cavabdeh1 MMC tərəfindən səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması bağlı məhkəmə qeyd edir ki, 31.12.2013-cü və 26.05.2017-ci il tarixli müqavilə və üzləşmə aktlarında olan imzalar Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edildiyinə görə həmin sənədlər mötəbər sübut kimi qəbul edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, icarə haqları vaxtında ödənilmədiyinə görə “X1 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın icarəyə verilməsi barədə 31.12.2013-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, icarə haqqı ayda 6000 avro olduğundan kranın icarəyə verilməsi ilə bağlı 25.06.2020-ci tarixə ödənilməyən əsas borc 364830 avro (üzləşmə aktında borc 166830 avro + 198000 aylar üzrə icarə haqqı) məbləğində vəsait Cavabdeh1 MMC-dən tutulmalı və “X1 B.V.” şirkətinə ödənilməlidir, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro əlavə borc və 4000 manat hüquqi xidmət haqqı tələbi, hesablama qaydası və mötəbər sübut təqdim edilmədiyinə görə rədd edilməlidir. Bununla yanaşı təqdim edilən sübutlara əsasən notariat xərcləri 75 manat tələbi tam, tərcümə xərclərinin tələbi isə qismən 125 manat məbləğində təmin edilməlidir. Eyni zamanda “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən 25.01.2011-ci il tarixli AB493128 nömrəli və 08.08.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamələri ləğv edilməli, həmin kranın Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-yə satılması barədə 08.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran cavabdehlər Cavabdeh1 MMC və ya Cavabdeh2 MMC-dən alınıb “X1 B.V.” şirkətinə qaytarılmalı, bu mümkün olmadıqda kranın dəyəri olan 100000 avro (məhkəməyə təqdim edilən 30 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsində müəyyən edilmiş qiymət) məbləğində vəsait Cavabdeh1 MMC-dən alınıb iddiaçı “X1 B.V.” şirkətinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın Cavabdeh4 mülkiyyətinə keçməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübur təqdim edilmədiyinə görə Cavabdeh4 qarşı olan tələb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 95,22%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 95,22%-i, yəni 28,56 manatı Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “X1 B.V.” şirkətinə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, “X1 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 31.12.2013-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, 25.06.2020-ci tarixə ödənilməyən 364830 avro məbləğində icarə haqqı borcu, notariat xərcləri ilə bağlı olan 75 manat, tərcümə xərcləri ilə bağlı olan 125 manat və dövlət rüsumu kimi ödənilmiş 28,56 manat məbləğində pul Cavabdeh1 MMCdən tutularaq “X1 B.V.” şirkətinə ödənilməli, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilən 25.01.2011-ci il tarixli AB493128 nömrəli və 08.08.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamələri ləğv edilməli, Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın satılması ilə bağlı bağlanmış 08.08.2017-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilməli, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran cavabdehlər Cavabdeh1 MMC və ya Cavabdeh2 MMC-dən alınaraq “X1 B.V.” şirkətinə qaytarılmalı, bu mümkün olmadıqda kranın dəyəri olan 100000 avro məbləğində vəsait Cavabdeh1 MMC-dən alınaraq iddiaçı “X1 B.V.” şirkətinə ödənilməlidir. İddia tələbi digər hissədə və Cavabdeh4 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “X1 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 31.12.2013-cü il tarixli icarə müqaviləsi ləğv edilsin. 25.06.2020-ci tarixə ödənilməyən 364830 avro məbləğində icarə haqqı borcu, notariat xərcləri ilə bağlı olan 75 manat, tərcümə xərcləri ilə bağlı olan 125 manat və dövlət rüsumu kimi ödənilmiş 28,56 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq “X1 B.V.” şirkətinə ödənilsin. “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilən 25.01.2011-ci il tarixli AB493128 nömrəli və 08.08.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamələri ləğv edilsin. “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın satılması ilə bağlı Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 08.08.2017ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran cavabdehlər Cavabdeh1 MMC və ya Cavabdeh2 MMC-dən alınaraq “X1 B.V.” şirkətinə qaytarılsın, bu mümkün olmadıqda kranın dəyəri olan 100000 avro məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq iddiaçı “X1 B.V.” şirkətinə ödənilsin. İddia tələbi digər hissədə və Cavabdeh4 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-691/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-691/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver