Məhkəmə qərarları › İş №2-2(115)-26/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-26/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-26/2020 18.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 16 995 manat əsas borcun, 14 401 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 31 426 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməsi, xx.xx.2012-ci il tarixli 464-L/12 nömrəli müqavilənin ləğv edilərək lizinq obyekti olan 1 ədəd YTO-500 VVZ markalı yükləyici yerqazanın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək 21 995 manat əsas borcun, 24 325,65 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-20/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16 995 manat əsas, 720 manat cərimə olmaqla, cəmi 17715 manat borcu və dövlər rüsumu hesabına ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə 150 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 3109/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-20/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrə qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfat texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli, 464-L/12 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş, dəyəri 32033,00 (otuz iki min otuz üç) manat olan kənd təsərrüfatı texnikası üçün həmin şəxs Cəmiyyətin hesabına 1610,00 (bir min altı yüz on) manat ilkin ödəniş etmiş, qalan 30423,00 (otuz min dörd yüz iyirmi üç) manat məbləğinə isə ödəniş qrafik tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, ödəniş qrafikləri üzrə xx.xx.2017-ci il tarixinədək 19995,00 (on doqquz min doqquz yüz doxsan beş) manat ödənilməli olduğu halda, cəmi 3000,00 (üç min) manat ödəniş edilmişdir Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş xx.xx.2014-cü il tarixli, C/2-2275 nömrəli pretenziya cavabsız qalmışdır. xx xxxxxx 2020-ci il tarixli məhkəmə baxışı iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi qəbul etmir, belə ki texnika nasaz olduğundan 2014-cü ildə 3 nəfərin şahidliyi ilə akt tərtib edilərək İddiaçı ASC-yə qaytarmış, hazırda təxminən 5000 manatdan artıq borcu vardır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Tərəflər arasında bağlanmış İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 464-L/12 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən 1 ədəd YTO-500WZ markalı yükləyici yerqazanı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikaların dəyərindən 1610 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikadan istifadəyə görə ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin şərtindən göründüyü kimi lizinq alan texnikadan istifadəyə görə ödəniş etməyə borcludur. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli aktın məzmunundan göründüyü kimi müqavilənin predmetini təşkil edən texnika Cavabdeh geri alınaraq İddiaçı ASC-yə təhvil verilmişdir. İş üzrə təyin edilmiş ekspert rəyində tədqiqatın nəticəsi kimi qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış xx xxxxx 2012-ci il tarixli, 464-L/12 saylı lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2014-cü il tarixə (lizinq alanın texnianı lizinq şirkətinə təhvil verdiyi tarixə) borcu əsas borc 5595 manat, cərimə borcu 997,20 manat, ümumi borc 6592,20 manat təşkil etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddaçı cavabdehdən xx.xx.2012-ci il tarixli 464-L/12 nömrəli müqaviləyə əsasən xx.xx.2014-cü il tarixə qədər əsas borc üzrə 5595 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Texnikanın cavabdehdən alındığı gündən sonrakı müddətə borc hesablamaqda və tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Azərbaycan Respublikası Mülki Məcəlləsnin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ X1 tutulub dövlət nəfinə keçirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 5595 (beş min beş yüz doxsan beş) manat əsas borc, 205 (iki yüz beş) manat məbləğində cərimə, cəmi 5800 (beş min səkkiz yüz) manat və 10 (manat) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 200 (iki qırx) manat ekspertiza xərci « İddiaçı » Açıq Səhmdar Cəmiyyətindən və 95(doxsan beş) manat ekspertiza xərci isə Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar