Məhkəmə qərarları › İş №2-2(113)-9148/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-9148/2025

29.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-9148/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, əqdin etibarsızlığı: aldadılma) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayonu Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli F934 nömrəli daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi və 7300 manat ilkin ödənişin, 1203 manat bir aylıq lizinq ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 03 aprel 2025-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında F934 nömrəli daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 90YU934 dövlət qeydiyyat nömrəli “Chanqan Qiyuan A06 plug-in hibrid” markalı avtomobili iddiaçıya 36 ay müddətinə lizinqə vermiş, müqavilə üzrə aylıq ödəniş 1203 manat olmaqla ümumilikdə 43307,97 manat məbləğində (31500 manat əsas borc, 11.807,97 manat isə faiz ödənişi olmaqla) təşkil etmişdir. Avtomobilə qeyd olunan məbləğdən əlavə 7300 manat məbləğində ilkin ödəniş köçürülmüş, başqa sözlə, avtomobilin sonda iddiaçının mülkiyyətinə keçməsi üçün yekun ödənilməli məbləğ ilkin və aylıq ödənişlər daxil olmaqla 50607 manat təşkil etmişdir. 7300 manat pul əlbəəl ödənilmiş, hər hansı qəbz təqdim edilməmişdir. İddiaçı tərəfindən aylıq lizinq ödənişi üzrə 2025-ci ilin may ayında ilk ayın ödənişi, yəni 1203 manat ödənilmiş, növbəti aylar isə ödənilməmişdir. Təbii ki, ödənişin ödənilməməsinin səbəbi də vardır. Belə ki, aprel ayının 28-i yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində maşına ciddi zərər dəymişdir. Avtomobil "xxxx"da sığorta edilmişdir və bazar qiyməti 31000 manat olan avtomobil 42000 manat məbləğində sığortalanmış və sığorta haqqı 2520 manat müəyyən edilmişdir. Hansı əsasla 31000 manat dəyəri olan avtomobil 42000 manat dəyəri göstərilməklə sığortalanır? İddiaçının heç bir hüquqi təhsili, müqavilə və digər hallardan qəti olaraq məlumatı yoxdur, cavabdeh tərəfindən verilən sənədlər onlara etibar edilərək imzalanmış və tələb olunan pul məbləği verilmişdir. Hadisə baş verdikdən dərhal sonra cavabdehə bu barədə məlumat verilmiş, cavabdeh isə hər hansı narahatlığın olmadığını, maşının 100 faiz sığorta olunduğunu və nə lazımdırsa, özlərinin edəcəklərini bildirmişdir. İddiaçı da onlara etibar etmiş və hadisədən sonra ilk ayın ödənişini etmişdir. Lakin keçən müddət ərzində cavabdeh avtomobilin təmiri, bərpası üçün heç bir hərəkət etməmiş, avtomobilin bu günə qədər hər hansı bir detalı belə düzəldilməmişdir. Belə ki, sığorta şirkəti tərəfindən bildirilmişdir ki, guya avtomobil tam məhv olunmuş hesab edilir, bu səbəbdən maşının bazar qiyməti 26000 məbləğində və qalıqlarının dəyəri 8500 manat məbləğində müəyyən edilmişdir. Ona görə də 26000 manatdan qalıqların dəyəri olan 8500 manat və 42000 manat sığorta məbləğinin 10 faizi, yəni 4200 manat çıxmaqla 13300 manat məbləğində pul ödəyir. Lakin avtomobil tam məhv olmamışdır, yəni 75 faiz və daha çox hissəsi zərər görməmişdir. Sığortanın bunu etməkdə məqsədi, təbii ki, daha az ödəniş etmək istəməsidir. 07070İMS nömrəli müstəqil ekspert rəyindən görünür ki, avtomobilə dəymiş zərər işçilərin xərci ilə birlikdə 22600 manat qiymətləndirilmişdir. Maşının da bazar qiyməti işlənmiş vəziyyətdə maksimum, yəni 31000 manatdan götürülsə, maşının 73 faizinin zərər gördüyü və bunun da tam məhv edilmə sayılmadığı açıq-aşkar aydın olur. Lakin yuxarıda da qeyd edilən kimi, bu cür qiymətləndirmə sığorta şirkətinə sərf edir, çünki ziyan 75 faizdən aşağı olacağı halda sığorta təxminən 20000 manata yaxm pul ödəməli olacaqdır. Dəfələrlə cavabdehə və sığorta şirkətinə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Həm cavabdehə, həm də sığorta şirkətinə sığorta məbləğinin 42000 manat göstərilməsinin səbəbləri barədə suallar verildikdə, sığorta şirkəti heç bir cavab vermir, cavabdeh isə guya sığorta şirkətinin onları da aldatdığını və onlarla əməkdaşlığı dayandırdıqlarını bildirir. Hazırda avtomobilin 3 aylıq lizinq ödənişi ödənilməmişdir, çünki iddiaçı cavabdeh tərəfindən aldadılmışdır. Avtomobili alan zaman maşının 100 faiz sığortalandığı, avtomobil yanıb kül olsa belə, sığorta tərəfindən tam dəyərinin ödəniləcəyi və yeni avtomobil veriləcəyi bildirilmişdir. Hətta bu söz hadisə baş verdikdən sonra da deyilmiş və nəticədə hadisənin baş verməsinə baxmayaraq, birinci ay üçün ödəniş edilmişdir. Lakin cavabdeh bu günə qədər heç bir addım atmamış, bütün işlərin arxasınca iddiaçı getmiş, cavabdehin vəkili ilə əlaqə saxlanıldıqda sonuncu yardım etməkdən imtina etmişdir. Hazırda cavabdeh əsassız olaraq aylıq ödənişlərin ödənilməsi, əks halda müqaviləyə xitam veriləcəyi ilə hədələyir. Cavabdeh müqavilədə onun birtərəfli qaydada ləğvinin nəzərdə tutulduğuna istinad edir. Halbuki müqavilə bağlanan vaxt iddiaçının onu oxumasına icazə verilməmiş, bütün müqavilələrin standart qaydada olduğu, heç bir narahatlığın olmadığı, maşının tam sığortalandığı bildirilmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən aldadılmışdır. Cavabdeh tərəfindən aldadılaraq, arxayın salınaraq iddiaçı müqavilə bağlamışdır. Qeyd olunanlar ilə bağlı Mərkəzi Banka da şikayət edilmişdir. Cavabdehlə bağlanmış müqavilə aldatma nəticəsində etibarsız sayılmalı və cavabdehə əlbəəl ödənilmiş 7300 manat məbləğində ilkin ödəniş, həmçinin birinci ay üçün ödənilmiş 1203 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 347-ci maddəsi göstərilmişdir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 5299/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, 2025-ci ilin aprel ayında nəqliyyat vasitəsi lizinqə götürülmüş, 7300 manat ilkin ödəniş edilmişdir. Cavabdeh nəqliyyat vasitəsini kasko sığorta etdirdiyini bildirmişdir. Nəqliyyat vasitəsi 1 ay istifadə edildikdən sonra yolnəqliyyat hadisəsi olmuş, cavabdehə məlumat verildikdən sonra sonuncu nəqliyyat vasitəsini götürmüşdür.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, müstəqil sığorta eksperti tərəfindən zərər 22600 manat qeyd edilsə də, faktiki zərər daha azdır. Etibarsızlıq tələbinin əsası isə ondan ibarətdir ki, cavabdeh iddiaçını kasko sığorta ilə bağlı aldatmışdır.

8. Cavabdehin nümayəndəsi X1 məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda qeyd etdi ki, alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin qiyməti 31500 manat göstərilmiş, həmin məbləğə də nəqliyyat vasitəsi lizinqə verilmişdir. Odur ki ilkin ödənişin edilməsi mümkün deyildir. Yalnız 630 manat komissiya haqqı ödənilmişdir.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı birinci ay nəqliyyat vasitəsini idarə etmiş, oğlu tərəfindən qəza törədilmiş, avtomobilə ziyan dəymişdir. İddiaçının müraciəti əsasında cavabdeh sığorta şirkəti ilə əlaqə saxlamış, sığorta şirkəti tərəfindən 12800 manat sığorta ödənişi təklif edilmiş, cavabdeh həmin vəsaiti alaraq avtomobili təmir etdirmişdir. Lakin iddiaçı nəqliyyat vasitəsini əldə etmək istəməmiş, bu səbəbdən lizinq obyekti üçüncü şəxsə satılmışdır.

10. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianının rədd edilməsini xahiş etmiş, məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli F934 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı – qiyməti 31500 manat olan “Changan Qiyuan A06” minik markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və muzdla iddiaçının müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, iddiaçı isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə cavabdehə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 03 nömrəli əlavə olan lizinq ödənişlərinin cədvəli ilə əsas məbləğin 31500 manat, mükafat məbləğinin 11807,97 manat olması, lizinq ödənişlərinin 03 may 2025-ci il tarixdən 03 aprel 2028-ci il tarixədək edilməsi razılaşdırılmışdır. “Changan Qiyuan A06” minik markalı 90YU934 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi MİB250385 nömrəli xx.xx.2025-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixədək "xxxx" ASC tərəfindən nəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta məbləği 42000 manat olmaqla sığortalanmışdır. xx.xx.2025-ci il tarixli 070701MS nömrəli müstəqil sığorta ekspertinin rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş zərər 18830 manat ehtiyat hissə, 3770 manat işçilik haqqı olmaqla 22600 manat təşkil edir.

15. İddiaçı lizinq obyektinin kasko sığorta ediləcəyi, dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyi ilə bağlı vəd verilsə də, həmin vədin reallaşmadığı, cavabdeh tərəfindən aldadıldığını bildirərək xx.xx.2025-ci il tarixli F934 nömrəli daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi və 7300 manat ilkin ödənişin, 1203 manat bir aylıq lizinq ödənişinin qaytarılmasını tələb edir.

16. Cavabdeh sığorta şirkəti tərəfindən 12800 manat ödənişin edildiyi, həmin vəsait hesabına lizinq obyektinin təmir etdirildiyini, lakin iddiaçının nəqliyyat vasitəsini qəbul etmədiyini, bu səbəbdən də avtomobilin üçüncü şəxsə satıldığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

19. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

22. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

23. xx.xx.2025-ci il tarixli F934 nömrəli daxili lizinq müqaviləsinin etibarsızlığını irəli sürən iddiaçı cavabdeh tərəfindən kasko sığorta barəsində aldadıldığını bildirir və sığorta şirkəti tərəfindən dəymiş zərərin çox qiymətləndirilərək sığorta ödənişinin az edildiyini göstərir.

24. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

25. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı, mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

26. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli qərar).

27. Göründüyü kimi, mülki qanunvericilikdə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda onun əqdi mübahisələndirmək hüququ təsbit edilmiş, üçüncü şəxs tərəfindən aldadılma halında isə, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin mübahisələndirilmə imkanı əks olunmuşdur. Bununla yanaşı, aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir.

28. Hazırkı iş üzrə isə iddiaçının bildirdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, nəqliyyat vasitəsi MİB250385 nömrəli xx.xx.2025-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixədək "xxxx" ASC tərəfindən nəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta məbləği 42000 manat olmaqla sığortalanmış, sığorta şirkəti xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı göstərmişdir ki, lizinq obyektinə dəymiş zərər xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktı ilə müstəqil ekspert X2 tərəfindən 22600 manat məbləğində qiymətləndirilmişdir. Avtomobilə dəymiş zərər məbləği nəzərə alınaraq və bağlanmış sığorta müqaviləsinin əsaslandığı “Avtonəqliyyat vasitələrinin könüllü sığortası qaydaları”na (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi) əsasən avtomobil tam məhv olmuş hesab olunur. Qeyd olunan avtomobilin tam məhv olması nəzərə alınaraq avtomobilin sığorta hadisəsindən əvvəlki bazar dəyəri 26 000 manat məbləğində və qalıqlarının dəyəri 8500 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları, MİB250385 saylı sığorta şəhadətnaməsinin şərtlərini, avtomobilin tam məhv olması nəzərə alınaraq avtomobilin bazar dəyərindən avtomobilin qalıq dəyəri çıxılmış və azadolma məbləği də çıxılmaqla 13300 manat sığorta ödənişi hesablanmışdır.

29. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanması, sığorta hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən təqdim edilən sığorta ödənişinin lizinq alan kimi iddiaçını qane etməməsi sonuncunun cavabdeh tərəfindən aldadıldığını deməyə əsas vermir. Belə ki, iş materiallarında cavabdehin müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verməsi və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu, susmasına dair hər hansı sübut mövcud deyildir.

30. Belə olan halda xx.xx.2025-ci il tarixli F934 nömrəli daxili lizinq müqaviləsinin etibarsızlığı üçün əsas müəyyən edilmir.

31. Digər tərəfdən, iddiaçının 7300 manat ilkin ödəniş etməsi ilə bağlı da hər hansı sübut mövcud deyildir. Həmin məbləğin ödənilməsinə dair öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı iddiaçının sübutu izahatından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

32. Bununl yanaşı, lizinq obyektinin alqı-satqısına dair cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, “Changan Qiyuan A06” minik markalı nəqliyyat vasitəsinin qiyməti 31500 manat razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli F934 nömrəli daxili lizinq müqaviləsinə əsasən də nəqliyyat vasitəsi qiymətinə (31500 manat) mükafat məbləği hesablanmaqla iddiaçıya lizinqə verilmişdir. Belə olan halda iddiaçı tərəfindən 7300 manat məbləğində ilkin ödənişin hər hansı təsdiqedici sübut olmadan cavabdehə ödənilməsi ağlabatan deyildir.

33. İddiaçının 1203 manat məbləğində lizinq ödənişinin qaytarılması tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

34. Hazırda iddiaçının bildirdiyi hallardan sonuncunun birinci ay üçün 1203 manat lizinq ödənişini ödədiyi, nəqliyyat vasitəsini 1 ay istifadə etdiyi aydın olur. xx.xx.2025-ci il tarixli F934 nömrəli daxili lizinq müqaviləsinə 03 nömrəli əlavə olan lizinq ödənişlərinin cədvəlindən görünür ki, aylıq lizinq ödənişi 1203 manat təşkil edir.

35. Belə olan halda nəqliyyat vasitəsini 1 ay istifadə etdiyini qəbul edən, lizinq obyektinə bilavasitə hərəkətləri nəticəsində zərər dəydiyini göstərən iddiaçının 1 aylıq lizinq ödənişini geri tələb etməsinin əsasları mövcud deyildir.

36. Mülki Məcəlləni 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

37. Nə qədər ki iddiaçı lizinq obyektinə birinci lizinq ödənişinin tarixindən əvvəl birtərəfli qaydada xitam verdiyinə dair sübut təqdim etməmişdir, lizinq obyektinin onda olduğu dövr üçün lizinq ödənişlərini icra etməlidir. Bu isə 1203 manat məbləğində pulun tutulması hissəsində də iddianı əsassız edir.

b) Məhkəmə xərci ilə bağlı

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

41. Məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə iddiaçı məcburi köçkün kimi dövlət rüsumundan azad edilmiş, iddia isə təmin edilməmişdir. Bu isə məhkəmə xərcləri ilə bağlı hər hansı həll edilməli məsələnin olmadığını göstərir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar