Məhkəmə qərarları › İş №2-2(115)-542/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-542/2023

23.06.2023 · Sair işlər - Mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-542/2023 23.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi (Goranboy-Goran şosse yolunun sağ tərəfi) ərazisində 325 mm-lik yüksək təzyiqli, yeraltı “Goranboy QPS” qolu qaz kəmərin mühafizə zonasında, qaz kəmərindən 21 metr məsafədə aparılan tikinti işlərinin dayandırılmasını və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Kəpənəkçi kəndi (Goranboy- Goran şosse yolunun sağ tərəfi) ərazisində Cavabdeh tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarının tələbləri pozularaq Qaz İxrac İdarəsinin X10 kəmərləri sahəsinin balans və istismarında olan, diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 21 metr məsafədə tikinti işləri aparılır. İş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş iaşə obyektinin (şadlıq sarayının) sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qaz İxrac İdarəsi tərəfindən Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının dayandırılması tələbinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, aparılan tikinti işləri üzrə Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə 10 iyul 2018-ci il tarixli 77 saylı sərəncam verilmişdir. Həmin sərəncamın ləğv edilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Sərəncamın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsinin işə baxıb yekun qərar verənədək iş üzrə icraatın dayandırılması barədə tərəflərindən Goranboy Rayon Məhkəməsinə ərizə təqdim edilmiş və ərizə təmin olunaraq iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə inzibati iş yekunlaşdığı üçün 2(045)-553/2020 mülki iş üzrə icraatın təzələnməsi barədə Goranboy Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş və iş üzrə icraat təzələnmişdir. Bu müddət ərzində cavabdeh Qarayev X9 Rayon Məhkəməsinin tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardadı olmasına baxmayaraq tikinti işləri apararaq kəmərin mühafizə zonasında iaşə obyekti (şadlıq sarayı) inşa etmişdir. Goranboy Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(045)-403/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini, iddianın əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, tikintinin aparıldığı torpaq sahəsi onun mülkiyyətindədir və o tikinti aparılması üçün hansı sənəd tələb olunmuşdursa həmin sənədləri əldə etmiş və tiknti işlərini qanunauyğun aparmışdır. Obyektinin yerləşdiyi torpaq sahəsi hələ qaz kəməri çəkilməmişdən əvvəl ona verilmiş, qaz kəməri sonradan çəkilmişdir. Həmin kəmər əvvəl başqa ərazidən keçmiş, sonradan yeri dəyişdirilərək onun obyektinin yanından çəkilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya RX nömrəli çıxarışdan görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kataqoriyasına daxil olan 0,75 ha torpaq sahəsi daşınmaz əmlakın **********21 reyestr nömrəsi ilə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi Dairəsinin 229384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kataqoriyasına daxil olan 0,75 ha torpaq sahəsinin planı və ölçüsü xx.xx.2017-ci il tarixdə tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının “Veyisli kənd sakini Cavabdeh sahibkarlıq məqsədi ilə tikinti aparılmasına icazə verilməsi barədə” 10 iyul 2018-ci il tarixli 77 nömrəli sərəncamından görünür ki, Cavabdeh ehtiyat fondu torpaqlarından 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsəd ilə tikinti aparılmasına icazə verilmişdir. Həmiçinin sifarişçiyə tikiləcək binanın layihə-smeta sənədlərinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, işçi layihə-smeta sənədlərinin tam tərkibdə qeydiyyata alınması üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazinin rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunun qorunub saxlanılması, tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədlərinin İcra Hakimiyyətinin başçısı yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi tapşırılmışdır. İş materiallarında olan 10 iyul 2018-ci il tarixli 14 nömrəli obyektin tikintisinə icazə sənədindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayonu Veyisli kənd sakini olan Cavabdeh Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 1617,45 kv.m, tikintialtı sahəsi 1324,96 kv.m, tikintinin həcmi 13514,6 kub.m olan qeyriyaşayış binasının tikintisinə icazə vermişdir. İş materiallarında olan 10 iyul 2018-ci il tarixli 14 nömrəli tikintiyə icazə barədə xüsusi nişandan görünür ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Cavabdeh 0,75 ha torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə barədə xüsusi nişan verilmişdir. İş materiallarında olan Azərbaycan Respubliaksı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eskiz layihə sənədindən görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən qeyri-yaşayş binasının eskiz lahiyəsi hazırlanmış və Goranboy rayonunun baş memarı ilə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X3 Ekspertiza Baş İdarəsinin 10 may 2019-cu il tarixli 27254 nömrəli rəyindən görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində qeyri-yaşayış binasının tikinti layihəsi razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndisi-Geoloji Mərkəzinin 12 aprel 2018-ci il tarixli 06-11706 nömrəli rəyindən görünür ki, sahənin mühəndisi-geoloji şəraitinin qiymətləndirmək məqsəd ilə, ərazidə ara məsafələri 30.0-31.2 m olmaqla, dərinlikləri 8.0 m olan 4 ədəd kəşfiyyat quyuları qazılmışdır. Qazmanın həcmi 32.0 p.m olmuşdur. Qazılmış quyulardan müxtəlif dərinliklərdən litoloji kəsilişdə iştirak edən qruntlardan 7 ədəd qrunt nümunələri götürülüb laboratoriya tədqiqatlarına cəlb edilmişdir. Aerasiya zonası qruntları sulu ekstraktın kimyəvi təhlilinin nəticələrinə əsasən, portlandsementdən hazırlanmış dəmir-beton və metal konstruksiyalara qarşı güclü sulfat aqressivlidir, sulfatadavamlı sementə qarşı zəif aqressivlidir. Metal konstruksiyalara qarşı qeyri aqressivlidir. Quyular arası məsafə, quyuların dərinliyi, götürülmüş qrunt nümunələrinin miqdarı sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək üçün qənaətbəxşdir. Qruntlar üçün fiziki-mexaniki xassələr laboratoriya təhlillərinin nəticələrinə əsasən mövcud normativ sənədlərə uyğun tərtib edilmişdir. Tikinti sahəsinin fon seysmikliyi 8 bal olduğu müəyyənləşdirilmişdir. Həmçinin AzDTN 2.3-1 dəyişiklik 1-ə əsasən, geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar fiziki-mexaniki xassələrinə görə İİ sinifə aiddir . Aerasiya zonası qruntunun aqressivlik xassəsini nəzərə alaraq izolyasiya olunması tövsiyə olunmuşdur. Hesabat məqbul qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin X10 kəmərləri sahəsi “Goranboy QPS” qol qaz kəmərinin “0” “5.131” km-lər arası sahədə texniki pasportdan görünür ki, “0” “5.131” km-lər arası sahədə “Goranboy QPS” qol qaz kəməri qolu 0-cı km-dən 5.131-ci km-dək 2016-cı ildən istismara qəbul olunmuşdur. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli aktdan görünür ki, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq Cavabdeh tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi ərazisindən keçən 325 mm-lik yüksək təzyiqli Goranboy QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə tikili inşa olunması qeyd edilmişdir. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Qaz İxrac İdarəsi Cavabdeh qaz kəmərinin mühafizə zonasının pozulması barədə xəbərdarlıq göndərmiş, ona tikinti işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2020-ci il tarixli 10/1444 saylı rəyindən görünür ki, Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində Cavabdeh tərəfindən aparılan tikinti işləri, “Qaz İxrac” idarəsinin X10 kəmərləri sahəsinin balans və istismarında olan diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy GPS” qolu qaz kəmərindən 21 metr məsafədə yerləşdiyindən, həmin tikililər qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2021-ci il tarixli 10/4021 nömrəli rəyindən görünür ki, Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində Cavabdeh tərəfindən aparılan tikinti işlər ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin balansında və istismarında olan magistral qaz kəməri X10 Kəmərləri Sahəsinin istismarında olan “Goranboy QPS” qolu (0,325 mm, yeraltı) magistral keçən qaz xətti ilə tikili ilə ara məsafəsi 40 metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizantında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2 və 2.7-ci bəndlərinə əsasən göstərilən qaz borusunun mühafizə zonası 50 m olduğundan cavabdeh tərəfindən inşa etdiyi tikili qaz kəmərindən 40 m aralıda yerləşdiyini nəzərə alaraq tədqiq olunan tikilinin 10 m hissəsi magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(045)- 553/2020 saylı qərardadından görünür ki, iddiaçının iddianın təmin edilməsi tədbiri haqqında ərizəsi təmin edlimiş, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh Goranboy rayonunun Kəpənəkçi kəndi ərazisində Qaz İxrac İdarəsinin Ağdaş MQKS-nin balansı və istismarına aid olan 325 mm-lik Goranboy QPS qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin və tikintiyə dair hər hansı hüquqi hərəkətləri (sənədləşməsi, dövlət reyestr qeydiyyatına alınması və s) qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2- 1(104)-21/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2-1(102)-1425/2022 saylı qərarlarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh) qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs Cavabdeh ticarət obyekti tikilmək üçün cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 iyul 2018-ci il tarixli 77 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1225/2020 saylı qərarı ilə iddia təmin edilməməmişdir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2- 1(104)-21/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1225/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. İddiaçının kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2-1(102)-1425/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-1(104)- 21/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən 0,75 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin torpaq sahəsi sahibkarlıq məqsədilə ona verilmişdir. 10 iyul 2018-ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyəti 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsədi ilə tikinti aparılmasına dair qərar qəbul etmiş, həmin tarixdə qeyri-yaşayış binasının tikintisinə icazə sənədi və icazə barədə xüsusi nişan verilmişdir. Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində qeyri-yaşayş binasının eskiz lahiyəsi Goranboy rayonunun baş memarı ilə razılaşdırılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş və eskiz lahiyə Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X3 Ekspertiza Baş İdarəsinin 10 may 2019-cu il tarixli rəyi ilə razılaşdırılmışdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndisi-Geoloji Mərkəzinin 12 aprel 2018-ci il tarixli rəyi ilə sahənin mühəndisi-geoloji şəraitinin qiymətləndirilməsi aparılmışdır. Həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2020-ci il tarixli və 29 dekabr 2021-ci il tarixli rəyləri ilə Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində Cavabdeh tərəfindən aparılan tikintinin müəyyən hissəsinin magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdehın xüsusi mülkiyyətində olan torpaq sahəsində, səlahiyyətli dövlət orqanın icazəsi ilə, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Həmiçinin məhkəmə diqqətə çatdırır ki, mübahisəli tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən həmin tikiliyə onun gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah edərək hesab etmişdir ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X5rşı” işlər). Cavabdeh tərəfindən tikilən tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbi təmin edilə bilməz. Təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar