Məhkəmə qərarları › İş №2-2(115)-359/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-359/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-359/2022 11.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı1 cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh “Azəriqaz “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh “Azəri Qaz” İB-nin RQİİ-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 360 manat məbləğində cərimənin silinməsinə və sayğacın yenisi ilə əvəz edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini sayğacın quraşdırılması hissədə tələbdən xaric edilməklə iddia tələbi üzrə yalnız “əsassız hesablanmış borcun silinməsi” hissəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(021)-3107/21 saylı qərardadı ilə İddiaçı1 cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Qaradağlı kəndində təndirxana açmışdır. Orada qazdan istifadə üçün 260 metr məsafədə 18 fevral 2021-ci ildə qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac quraşdırıldıqdan sonra “Azəri Qaz” Tərtər Regional İdarəsinin əməkdaşları ona bildirmişlər ki, sayğaca kod verildikdən sonra qazdan istifadəyə icazə veriləcəkdir. Həmin sayğaca görə 70 manat pul ödənilmişdir. 12 aprel 2021-ci ildə sayğaca baxış keçirilərkən müəyyən etmişlər ki, həmin sayğac işləmir, sayğac yenisi ilə əvəz edilmişdir. Bundan sonra 15 aprel 2021-ci il tarixdə o, fəaliyyətə başlamışdır. “Azəri Qaz” Tərtər Regional İdarəsinin əməkdaşları tərəfindən sayğac yoxlanılması üçün “Azəri Qaz” İB-nə göndərilmişdir. Həmin sayğaca laboratoriya şəraitində baxış keçirilərək akt tərtib edilmişdir ki, sayğacda texniki nasazlıq olduğundan sayğacın hesablama mexanizmi işləmir, keçən qazın həcmi qeyd edilmir. Həmin aktla da təsdiq olunur ki, sayğaca heç bir müdaxilə olunmamış, sayğacın özündə nasazlıq olmuşdur. Buna baxmayaraq, ona əsassız olaraq 360 manat məbləğində cərimə yazılmışdır. Bu səbəbdən də hesab edir ki, sayğaca onlar tərəfindən kənar müdaxilə olmadığından qanunsuz yazılmış cərimə borc məbləği silinməlidir. Hal-hazırda cavabdeh təçkilatın ondan 360 manat məbləğində cərimə vəsaitini tələb etməsi, hüquqlarının pozulmasına səbəb olmuşdur. Sadalanan xüsusatlara əsaslanaraq, hesab edir ki, hazırki iş üzrə cavabdeh “Azəri Qaz” İB-nin RQİİ-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 360 manat məbləğində cərimə məbləği silinməli və sayğac yenisi ilə əvəz edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Fiziki şəxs İddiaçı1 abonent saldosundan görünür ki, abonentin 2021-ci il iyul ayı üzrə qalıq və aktlara görə 360 manat borcu qeyd edilmişdir. 18 fevral 2020-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, köhnə sayğac çıxarılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. 12 aprel 2021-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, köhnə sayğac çıxarılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 08.07.2021-ci il tarixli, MS-29/1640-00871-12 nömrəli aktın surətindən görünür ki, yoxlamanın nəticə hissəsində qeyd edilib ki, sayğacın hesablama mexanizmi işləmir, keçən qazın həcmini qeyd etmir. Sayğaca ümumi baxış keçirilmiş və kənar təsir aşkar edilməmişdir. Abonentin saldosundan göründüyü kimi 2021-ci ilin iyul ayında qalıq və aktlara görə 360 manat əlavə borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Ona görə də qaz təchizatı müəssisəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Hesablanmış borcun əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Hazırkı iş üzrə hesablanmış borcun əsası kimi sayğacın keçən qaz həcmini qeyd etməməsi göstərilmiş olsa da, bunun abonentin təqsiri nəticəsində baş verməsi sübutlarla təsdiqni tapmamışdır. Bundan başqa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan İddiaçı2 də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus obyektdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kafeyə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə İddiaçı2 əməkdaşları tərəfindən qaz uçotuna baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 360 manat borcun əsaslı və qanuni hesablanması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı2 tərəfindən hesablanmış 360 (üç yüz altmış) manat borc İddiaçı1 abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar