Məhkəmə qərarları › İş №2-2(115)-290/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-290/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-290/2021 11.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 25-30 min manat dəyərində "Heyderberq" aparatının alınaraq ona verilməsi və cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını icarəyə götürüb şəxsi biznes ilə məşğul olur. O, Cavabdeh ilə razılaşaraq qeyri-yaşayış sahəsinə görə hər ay üçün 1000 manat ödəyirdi. O, cavabdehə məxsus qeyri-yaşayış sahəsində bir il iki ay icarə haqqı ödəməklə şəxsi biznesini davam etdirmişdir. Hazırda o, qiymət baxımından daha münasib qeyri-yaşayış sahəsi icarəyə gotürmüşdür və o, özünə məxsus əşyaları cavabdehə məxsus qeyri yaşayış sahəsindən çıxarmışdır, lakin cavabdeh ona məxsus, qurduğu iş üçün vacib olan əsas 25-30 min manat dəyərində "Heyderberq" aparatını və quraşdırdığı kameranı götürməyinə imkan vermir. Ondan cavabdehə məxsus qeyri-yaşayış sahəsinin təmirini tələb etdi, o 1500 manat xərc çəkib cavabdehə məxsus qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, biznesini genişləndirmək üçün "xxxx" KB ASCdən böyük məbləğdə kredit götürmüşdür, hər ayın 22-də banka kredit ödəməlidir və eyni zamanda hər aparatın(stanokun) quraşdırılması üçün usta Bakı şəhərindən gəlir və aparatın quraşdıırlması üçün 2000 manat alır. Hazırda o, 31 oktyabr 2019-cu il tarixdən bu günə kimi gündəlik əldə edəcəyi qazancı ilə qalır, cavabdehin ona yaratdığı bu hallar onun səhhətinə də pis təsir etmişdir. O, bu günə kimi maddi və mənəvi ziyan çəkmişdir. Abbasov X4 Fazil Arif oğluna qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi ləğv edilməklə 12000 manat məbləğin (9000 manat icarə haqqı və 3000 manat cari təmirə görə) cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 mart 2019-cu il tarixdə mülkiyyətində olan Gəncə şəhəri Atatürk küçəsi 119-da yerləşən qeyri - yaşayış sahəsini İddiaçı aralarında bağlanılmış icarə müqaviləsinə əsasən hər ay 1000 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin müqavilə 5 il müddətinə bağlanılmışdır. Həmçinin bu müqaviləyə əsasən icarədara məxsus əmlakı icarəçi saz vəziyyətdə saxlamalı olduğu üçün cari təmir işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Lakin bu günə kimi cabadeh müqavilə şərtlərinin heç birinə əməl etməmiş və icarə haqqını ödəməmişdir. Belə ki, bu günə icarəçinin 9000 manat icarə haqqı və cari təmir işlərinə görə 3000 manat öhdəliyi yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödəliklərini yerinə yetirməkdən imtina etmiş və əsassız olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcarə müqaviləsi ləğv edilməklə, 12000 manat məbləğin cavabdehdən tutulması tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(044)-340/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1 ədəd “Heyderberq” çap aparatı və “Yevrolet” markalı kamera avadanlığı alınaraq, İddiaçı verilməsi, ilkin iddia tələbi qalan hissəsinin və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının tutulmasına” dair qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Qətnamədən verilmiş apelyasiya şikayətlərinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş mahiyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə göndərərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək, ona məxsus “Heyderberq” aparatının və kamera qurğusunun cavabdeh tərəfindən saxlanılmasının qadağan edilməsi və ona qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli 2-2(115)-290/2021 saylı qərardadı ilə ərizə təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı əmlak, maddi və mənəvi ziyan tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə iddianı təmin etmə tədbiri barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli e-2-2(115)-290/2021 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(115)- 290/2021 saylı qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 31 mart 2020-ci il tarixli 2-2(104)-88/2021 saylı qərardadı ilə ilk iddia üzrə iddaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(115)-290/2021 saylı qərardadı və həmin qərardadla bağlı Gəncə Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2-2(115)-290/2021 saylı qərardadı "Heyderberq" çap aparatı ilə bağlı iddianın təmini tədbiri görülməsindən imtina edilməsi hissəsində qismən ləğv edilmiş, ilk iddia üzrə İddiaçı məxsus "Heyderberq" çap aparatının ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasında Cavabdeh tərəfindən saxlanılması sonuncuya qadağan edilməsi və həmin "Heyderberq" markalı çap aparatının Cavabdeh alınaraq ilk iddia üzrə İddiaçı verilməsi, şikayətin qalan hissədə təmin edilməsi qərara alınmışdır. İlk iddia üzrə iddiaçı sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, "Heyderberq" çap aparatının Cavabdeh tərəfindən sökülmüş hissəsinin yəni, “zər vuran” hissəsinin qaytarılması və ya onun dəyəri olan 17000 manat pulun ödənilməsi, “Yevrolet” kamera qurğusunun qaytarılması, həmin çap aparatının cavabdeh tərəfindən saxlandığı və söküldüyü üçün 02.11.2019-cu il tarixdən bu günədək biznes fəaliyyətinin dayandırıldığına görə ona vurulmuş 61800 manat həcmində maddi zərərin, 10000 manat həcmində mənəvi zərərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, icarə müqaviləsi ləğv edilməklə 12000 manat məbləğin 9000 manat icarə və 3000 manat cari təmirə görə, 01 mart 2019-cu ildən avqust 2024-cü ilə kimi olan icarə müqaviləsinin ləğv olunmamasına, müqavilənin şərtlərinin pozulmasına, cari təmir etməməsinə və çap aparatının 05.04.2021-ci ilə kimi obyektdə qalmasından obyekti icarəyə verə bilməməyindən maddi ziyana görə 2019-cu ilin dekabrın 1-dən 2021-ci ilin avqust ayı olmaq şərti ilə 21000 manat icarə haqqına görə, 05.12.2019-cu ildə iş məhkəmədə olmağına baxmayaraq İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin müavini Oktay müəllimlə əlaqəyə girərək 10 nəfərə yaxın polis işçiləri ilə birlikdə avtokar və evakuator gətirərək evinə obyektinə zorla girərərək, hədə-qorxu gələrək çap aparatını çıxarmaq istəmələrinə onun həyacan, sarsıntılar keçirməyinə, halının pisləşməsinə, huşunu itirməyinə, xəstələnib yatağa düşüb sistemlər və dərmanlar qəbul etdiyinə zərər görməyinə görə 6000 manat, ona aid olan kameranın öz adına çıxmasına, mənimsəmək istəməsinə, çap aparatını 05.04.2021ci ildə aktı imzalayıb qəbul edib sonra 07.04.2021-ci ildə prokurorluğa, polisə ərizə yazıb onu oğru saymasına, biabır etməsinə və şər atmasına, dostu Orxanı üzünə qoyub güya özü ola-ola icarə pulunu Orxan verib bütün gedişatları bu dərəcəyə çatdırmasına fiziki mənəvi sarsıntılar keçirməsinə, ürək ağrısı tapmasına zərər görməsinə görə isə 5000 manat, bunların hamısı 44000 manat olmaq şərtilə həmin pulların cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə verərək, 3000 manat məbləğində təmir işləri ilə bağlı çəkilən xərclər aşağıdakı kimi əsaslandırmışdır: 1) əlüz yuma 1 ədədi 115 manat 1x115=115 manat, 2) metlak 1 kv m 17 manat 40x17=680 manat, 3) işıq lampası 1 əd 4 manat 60x4=240 manat, 4) lanpa qazon 1 ədəd 18 manat 4x18=72 manat, 5) emulsiya rəng 10 kl 25 manat 1x25=25 manat, 6) aqlay 1kv.m 25 manat 1x25=25 manat, 7)tamet 1kv.m 10 manat 1.5x10=15 manat, 8) tamet perila 1 m 10 manat 2.5x10=25 manat, 9) mərmər 1 kv.m 25 manat 10x25=250 manat, 10)sement “Mətanət” 1 ədəd 6.5 manat 16x6.50=1014 manat, 11) sement 50 kq 1 ədəd 8 manat 2x8=16 manat, 12) katok 1 ədəd 6 manat 1+6=6 manat, 13) fırça 1 ədəd 2 manat 1x2=2 manat, 14) maxtavisa 1 ədəd 5 manat 1x5=5 manat, əlavə xərclər: maşın, fəhlə və başqaları-100 manat, usta profil, podrat müqaviləsi pəncərə şüşə-100 manat, usta podrat müqaviləsi söküb düzəltmək- 913 manat, cəmi məbləğ 2693 manat. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinə və iddia tələbinin həcminin artırılması barədə ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, kamera qurğusunu və 4 ədəd kameranı özü almışdır. 1200 manata yaxın xərc çəkmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq çap aparatı cavabdeh tərəfindən geri qaytarılmamışdır. Həmin aparatı apelyasiya məhkəməsinin qərarına əsasən 2021-ci il 05 aprel tarixində cavabdehdən götürmüşdür. Aparat yararsız vəziyyətdə olduğu üçün işlədə bilməmişdir. Əvvəlcədən aparatın bütün ehtiyyat hissələri üstündə olmuş və çap aparatı işlək vəziyyətdə olmuşdur. Lakin aparat ona verildiyi vaxt həmin hissə olmamışdır. Apelyasiya məhkəməsinin qərarını icra məmurları icra edərkən icra yerində şəxsən olmamışdır. Ona görə ki, icra yerində şəxsən iştirak etdiyi təqdirdə Cavabdehla mübahisə ola bilərdi. Lakin, çap aparatının ona təhvil verilməsi barədə icra məmurunun yazdığı aktı imzalamışdır. İşçisi Orxan icra yerində olmuş və aparat yüklənib hazırda işlətdiyi obyektə gətirilərkən görmüşdür ki, çap aparatının zər vuran hissəsi yerində yoxdur. Aparatın sökülmüş hissəsini yalnız xarici ölkədən əldə edilməsi mümkün olduğundan, alınma və gətirilmə xərci 17000 manat təşkil edir. 02.11.2019-cu ildə cavabdehin obyektindən çıxdıqdan sonra çap aparatı orada qaldığı üçün işləyə bilməmiş, biznes fəaliyyəti dayandırıldığı üçün ona 61800 manat həçmində ziyan vurulmuşdur. Bu hal cavabdehin obyektində, həmçinin digər yerlərdə işlədiyinə görə ödədiyi vergi sənədləri ilə təsdiq olunur. Bundan başqa, işini qurmaq üçün bankdan kredit götürmüş, lakin Cavabdeh ona mane olmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində həmçinin mənəvi zərər çəkmişdir. Bundan başqa, obyektdən çıxarkən elektrik, rəngləmə işləri gördürmüş, həmçinin qapının şüşələri də dəyişdirilmişdir. İcarə müqaviləsinin bütün mətni komputer üsulu ilə yazılmamışdır. Müqaviləyə cavabdeh tərəfindən əlavələr edilmişdir. Müqavilə 1 illik bağlansa da, 1 rəqəmi 4 kimi düzəliş olunmuşdur. Obyektdə 2-ci mərtəbədə ancaq dəvətnamə yapışdırılır və orada aparat yoxdur. Obyektdə olan əlüzyuyanın sındırıldığı xatırlamır. İcarə haqqını işçisi X6 hər ay 1000 manat olmaqla ödəmiş və icarə haqqına görə borcu qalmamışdır. İcarə haqqı ödənilərkən, heç bir sənədləşmə olmamışdır. Mübahisə olandan sonra demişdir ki, aparatı çıxarıb təmir işlərini yekunlaşdırsın, lakin Cavabdeh ona icazə verilməmişdir. Avadanlıqlar obyektdən çıxarılarkən, döşəmədə olan mərmərlər çızılmışdır. Ona görə də girişdə olan döşəmənin düzəldilməsinə etiraz etmir. Qalan təmir işləri ilə bağlı xərcləri qəbul etmir. Belə ki, obyektdən çıxan zaman Cavabdeh ona hər şeyi təmir etdirmiş, yalnız giriş hissəsində olan döşəmə qalmışdır. Belə razılaşmışlar ki, sonuncu çap aparatını çıxardıqdan sonra həmin yeri təmir edəcəkdir. Lakin, sonradan Cavabdeh razılaşmanı pozmuş və məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. İddiaçı vəkili Vəkil3 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinə və iddia tələbinin həcminin artırılması barədə ərizəyə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, hər iki tərəf sahibkardır. Cavabdeh öz hərəkətləri ilə İddiaçı sahibkarlıq fəaliyyətinə çox böyük zərər vurmuşdur. Müqavilə əmlakın icarəyə götürülməsi ilə bağlı bağlanmışdır. Müəyyən vaxt keçdikdən sonra İddiaçı bankdan 70000 manat pul götürərək öz fəaliyyətini genişləndirmək istəmişdir. Çap aparatının əsas hissəsi cavabdeh tərəfindən sökülmüşdür. İddiaçı aparatı təhvil verilən zaman mübahisə olmasın deyə icra prosesində iştirak etməmişdir. Həmin obyekt bağlanana qədər aparat işlək vəziyyətdə olmuşdur. Çap aparatının əsas hissəsi cavabdeh tərəfindən sökülmüşdür. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, obyektdə olan bütün kameralar onundur. “Euronet” markalı kamera qurğusunu həmin obyekti ərzaq mağazası kimi istifadə etdiyi vaxt quraşdırmışdır. Polislər obyektə gələrək bildirmişlər ki, aparatı İddiaçı versin. Daha sonra onun vəziyyətinin pisləşdiyini görüb oradan getmişlər. Aparatı sürüklüyərək obyektdən çıxarmışdılar. Həmçinin, obyektdə divar rənglənməsindən başqa heç bir iş görülməmişdir. İcarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. İddiaçı çap aparatı vasitəsilə dəvətnamə çap edirdi. Pandemiya ilə əlaqədar heç bir şadlıq sarayı işləmədiyi üçün dəvətnamə çap edilmir. Zərərlə bağlı iddiaçı tərəfin fikirləri əsassızdır. Əlüzyuyan çatlamışdır. Giriş hissədə işıq lampalarının hamısı işlək vəziyyətdə olmuşdur. Lampa qazonlardan 4 ədədi işləmir, qalanları isə işlək vəziyyətdədir. Divarın su çəkməsi səbəbi aparatların işləməsi olmuşdur. Aparatlar çıxarılan vaxt aqlayı sirkələyərək yerindən çıxarmışlar. Mağazanın qarşısındakı tametin çökməsinin səbəbi aparatların daşınması və ağırlıq olmasıdır. Mərmər də aparatlara görə cızılmışdır. Hər iki mərtəbəyə görə ümumi 40 kvadrat çatlamışdır. İcarə haqqını alanda kitaba imza atırdı, başqa sənədləşmə aparılmırdı. İddiaçı 9 ayın pulun verməmişdir. Türkiyədən aparat gətirəcəyini demişdir. 01.10.2018-ci ildə 170 km əmlakı icarəyə vermişdir. İlk əvvəl 340 manatla razılaşaraq 170 km ərazi icarəyə verilmişdir. Daha sonra isə bütün əmlakı 01.03.2019-cu ildən 1000 manata razılaşmaqla 454 km ərazini icarəyə verilmişdir. Aparatın orada qalmasına səbəb o idi ki, icarə pulu ödəniləcək və təmir işləri qurtaracaqdı. İndi isə Fazil borcu qaldığı icarə haqqını verməsin deyə, ona qarşı əsassız iddialar qaldırır. Ona görə də, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, usta olaraq işləyir. İddiaçı ilə bir qəsəbədə yaşayırlar. Fazil ona Atatürk prospektində yerləşən obyektdə təmir işlərinin görülməli olduğunu birdirdiyinə görə obyektdə təmir işləri görmüşdür. Fazildən 680 manatlıq materialın pulu və 1500 manat da əmək haqqı almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, Fazillə qonşu olmuşlar. Maliki isə obyekt icarəyə götürüldüyü vaxt tanımışdır. Fazil olmadığı üçün icarə haqqını 7-8 ay ayda 1000 manat olmaqla o vermişdir. Çap işi ilə məşğul olurdu, aparatı özü işlədirdi. Obyekt bağlanana qədər hər şey işlək vəziyyətdə olmuşdur. Obyekti Fazil təmir etdirmişdir. Təmir işləri 2019-cu ilin noyabr ayında görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, Orxan ona zəng vuraraq dedi ki, onlar köçürlər. Avadanlıqları çıxarmaq lazımdır. Razılaşaraq avadanlıqları oradan çıxarmağa başladılar. Maliklə Fazil arasında mübahisə olduğunu gördülər. Malikin obyektə daxil omasına narazılıq var idi. Malik təmir işləri qurtardıqdan sonra aparatı verəcəyini demişdir. Hadisə 2020-ci ilin əvvəlləri olmuşdur. Daha sonra aparatı çıxartmağa gedəndə icra məmurları da orda idi. Malik etiraz etmədi və aparatı çıxararaq yeni icarəyə götürülən yerə aparmışdılar. Aparatı quraşdıranda Fazil dedi ki, aparatın hansısa bir hissəsi yoxdur. Mübahisə olduğundan aparat çıxarılan vaxt aparata baxılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən icra məmuru X1 ifadəsində bildirdi ki, tərəflərin aid olduğu Gəncə Apelyasiya Məhkəməsinin icra sənədi hazırda məzuniyyətdə olan icra məmuru Anar Cəfərovun icraatında olmuş, lakin icra sənədi icra olunan vaxt birlikdə icra yerində iştirak etmişlər. Çap aparatı çıxarılan vaxt tələbkar İddiaçı icra yerində olmuşdur. Əvvəl tələbkar tərəfindən çap aparatına baxış keçirilmiş, daha sonra tələbkar gedəcəyini və aparatı dostları çıxarıb aparacağını deyib getmişdir. Tələbkar İddiaçı şəxsən aparata baxıb tərtib edilmiş aktı imzalamışdır. İş materiallarına əlavə olunmuş 01.03.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 119A ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı icarə haqqı hər ay üçün 1000 manat olmaqla icarəyə vermişdir. İcarə müqaviləsinin 2.2.1-ci bəndində əmlakı saz vəziyyətdə saxlamaq və öz hesabına cari təmir etdirmək icarəçinin vəzifələrinə aid edilmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli aktın surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2-2(104)-88/2020 saylı 31.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən “Heyderberq” çap aparatı borcu Cavabdeh alınaraq tələbkar İddiaçı verilmiş, bununla da, icra sənədi tam icra edilmişdir. Akt icra məmurları, tələbkar, borclu və şahidlər tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş sadələşdirilmiş vergi bəyannəmələrində İddiaçı çap işlərinin yerinə yetirilməsinə görə 2018-2019-cu illər üzrə vergilər hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" KB-nın 16.11.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 22.10.2019-cu ildə verilmiş 70000 manat kredit üzrə əsas borcu 54817,86 manat, faiz borcu isə 5902,34 manat təşkil edir. İş materiallarına əlavə edilmiş podrartçı X7 ilə sahibkar Cavabdeh arasında bağlanması nəzərdə tutulan podrat müqaviləsində 1 kv.m 14 manat olmaqla, 10 kv.m mərmərin dəyişdirilməsinə görə 140 manat tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Mülki Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki hallarından göründüyü kimi, ilk iddia üzrə iddiaçı cavabdehə məxsus obyekti icarəyə götürərək istifadə etmiş və 02.11.2019-cu il tarixdə obyekti cavabdehə təhvil verməklə icarə hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçı obyektdən çıxarkən orada müəyyən təmir işləri aparmış, obyektin giriş hissəsindəki təmiri “Heyderberq” çap aparatı çıxarıldıqdan sonra yerinə yetirəcəyi barədə cavabdehlə razılığa gəlmiş, lakin aralarında olan razılaşma sonradan pozulduğu üçün çap aparatı cavabdehə məxsus obyektdə qalmış, təmir işləri isə yekunlaşdırılmamışdır. İddiaçı çap aparatını məhkəmənin verdiyi icra sənədinə əsasən icra prosesində 05.04.2021-ci il tarixdə götürmüş, lakin icarə müqaviləsinin tələbinə əməl etməyərək, obyektdən istifadə etməsi nəticəsində giriş hissəsində olan döşəməni təmir etdirməmişdir. İlk iddianın “Heyderberq” çap aparatının cavabdeh tərəfindən sökülmüş hissəsinin qaytarılması və ya onun dəyərinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı çap aparatının “zər vuran” hissəsinin cavabdeh tərəfindən söküldüyünü, aparat qaytarılarkən icra prosesində olmadığını və sonradan aparatda çatışmazlıq aşkar etdiyini iddia etsə də, məhkəmə iclasında dindirilmiş icra prosesində iştirak edən icra məmurunun ifadəsi və icra nəticəsində tərtib edilmiş aktla müəyyən edildi ki, tələbkar tərəf olaraq iddiaçı icra prosesində şəxsən iştirak edərək, alınmalı olan əmlakı qəbul etməklə, bu barədə tərtib edilmiş aktı imzalamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ilk iddianın “Heyderberq” çap aparatının cavabdeh tərəfindən sökülmüş hissəsinin qaytarılması və ya onun dəyərinin ödənilməsi hissəsi təmin edilə bilməz. “Yevlolet” markalı kamera qurğusunun cavabdehdən alınması tələbinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin əmlakın iddiaçıya məxsus olması və cavabdehin qanunsuz istifadəsində olması təsdiq edilmədiyindən, bu hissədə də, iddia təmin edilə bilməz. İlk iddia tələbinin çap aparatının cavabdeh tərəfindən saxlandığı və söküldüyü üçün 02.11.2019-cu il tarixdən biznes fəaliyyətinin dayandırıldığına görə ona vurulmuş 61800 manat həcmində maddi zərərin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəlki illər üzrə iddiaçının müxtəlif yerlərdə gördüyü işlərə görə vergi ödəməsi və kredit götürməsi ona dəlalət etmir ki, iddiaçı 61800 manat məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı tərəf isə 61800 manat məbləğində gördüyü tədbirlər və apardığı hazırlıq işlərinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilk iddianın 61800 manat məbləğində əldən çıxmış fayda qismində zərərin ödənilməsi hissəsi təmin edilə bilməz. 10000 manat manat məbləğində mənəvi ziyan dəyməsi ilə bağlı tələbinə gəldikdə məhkəmə qeyd edir ki, bu hal öz təsdiqini tapmır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Lakin ilk iddia üzrə iddiaçı məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsini təsdiq edə bilmədi. Qarşılıqlı iddiaya gəldikdə, məhkəmə hesab edir ki, tərəflər arasında olan icarə hüquq münasibətlərinə 02.11.2019-cu il tarixdən xitam verildiyindən, icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə 3000 manat məbləğində təmir xərclərinin 422 manat 50 qəpik hissəsi təmin olunmalıdır. Qarşılıqlı iddia üzrə cavabdeh icarəyə götürdüyü əmlakı saz vəziyyətdə iddiaçıya təhvil verməli olması barədə müqavilə üzrə öhdəlik götürsə də, obyekti təhvil verərkən giriş hissəsində mərmərdən olan döşəmənin təmirini yerinə yetirməmiş, bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən yayınmışdır. Cızılmış mərmərlərin dəyişdirilməsi üçün 10 ədəd mərmərin 1 kv.m-nin 25 manatdan olmaqla 250 manat, yapışdırılması üçün 5 kisə sementə görə 1 ədədi 6 manat 50 qəpik olmaqla 32 manat 50 qəpik və usta xərclərinə görə 140 manat olmaqla cəmi 422 manat 50 qəpik məbləğində zərərin əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair ilk iddiası təmin edilməməli, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 mart 2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, 422 manat 50 qəpik məbləğində zərərin əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə 3000 manatlıq təmir xərclərindən yalnız 422 manat 50 qəpik hissəsi təsdiq edildiyindən, təmir xərclərinin qalan hissəsi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, qaşılıqlı iddia üzrə iddiaçı cavabdehin ona 12000 manat məbləğində icarə haqqından borcu qaldığını iddia etsə də, buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmiş, bunun əksi olaraq məhkəmədə dindirilmiş şahid X6 və cavabdeh İddiaçı icarə haqqının tam şəkildə Cavabdeh ödənildiyini bildirmişlər. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbinin çap aparatının 05.04.2021-ci ilə kimi obyektdə qalması nəticəsində obyekti icarəyə verə bilmədiyindən maddi ziyana görə 2019-cu ilin dekabrın 1-dən 2021-ci ilin avqust ayı olmaq şərti ilə 21000 manat icarə haqqına görə, 05.12.2019-cu ildə iş məhkəmədə olmağına baxmayaraq İddiaçı polis işçiləri ilə əlaqəyə girərək avtokar və evakuator gətirərək evinə obyektinə zorla girərərək, hədə-qorxu gələrək çap aparatını çıxarmaq istəmələrinə onun həyacan, sarsıntılar keçirməyinə, halının pisləşməsinə, huşunu itirməyinə, xəstələnib yatağa düşüb sistemlər və dərmanlar qəbul etdiyinə zərər görməyinə görə 6000 manat, ona aid olan kameranın öz adına çıxmasına, mənimsəmək istəməsinə, çap aparatını 05.04.2021-ci ildə aktı imzalayıb qəbul edib sonra 07.04.2021-ci ildə prokurorluğa, polisə ərizə yazıb onu oğru saymasına, biabır etməsinə və şər atmasına, dostu Orxanı üzünə qoyub güya özü ola-ola icarə pulunu Orxan verib bütün gedişatları bu dərəcəyə çatdırmasına fiziki mənəvi sarsıntılar keçirməsinə, ürək ağrısı tapmasına zərər görməsinə görə isə 5000 manat məbləğində pulun tutulması mötəbər sübutlarla təsdiq edilmədiyi üçün təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 mart 2019-cu il tarixli icarə müqaviləsi ləğv edilsin. 422 manat 50 qəpik məbləğində zərərin əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar