Məhkəmə qərarları › İş №2-2(115)-291/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-291/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-291/2021 20.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər rayon Məhkəməsinə müraciət edərək 01 avqust 2014-cü il tarixli, 100.LN.2108.010814.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin 175 000 manat əsas, 77 467,58 manat faiz, 21059,82 manat cərimə, 3500 manat komissiya haqqı olmaqla, cəmi 277027,40 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiq olunması üçün 18 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxilişli TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavatora yönəldilməsi, açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı ASC ilə arasında bağlanmı 01.08.2014-cü il tarixli, 100.CL.010814.00001 saylı ipoteka müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi hesab edilməsi, cavabdeh tərəfindən ona vurulmuş 96 000 manat zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1249/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Ləğv Prosesində olan İddiaçı ASC arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 100.LN.2108.010814.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 22 % (iyirmi iki) faiz olmaq şərti ilə 175 000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi Cavabdeh ilə 01.08.2014cü il tarixli 100.LN.2108.010814.00001/a nömrəli ipoteka müqaviləsi bağlamış və JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxilişli TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator iddiaçı tərəfindən qanunsuz yolla ondan alınmış və nəticədə həmin texnikadan fayda əldə edə bilməmiş, bu səbəbdən zərərə məruz qalmışdır. İlkin iddia üzrə iddiaçının nümayəndəsi X6 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 01.08.2014-cü il tarixli, 100.LN.2108.010814.00001 nömrəli nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana 12 000 manat məbləğində illik 22 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – X3 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 01.08.2014-cü il tarixli, 100.LN.2108.010814.00001/a nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 100.LN.2108.010814.00001 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka qoyan X1 mülkiyyətində olan JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxilişli TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator Bankın xeyrinə yüklü edilmişdir. 30 avqust 2016-ci il tarixli, 06/385 nömrəli maliyyə arayışının surətindən görünür ki, 01.08.2014-cü il tarixli, 100.LN.2108.010814.00001 nömrəli kredit müqaviləsi üzrə 30.08.2016cı il tarixə olan əsas borc 175 000 manat, müqavilə müddəti üçün hesablanmış faiz 77 467,58 manat, gecikdirməyə görə hesablanmış cərimə borcu 21059,82 manat təşkil etmişdir. 08.09.2016-cı il tarixli, 19/8882 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 000548 nömrəli, 07 avqust 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxilişli TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka qoyan Cavabdeh İddiaçı ASC-nin İdarə heyətinə ünvanladığı 10 dekabr 2014-cü il tarixli ərizənin surətindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlakın satılmasına və ya banka təhvil verilməsinə etiraz etməmişdir. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində ipoteka ilə yüklü edilmiş tırtıllı ekskavatorun 2018-ci ilin fevral ayına orta bazar qiyməti 410 000 manat təşkil etdiyi qeyd edilmişdir. İş üzrə “xxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsi barədə rəydə Cavabdeh məxsus tırtıllı ekskavatorun bazar dəyəri 320 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 01.08.2014-cü il tarixli, 100.LN.2108.010814.00001 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 175.000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziyalar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,ipoteka predmeti olan ekskavator İddiaçı ASC tərəfindən saxlanca götürülmüş,həmin tarixdən borclu ipoteka predmetindən istifadə etməmişdir. Bundan başqa iddiaçı, cavabdehdən 21 059,82 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2916-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2912.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2917-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 1059,82 (min əlli doqquz manat səksən iki qəpik) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ilkin iddia qismən təmin edilməli,ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kredit müqaviləsi üzrə 175000 manat əsas, 77467,57 manat faiz, 1059,82 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 253557,40 manat məbləğində pul alınıb ilkin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməli, qarşılıqlı iddia təmin edilməli, iş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC tərəfindən Cavabdeh məxsus TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavatorun qanunsuz yolla ondan alınması və bu hərəkət nəticəsində zərərə məruz qalması sübutlarla təsdiqni tapmamışdır. Odur ki, qarşılıqlı iddia təmin olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə 175000 manat əsas, 77467,57 manat faiz, 1059,82 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 253557,40 manat məbləğində pul alınıb ilkin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar