Məhkəmə qərarları › İş №2-2(113)-828/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-828/2022

11.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-828/2022 11.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Bakı-Salyan yolu 72-ci km-də yerləşən “Çinar” kafesinə (Abonent kodu: **********03000) əsassız olaraq borc kimi yazılmış olan 864 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh İB-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 hazırki iddianın mülki mübahisə kimi Xətai Rayon Məhkəməsində qaldırıldığını, bu səbəbdən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə qanunvericiliyin tələbinə riayət edilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd də əlavə olunmamışdır. MPM-in 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin normaların məzmunundan göründüyü kimi bütün kommersiya mübahisələri üzrə məhkəməyə müraciət olunmazdan əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” AR Qanununun 21.9-cu maddəsinə görə aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə... MPM-in 259.0.13-cü maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallara riayət edilmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 259.0.13-cü maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar