Məhkəmə qərarları › İş №2-2(113)-877/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-877/2024

10.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-877/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: səhmlərin alqı-satqısı müqaviləsi, etibarsızlıq) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qanuni nümayəndə cavabdehlər Bakı Şəhəri 38 Saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, Cavabdeh3, Cavabdeh4, X2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Xüsusi Notariat ofisinin notariusu İkram Xəlilov tərəfindən xx.xx.2023-cü il tarixli 3M/133, 3M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cəmiyyətin 121 nəfər səhmdarı vardır. O, cümlədən Cəbrayılov Həbib, Cavabdeh3 və onun həyat yoldaşı Məmmədova Zəhraxanımdır. Həmin səhmlər 24 fevral 2023-cü il tarixdə Bakı şəhəri Atatürk prospekti 36A-da yerləşən 38 saylı xüsusi Notariat ofisinin notariusu İkram Xəlilovun təsdiq etdiyi 3M/133, 3M/134 və 3M/135 səhmləri alqı-satqı müqaviləsi ilə uzun illər məhkəmələrdə vəkilləri olmuş Cavabdeh4 tərəfindən vətəndaş Cavabdeh5 satılmışdır. Hər 3 alqı-satqı müqavilələrini rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Milli Depozit Mərkəzi həmin səhmlərin girov öhdəliyi ilə yüklənməməsi və həbsdə olmaması barədə məktub verilmişdir. Eyni zamanda hər 3 müqavilənin şərtlərinin 7-ci bəndində «satıcı həmin səhmlərlə əlaqədar məhkəmə mübahisələrinin olmadığına təminat verir», Halbu ki, Cəbrayılov Həbibə məxsus səhmlərin satılmasına Quba rayon Məhkəməsinin 10 oktyabr 2007-ci il tarixli Qərardadı ilə 47 nəfər səhmdarının səhmlərini aldadaraq əllərindən alması barədə olan şikayət əsasında qoyulmuş qadağa bu günə qədər aradan qaldırılmamışdır. Hansı ki, bu barədə də Milli Depozit Mərkəzinə vaxtında məktub göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayonu Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli Qərardadı ilə vəkil Cavabdeh4 vəsatətinə əsasən Quba-Nəqliyyat ATSC-nin üzərinə qadağa qoyulmuş və bu barədə Milli Depozit mərkəzinə məlumat verilmişdir. Həmin qadağanın götürülməsi barədə hər üç səhmdarın gəlməsi üçün (Cəbrayılov Həbib, Cavabdeh3 və Məmmədova Zəhraxanım) 17 fevral 2023-cü il tarixdə Səbail rayon Məhkəməsi tərəfindən məktub göndərilsə də onlar məhkəməyə gəlməmişlər. Həmin məhkəmənin 17 fevral 2023-cü il tarixdə Quba-Nəqliyyat ATSC-nin üzərindən qadağanın götürülməsi barədə qəbul etdiyi Qərardad 10 gün müddətində qüvvəyə minməmiş, varlanmaq və öz şəxsi məqsədinə çatmaq üçün uzun illər səhmdarları narahat edib «mübarizə» aparan, Quba rayon AXCPnin Ali Məclisinin sədri, vəkil Cavabdeh4 öz müştərilərindən etibarnamə götürərək qanunsuz alqı-satqı etməklə heç kimin tanımadığı X5 250.000 manata yaxın pul əldə etmişdir. Həmin adamlara nə qədər pul verməsi məhkəmə prosesində məlum olacaqdır. 2006-cı ildə Quba-Nəqliyyat ATSC-nin sədri işləmiş Cavabdeh3 qaraj müdiri Cəbrayılov Həbib tərəfindən döyülərək iş otağından qovulmuşdur. 13 ay səhmdar cəmiyyəti ağır vəziyyətdə qoyub Cavabdeh3 öz iş yerinə gəlməmişdir. H.Cəbrayılov qarajdan yığdığı pulları vergi orqanlarına ödəmədiyinə görə Vergilər Nazirliyi tərəfindən həmin müəssisənin əmlaklarına həsb qoyulmaqla satışa çıxarılmışdır.

3. Cavabdeh4 iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə və digər şəxslərə qarşı Qanuni nümayəndə tərəfindən saxtakarlıq edilməklə “Quba Nəqliyyat ATSC” məxsus daşınmaz əmlakları özü özünə və yaxın adamlarına etdiyi alqısatqıların etibarsız hesab edilməsi üçün Quba rayon məhkəməsində iddia qaldırılmışdır. İddia ərizəsindən göründüyü kimi cavabdeh kimi özü və digər Cavabdeh3 Quba şəhərində qeydiyyatdadırlar və Quba şəhərində də yaşayırlar. Cavabdeh3 85 yaşı var və onun Bakı şəhərinə gəlib-getməsi qeyri-mümkündür. İddiaçı tərəf də iddia ərizəsində qeyd edir ki, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yaşayır. Belə olan halda bu iddiaya Quba rayon məhkəməsində baxılmalıdır. Ancaq, həm Qanuni nümayəndə, həm xüsusi notariusun, və həm də ki, səhmlərin alıcısı Cavabdeh5 sahibkarlıq statusları (VÖEN) olduğundan bu iddiaya əsaslı olub-olmamasından asılı olmayaraq, kommersiya məhkəməsində baxılmalıdır. Mövcud qanunvericiliyə əsasən səhmdar öz səhmlərini kimə istəsə sata bilər və bunun üçün səhmdar cəmiyyətin icazəsinə və ya başqa bir hərəkətinə ehtiyac yoxdur və belə bir şey qanunda da nəzərdə tutulmamışdır. Başa düşmək olmur ki, Cavabdeh3 və ya X3 özlərinə məxsus və mülkiyyətlərində olan səhmlərin alıcı Cavabdeh5 satmalarının nə aidiyyəti var və bu alqı-satqı nəyə görə Qanuni nümayəndə narahat edir. Yəni, səhmdar cəmiyyətinin səhmdarları özlərinə məxsus səhmləri satmaqda azaddırlar və bu halın Qanuni nümayəndə heç bir aidiyyəti yoxdur. Cavabdeh3, Cavabdeh6 və Həbib Cəbrayılov özlərinə məxsus səhmləri rəsmi qaydada Milli Depozit Mərkəzinin və X9 şirkətinin təqdim etdiyi rəsmi sənədlər əsasında, yəni səhmlərin yüklü və ya həbsdə olmaması barədə arayışlara əsasən notarius tam qanuni alqı-satqı əməliyyatı ilə həyata keçirtmişdir. Qanuni nümayəndə iddia ərizəsində istinad etdiyi 2007-ci ildə Quba rayon məhkəməsi tərəfindən qoyulmuş məhdudiyyət mülki işə nəticə verildiyindən götürülmüş və bu barədə Milli Depozit Mərkəzində heç bir məhdudiyyətin olmadığı dəqiq və dürüstdür. Cavabdehlərin 2007-ci ilin məhdudiyyətindən heç bir xəbəri və məlumatı olmamış və bu gün də heç bir məlumatları yoxdur. Qanuni nümayəndə iddia ərizəsində qeyd etdiyi onun tərəfindən 2015-ci ildə müvəqqəti təminat tədbiri Qanuni nümayəndə və onur oğlu Kamran Əliyevin səhmlərinə qoyulmuş məhdudiyyət idi ki, və bunun da Cavabdeh3 məxsus səhmlərə və bağladıqları alqı- satqı müqavilələrinə heç bir aidiyyəti yoxdur.

4. Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, iş üzrə iddiaçı Qanuni nümayəndə əsl iddiaçı "xxxx" ASC ilə əvəz edilmişdir.

5. Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia ərizəsi üzrə icraata cavabdeh X4 münasibətdə xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdilər.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Quba Rayon Məhkəməsinn xx.xx.2007-ci il tarixli 2-579 2007 saylı qərardadına əsasən X4 məxsus olan Quba Nəqliyyat ATSC-nin 19.106 manat dəyərində 40512 səhmin satılmasına qadağa qoyulmuşdur.

10. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2/xx-xx/2008 saylı qətnaməsi ilə cavabdeh X3 Quba Nəqliyyat ATSC-i üzrə mülkiyyətində olan 39680 ədəd səhmindən dəyəri 768 manat olan 384 ədədinə mülkiyyət hüquqlarının tanınması və səhmlərin səhmdarların reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinə həvalə edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu l tarixli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş və səhmlərin qaytarılmasına dair iddia tələbi rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(102)-2809/09 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Quba Rayon Məhkəməsinin 2(027)-579/2007 saylı, xx.xx.2007-ci il tarixli iddianın təmin olunması barədə qərardadına əsasən cavabdeh X4 məxsus olan Quba Nəqliyyat ASC-nin 19106 manat dəyərində 40512 səhminin satılması qadağa qoyulduğu və həmin tarixdən xx.xx.2024-cü il tarixə qədər qadağanın götürülməsi barədə məhkəmənin arxivində heç bir məlumat olmadığı qeyd olunmuşdur.

12. xx.xx.2023-cü il tarixli səhmlərin alqı-satqı müqavilələrinə əsasən X6 Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli, AB47284768 saylı Depo hesabından çıxarışa əsasən Quba şəhəri, Azərbaycan prospekti 210 hüquqi ünvanı olan "xxxx" ASC-də olan 39680 ədəd qiymətli kağızların tam hissəsini Cavabdeh5, Cavabdeh3 Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli, AB16960133 saylı Depo hesabından çıxarışa əsasən ASC-də olan 41806 ədəd qiymətli kağılarının tam hissəsini Cavabdeh5 və Cavabdeh6 Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli, AB38204916 saylı Depo hesabından çıxarışa əsasən 35618 ədəd qiymətli kağızlarının tam hissəsini Cavabdeh5 satmışdır.

13. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

14. Məhkəmə hesab edir ki, hazırkı iddianın əsaslılığına münasibət bildirilməmişdən əvvəl məhkəmə tərəfindən iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır.

15. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

17. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

18. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Məhkəmə qeyd edir ki, iddiaçı ATSC tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli 3M/133, 3M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələri alıcı - Cavabdeh5 ilə satıcılar X6, Cavabdeh3 və Cavabdeh6 Ağalı qızı arasında bağlanmışdır. Acıq Sahmdar Cəmiyyətinin səhmdarları isə onlara məxsus səhmləri nə digər səhmdarların, nə də ki, səhmdar cəmiyyətinin özünün razılığı olmadan istənilən şəxslərə özgəninkiləşdirə bilər. Belə olan halda müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı iddiaçı iddia irəli sürməyə dair subyektiv hüquqa malik olmamışdır.

20. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350).

21. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

22. İddiaçının müqavilələrin etibarsız hesab edilməsinə əsas kimi göstərdiyi hal isə Quba Rayon Məhkəməsinn xx.xx.2007-ci il tarixli 2-579 2007 saylı qərardadına əsasən X4 məxsus olan Quba Nəqliyyat ATSC-nin 19.106 manat dəyərində 40512 səhmin satılmasına qoyulmuş qadağadır. Bu arqumetlə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

23. Belə ki, qeyd edilən qərardadın qəbul edildiyi 2007-ci ildə qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin məzmununa əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Quba Rayon Məhkəməsinin sorğuya göndərdiyi cavabdan və sənədlərdən də müəyyən edilir ki, həmin qərardad Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2/xx-xx/2008 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə tətbiq edilmiş, həmin qətnamə isə xx.xx.2009-cü il tarixində (iş üzrə Ali Məhkəmənin qəbul etdiyi qərar tarixi) qanuni qüvvəsini almışdır. Qətnamənin qüvvəyə mindiyi 2009-cü il tarixdən mübahisələndirilən müqavilələrin bağlandığı xx.xx.2023-cü il tarixinə kimi 14 il keçmiş və hələ də Quba Rayon Məhkəməsinn xx.xx.2007-ci il tarixli 2-579 2007 saylı qərardadı ilə tətbiq edilmiş iddianın təmin tədbirinin qüvvədə olması arqumenti yuxarıda qeyd olunalara əsasən məhkəmə tərəfindən tamamilə əsassız hesab edilir.

24. Beləliklə, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırki iş üzrə müəyyən edilməmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

29. Məhkəmə hazırkı qətnamə ilə iddianın tamamilə rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 qarşı xx.xx.2023-cü il tarixli 3M/133, 3M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar