Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-8671/2025 13.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsinin məcburi icrası və lizinq obyektinin qaytarılması tələbinin hüquqi əlaqəsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il daxili maliyyə lizinqi müqaviləsinə əsasən 19683,92 manat əsas, 4818,69 manat mükafat məbləği, 252,17 manat cərimə olmaqla ümumilikdə 24754,78 manat məbləğində pulun və ödənilmiş 164,26 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması və lizinq obyekti olan “BMW 525” markalı 10JL650 dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06046 saylı 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “BMW 525” minik markalı 10JL650 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Lizinq obyekti cavabdehə təhvil verildikdən sonra cəmi 400 manat ödəniş edilmişdir. Artıq on yeddi aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdehin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 19683,92 manat, faiz borcu 4818,69 manat, cərimə borcu 252,17 manat, cəmi borcu 24754,78 manat təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 748-7-ci maddələri göstərilmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 285/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06046 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 19683,92 manat əsas borc, 4818,69 manat faiz borcu, 100 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 163,25 manatın tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 19,2 manatının iddiaçı "xxxx" MMC-dən, 80,8 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 285/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-4358/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-285/2025 nömrəli 08 may 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
8. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə Məmmədbağır qızı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
9. Cavabdeh, cavabdehin nümayəndəsi – anası Nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və eyni zamanda göstərdilər ki, dostu Hüseynov Vüsal cavabdehdən nəqliyyat vasitəsinin iddiaçıdan alınmasına kömək göstərilməsini xahiş etmiş, cavabdeh iddiaçıya yaxınlaşaraq 2 sənədə imza etmiş, lakin nəqliyyat vasitəsi faktiki olaraq cavabdehə təqdim edilməmiş, ban nömrəsi dəyişdirilərək ayrı-ayrı şəxslər tərəfindən istifadə edilmişdir. Hazırda nəqliyyat vasitəsinin harada olması cavabdehə məlum deyildir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə lizinq obyektinin qaytarılması, əsas borc və faiz məbləğinin tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş “BMW 525” minik markalı, WBADT41003G003956 ban nömrəli, buraxılış ili 2002-ci il olan parlaq ağ rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti 26000 manat təşkil etmiş, həmin məbləğin 6000 manatı avans qaydasında ödənilmiş, lizinq obyekti 20000 manat qalıq dəyəri, 12978,73 manat lizinq verənin mükafat məbləği olmaqla 36 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq obyekti cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil alınmış, lizinq alan lizinq obyektinin müqavilə şərtlərinə uyğun olduğu, onda nasazlıq olmadığını təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli müqavilə üzrə ümumilikdə 400 manat məbləğində lizinq ödənişi edilmişdir.
14. İddiaçı xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 19683,92 manat əsas, 4818,69 manat mükafat məbləğinin tutulmasını tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli daxili maliyyə lizinqi müqaviləsini dostunun təkidi ilə bağladığını, lizinq obyektini əldə etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Mülki Məcəllənin öhdəliyin icra edilməməsi ilə bağlı münasibətləri tənzimləyən normalarından aydın olur ki, öhdəliyin icra edilməməsi nəticəsində kreditor ümumi qaydaya əsasən müqavilənin məcburi icrası, müqavilədən imtina/müqavilənin ləğvi, dəymiş zərərin əvəzinin ödənilməsi hüquqlarını əldə edir. Qeyd edilən hər bir hüquq, onların hüquqi təbiəti, həmin hüquqlardan istisnalar Mülki Məcəllənin öhdəlik hüququ ilə bağlı ümumi və xüsusi normalarında əks olunmuşdur.
18. Bu mənada müqavilənin məcburi icrasını tələb edən kreditor sinalaqmatik müqavilə üzrə qarşılıqlı öhdəliyini də icra etməlidir. Belə ki, Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən də əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq, öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
19. Qeyd edilən qayda lizinq münasibətləri üçün də keçərlidir. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
21. xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli daxili lizinq müqaviləsinin 2.3-cü bəndinə görə, lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür.
22. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli daxili lizinq müqaviləsində də lizinq verənin lizinq obyektini lizinq alana verməsi, lizinq alanın lizinq ödənişlərini icra etməsi, buna müvafiq olaraq da lizinq alanın nəqliyyat vasitəsinə mükiyyət hüququnu əldə etməsi şərtləşdirilmişdir. Başqa sözlə, lizinq ödənişlərinin tam icra edilməsi lizinq verən üçün nəqliyyat vasitəsini lizinq alanın mülkiyyətinə vermək öhdəliyi doğurur.
23. Hazırda isə iddiaçı lizinq verən kimi bütün lizinq müddəti üçün lizinq ödənişlərini tələb etsə də (əsas borc üzrə), yəni müqavilənin məcburi icrasını irəli sürsə də, öz qarşılıqlı icrasından imtina edərək nəqliyyat vasitəsinin qaytarılması tələbini də ifadə etmişdir.
24. Mülki Məcəllənin ümumi normalarına müvafiq olaraq 748-1.12-ci maddədə nəzərdə tutulmuşdur ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
25. Göründüyü ki, lizinq obyektini almaq lizinq verənin kreditor kimi lizinq müqaviləsinin ləğv edilməsi hüququnu realizə etdiyi halda irəli sürülməsi mümkün tələbdir. Çünki lizinq münasibətləri kimi icrası davamlı olan öhdəliklərdə müqavilənin ləğvi sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Bu səbəbdən də kreditorun lizinq obyektini mülkiyyətə vermək öhdəliyi də xətm edilmiş hesab olunur.
26. Hazırda isə, qeyd edildiyi kimi, iddiaçı müqaviləni ləğv etməmiş, müqavilənin məcburi icrasını – bütün lizinq ödənişlərini tələb etmişdir. Bu isə lizinq obyektinin qaytarılması hissəsində iddiaçının tələbini əsassız edir, çünki lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilmədiyindən lizinq obyektini lizinq alanın mülkiyyətinə vermək öhdəliyi iddiaçı üçün qüvvədir. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı qalan lizinq müddəti üçün mükafat məbləğini tələb etmək hüququnu da özündə saxlayır.
27. Göstərilənlərə müvafiq olaraq məhkəmə bu qənaətə gəlir ki, 10JL650 dövlət qeydiyyat nişanlı “BMW 525” minik markalı avtomobilin (lizinq obyektinin) cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması hissəsində iddia təmin edilməməlidir.
28. Məhkəmə lizinq ödənişlərinə münasibətdə isə aşağıdakıların qeyd edir.
29. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
30. xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli razılaşmaya əlavə olan 1 saylı ödəniş qrafikindən görünür ki, 06 yanvar 2023-cü il tarixdən 06 dekabr 2025-ci il tarixədək 20000 manat əsas məbləğ, 12978,73 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
31. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, lizinq alan tərəfindən 16 yanvar 2023-cü il tarixdə ümumilikdə 400 manat ödəniş edilmiş, həmin ödənişdən 316,08 manat əsas məbləğinə, 83,92 manat faiz məbləğinə silinmişdir.
32. Belə olan halda, xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli daxili lizinq müqaviləsi üzrə borc məbləği 19683,92 manat əsas, 4818,69 manat mükafat məbləği təşkil edir.
33. Məhkəmə cavabdehin etirazlarına münasibətdə göstərməyi zəruri hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-3115/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1723 nömrəli ekpsert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış İF/06046 nömrəli xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsində; X2 etibarnamə üzrə səlahiyyətli nümayəndə X3 ilə "xxxx" MMC arasında bağlanmış İF/06046 nömrəli xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsində; İF/06046 nömrəli xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə 1 saylı əlavədə; İF/06046 nömrəli xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə 2 saylı əlavədə olan “Bağırov” əlyazmaları və Cavabdeh adından olan imzalar Cavabdeh tərəfindən icra olunmuşdur.
34. Göründüyü kimi, daxili lizinq müqaviləsi, o cümlədən ona 02 nömrəli əlavə olan təhvil-təslim aktı cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Bu mənada cavabdehin öz imzası ilə təhvil aldığını təsdiq etdiyi nəqliyyat vasitəsini əldə etmədiyini bildirməsi həqiqəti əks etdirmir.
35. Digər tərəfdən, cavabdehlə hər hansı üçüncü şəxs arasında iddiaçının iştirakı olmadan yaranan şifahi və ya yazılı müqavilə münasibətləri iddiaçı üçün hər hansı vəzifəyə (öhdəliyə) səbəb ola bilməz. Bu mənada cavabdehin nəqliyyat vasitəsini digər üçüncü şəxlərə verməsi, sonuncularla razılığa gəlməsi iddia tələbinin rədd edilməsi üçün əsas qismində çıxış etmir.
36. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin etirazlarını əsassız hesab edir.
37. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 19683,92 manat əsas borc, 4818,69 manat mükafat borcu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, nəqliyyat vasitəsinin qaytarılması hissəsində iddia rədd edilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
38. İddiaçı 252,17 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.
39. xx.xx.2022-ci il tarixli İF/06046 nömrəli daxili lizinq müqaviləsinin 10.2-ci bəndinə əsasən, lizinq haqqı vaxtında ödənilməzsə, o halda lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
43. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur.
44. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 252,17 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi təmin edilməli, 252,17 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, nəqliyyat vasitəsinin qaytarılması hissəsində iddia rədd edilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
46. İddiaçı eyni zamanda ödənilmiş 164,26 manat dövlət rüsumunun tutulmasını tələb edir.
47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 165 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 127 manat təşkil edir.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
53. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.
54. İddia tələbi pulun tutulması hissəsində təmin edildiyindən və yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə, ekspertiza xərci olaraq 127 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 19683,92 manat əsas borc, 4818,69 manat mükafat borcu, 252,17 manat cərimə məbləği olmaqla ümumilikdə 24754,78 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin Ekspertiza xərci olaraq 127 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova