Məhkəmə qərarları › İş №2-2(115)-1797/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1797/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1797/2024 06.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 2022-ci ildə yazdığı borcun etirafı barədə qəbz əsasında borclu olduğu 19000 manat əsas pulun və əldən çıxmış fayda kimi 2000 manat pulun, ümumilikdə 21000 manat pulun birdəfəlik Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 dekabr 2021-ci il tarixdə Cavabdeh aldatma yolu ilə Sədərək bazarında yerləşən ona məxsus mağazadan ümumilikdə 20000 manat dəyərində mal (geyim paltarı) almışdır. Cavabdehi tanıdığı üçün malın dəyərini aşağı qiymətə, yəni 19000 manata razılaşmışlar. Cavabdeh geyim mallarını ondan götürərək söz vermişdir ki, bir ay müddətinə 19000 manat pulu verəcəkdir. Sədərək bazarında onunla qonşu mağazada işlədiyi üçün hər gün qarşılaşdığını bilib Cavabdeh bir aylıq nisyə həmin malları vermişdir. Lakin cavabdeh ona verməli olduğu 19000 manat pulu verməkdən yayınır. Razılaşdığı müddət bitdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh Sədərək bazarında mağazanı bağlayaraq Tovuz rayonu Qaraxanbəyli kəndinə köçmüşdür. Onun çoxsaylı müraciətlərinə, zənglərinə baxmayaraq verdiyi 19000 manatlıq geyim paltarlarını, nə də razılaşdığı kimi dəyəri olan 19000 manat pulu verməkdən yayınmışdır. Cavabdeh onunla və mağazada onunla işləyən atasının adına qəbz vermişdir ki, guya həmin malları Tovuz rayonunda kimlərəsə vermiş, həmin şəxslər isə Cavabdeh malı, nə də pulunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehi qohumu Ramin adlı şəxs vasitəsi ilə tanımışdır. 2021-ci ilin dekabrında Cavabdeh təxmini dəyəri 19700 manatdan çox olan uşaq paltarlarını satış məqsədi ilə nisyə vermişdir. Cavabdeh nisyə aldığı uşaq paltarlarının pulunu 1 ay sonra ödəyəcəyini bildirsə də hər dəfə bunu yubadaraq borcunu ödməkdən yayınır. Cavabdeh 700 manat güzəşt edərək, malın üzərinə qoyduğu xeyiri çıxıb ondan 19000 manat tutulmasını xahiş etmişdir. 200 manat çıxıldıqdan sonra qalan borcun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştrak edən Cavabdeh izahat verərək bildirdi ki, o İddiaçı tanımır, iddiaçının atası Şahid tanıyır və geyim mallarını da ona Ramin adlı şəxs verib. Belə ki, ilk əvvəl Şahid geyim mallarının nisyə verməsini istəsə də ona mal verilmədi, daha sonra Raminin vasitəçiliyi ilə Şahid malı nisyə verməyə razılaşdı və geyim mallarını özü götürmüşdür. Eldardan 19700 manatlıq mal götürmüş və həmin malları satıb qazanc əldə etmək istəmişdir. Malın pulunu satdıqdan sonra verəcəkdi. Bir müddət sonra satış olmadığını görüb malları qaytarmaq istəmişdir, lakin ona bildirdilər ki, mallar geri qaytarmaq şərti ilə verilməmişdir. Daha sonra Ramin gəlib malın yarsını satmaq üçün ondan götürmüşdür. Malın pulundan isə 190 manat pul ödənilmişdir. Borcu ödməyə imkanım yoxdur, odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadə verərək bildirdi ki, oğlunun mağazası var idi, səhhəti ilə əlaqədar mağazanı bağladı, malları da ora yığmışdı. O, cavabdehi onun bacanağı olan Ramin vasitəsi ilə tanıyıb. Ramin ona bildirmişdi ki, onun bacanağı oğlunun mallarını sata bilər. Daha sonra Sahib gəldi malları yığdı, malları gətirdilər Tovuzda Sahibin evində təhvil verdi. Malları anbarda sayıb vermişdir. Təhvil verdiyi malların dəyəri 19700 manat olmuşdur. Razılaşmaya əsasən pulu ona Sahib verməli idi. Sahib malların pulunu 2 ay ərzində ödəyəcəyini bildirdi. 2 ay sonra Sahibə zəng edəndə ona bildirdi ki, bir müddət sonra borcunu qaytaracaq. Daha sonra Sahiblə telefonda danışanda ona bildirdi ki, get bazardakı bir şəxsdən götür. Bakıdakı şəxsin adı Əziz idi. Sahibin ödəməli olduğu pulun Əziz adlı şəxs tərəfindən ödənilməsi barədə həmin şəxslə hər hansı razılaşması olmamışdır. Əziz sadəcə ona bildirdi ki, o Sahibdən 1200 manatlıq mal almış, onun dəyərini Sahibə ödəmiş və sadəcə 190 manat borcu qalmışdır. O, həmin şəxsdən 100-200 manat məbləğində pul götürmüşdür, yəni nisyə verilmiş malın dəyərindən 200 manat pul ödəniş edilibdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 29 noyabr 2021-ci ildə Sədərək rayonunda 18800 manatlıq malı Eldar adlı şəxsdən götürdüyünü öz imzası ilə təstiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə şifahi olaraq məhsulların nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı özünə məxsus 19700 manat dəyərində geyim paltarlarını atasının vasitəsi ilə alıcı Cavabdeh vermişdir. Satıcı ona veriləsi 19700 manatdan 700 manat hissəsini alıcıya güzəşt etmişdir. Alıcı isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərindən cəmi 200 manat satıcıya pul ödənilməmişdir. Bununla da Cavabdeh iddiaçıya 18800 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 18800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə, eyni zamanda iddianın əldən çıxmış fayda kimi cavabdehdən 2000 manatın alınıb ona ödənilməsi ilə bağlı hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etməklə əldən çıxmış fayda tələb etsə alıcının əsas borcu ödəməli olduğu müddətdən artıq özündə saxlamaqla ondan faydalandığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarında olan № 123666 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət Rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 153 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18800 (on səkkiz min səkkiz yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 153 (bir yüz əlli üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar