Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-611/2020 08.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi 12 saylı X8 tərəfindən verilmiş qeydiyyat № (VÖEN) ********** saylı fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, o, xx xxxxxxxx 2010-cu il tarixdən sahibkar kimi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “Açıq pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. Onun Goranboy rayonunun Qaradağlı kəndində mərmər sexi var və həmin sexdə qəbir daşları düzəldirlər. Cavabdehi iş şəraitində tanımışdır, üç il olar ki, birlikdə işləyirmişlər, özünün “Qazeli” (yük avtomobili) vardır, onun sexində qəbir daşları sifariş edərək başqa-başqa rayonlarda satırdı. Sifariş etdiyi daşların pulunu mübahisəyə qədər vaxtında vermişdir. Ona görə cavabdehə inanmışdır. Lakin, iki-üç ay olar ki, aralarında cavabdehin təqsiri ucbatından narazılıq yaranmışdır. Cavabdehdən bu üç ayda aldığı daşların pulunu isdəyəndə, cavabdeh ona borcu olmadığını bildirmişdir. Cavabdehə hər dəfə qəbir daşları verəndə dəftərində qeydlər aparmışdır və özünə imza etdirmişdir. Həmin dəftəri cavabdehə göstərərək borclarının 3000 manatdan artıq olduğunu cavabdehə izah etmişdir, sonuncu isə razılaşmamışdır. Cavabdeh ona veriləsi pulunun olmadığını, əksinə onun cavabdehə borcu olduğunu bildirmişdir. Ona görə də, cavabdeh ondan aldığı qəbir daşlarının pulunu, yəni 3000 manat borcunu məhkəmə qaydasında qaytarmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, bildirmişdir ki, məhkəmə prosesində araşdırma aparılarkən ona məlum olmuşdur ki, cavabdehin ona borcu 3000 manat deyil, 4820 manatdır. Ona görə də, iddianın həcmini 1820 manat artıraraq, Cavabdeh 4820 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı 3000 manat tələbi ilə qaldırdığı ilkin iddianın rədd edilməsini, İddiaçı qarşı qaldırdığı qarşılıqlı iddianın təmin edilməsini və ondan 6000 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Əli oğlu 3000 manat pul tələbi ilə ona qarşı iddia qaldırmış, iddiasında qeyd etmişdir ki, onunla işləmişdir, Cavabdeh özünə məxsus Qazel markalı yük avtomobili ilə sifariş edilmiş daşları aidiyyəti yerlərə aparmışdır. Son zamanlar onunla İddiaçı arasında 3000 manat mala görə götürdüyü pulu vermədiyindən İddiaçı ondan pulun qaytarılmasını bildirmişdir. Borcu qaytarmadığına görə İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı qaldırdığı iddianı qəbul etmədiyə və sonuncu ona şər atdığına görə onun barəsində qarşılıqlı iddia verməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, onun özünə məxsus Qazel markalı **-BD-*** nömrəli yük avtomobili vardır, həmin yük avtomobili ilə müxtəlif yerlərə sifariş əsasında yük daşıyır. 2013-cü ildən Goranboy rayonu Dəlilməmmədli qəsəbəsində Qaradağlı yolunun sol tərəfində yerləşən qəbir daşlarını emal edən İddiaçı ilə işləmişdir. Bir-birinə hər zaman etibar və inamları olmuşdur. O, İddiaçı qardaşı Saləddindən hər zaman qəbir daşlarını sifariş əsasında nağd pulla götürmüş və Respublikanın müxtəlif bölgələrinə aparmışdır. Eyni zamanda həmin qəbir daşlarını Kürdəmir rayonuna daim aparmışdır. Kürdəmir rayonunda Bəxtiyar adlı şəxsə daimi İddiaçı məxsus qəbir üçün daşları qardaşı Saləddinin vasitəsilə aparıb ona təhvil vermiş və pulunu alıb gətirmişdir. Onun Bəxtiyarla əlaqəsi 2017-ci ilin mart ayından başlamışdır. Müəyyən çətinliklərlə bağlı Bəxtiyara mal verdiyi müddətdə onun 2400 manat borcu qalmışdır. Həmin qalıq borcu ala bilmədiyindən İddiaçı ona bildirmişdir ki, Bəxtiyarla özü söbət etmək üçün görüşməsini tapşırmışdır. Onlar bərabər Firəddinin yanına gəlmişlər, Firəddin demişdir ki, Bəxtiyarın qalıq borcunu özü alacaq və bu gündən onunla özü alış veriş edəcəkdir. 2019-cu ilin dekabr ayından Bəxtiyarla əlaqəsini kəsmişdir. İddiaçı ona yüz minlərlə manat dəyərində qəbir daşları üçün verdiyi materiallar barəsində heç bir qayimə çeki verməmiş, bu barədə onunla hər zaman mübahisəsi olmuşdur. İddiaçı 2019-cu ilin oktyabr ayında ona bildirmişdir ki, Ukraynadan qara mərmərlə yüklü vaqonu gəlir, ona təcili 6000 manat lazımdır. O, evlərindən gəlib həmin pulu götürmüş, Firəddinə vermişdir. Hətta pulu götürərkən evlərində söz-söhbət olmuşdur. O, bildirmişdir ki, qara mərmərin kvadrat metrini başqa adamlara 250 dollara vermişdir, ona isə 220 dollara verəcəkdir. O hər zaman Firəddin və onun qardaşı Saləddin ilə təmiz işləmişlər, o, həqiqəti bilir ki, Firəddinə borcu yoxdur. Lakin Firəddin özü aralarında baş verən problemi dəqiqləşdirmək, araşdırmaq əvəzinə dolayı yolla ona şər etməklə ondan pul tələb edir. Hesab edir ki, İddiaçı ona qarşı qaldırdığı iddia əsassızdır. Onun İddiaçı qaldırdığı 6000 manat pul tələbi ilə qarşılıqlı iddia təmin olunmalıdır. Goranboy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(045)-279/2020 saylı qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Qətnamədən verilmiş apelyasiya şikayətlərinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)-2400/2020 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(045)-279/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddialarına dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehə nisyə mallar verilmiş və hesablar dəftərə qeyd edilmişdir. Cavabdehlə təxminən 2013-2019-cu ilin sentyabr ayına kimi qarşılıqlı fəaliyyət göstərmişdir. Daha sonra müştəri ilə bağlı aralarında soyuq münasibət yaranmışdır. Cavabdehdən 4820 manat pul tələb edir. Cavabdeh borc almamışdır. Məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh İddiaçı borclu olması sonuncunun məhkəməyə təqdim etdiyi dəftərlə təsdiq olunur. Qarşılıqlı iddia isə ilkin iddianı pərdələmək məqsədilə məhkəməyə verilmişdir. Ona görə də, məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ələddin oğlu məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o, ilkin iddiaçıdan mal götürməmişdir. Malları Firəddinin qardaşı Saləddindən götürüb ünvan üzrə çatdırmış və malın pulunu alıcılardan götürüb Saləddinə vermişdir. Bunun müqabilində daşıma haqqını almışdır. İşi yalnız malları alıcılara çatdırmaqdan ibarət olmuşdur. Bəzən elə olmuşdur ki, malı aparıb təhvil verdikdən sonra alıcı malın pulunu verməmişdir. Bunu Saləddin bilmiş və özü alıcı ilə danışıb bildirmişdir ki, malın pulunu özü alacaqdır. Bununla yanaşı, Saləddin Firəddindən xəbərsiz ona bir neçə dəfə nisyə mal vermiş, malları satıb pulunu ən geci iki günə Saləddinə qaytarmışdır. Ümumiyyətlə, malları Saləddindən götürərkən heç bir sənədləşmə aparılmadığından, maların dəyəri ödənilərkən də sənədləşmə aparılmamışdır. Firəddin öz dəftərini sənəd əvəzinə məhkəməyə təqdim edibsə, onun tərtib etdiyi dəftər rayon məhkəməsinə təqdim edilərək işə əlavə olunmuşdur. Firəddinin məhkəməyə verdiyi üzərində “Ülfət” sözü yazılmış dəftərdə qaralama ilə “4328 m” yazılmış yazının yanındakı imza onun tərəfindən icra edilməmişdir. Bununla yanaşı, məhkəməyə təqdim olunmuş üzərində “Saləddin sex” yazılmış dəftərə görə onun Firəddinə və ya Saləddinə heç bir borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Cavabdeh ona satmaq üçün daş gətirmişdir. Rüfət ona mal gətirərkən malın dəyərini Rüfətin özünə, bəzən isə Saləddinə vermişdir. Nağd pulu olanda malın dəyərini Rüfətə vermiş, olmayanda isə qalığını dispetçer vasitəsilə Rüfətə və ya Saləddinə göndərmişdir. Rüfətin gətirdiyi mala görə 2000 manatdan çox borcu qalmışdır. Daha sonra Saləddin onunla danışmış və bildirmişdir ki, borcu Rüfətə yox, özünə qaytarsın. Saləddinlə razılaşmış və borcu ona ödəyəcəyini bildirmişdir. Maddi imkanı olmadığı üçün Saləddinin borcunu qaytara bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, İddiaçı onun qardaşıdır. Rüfət onlardan mal almış və satmışdır. Dəfələrlə Rüfəti malların hesabatını aparmaq üçün dəvət etsə də, Rüfət ona demişdir ki, ona verəcəyi yoxdur. Rüfət demişdir ki, nə qədər ki, onun müştərilərinə mal verir pulunu verməyəcəkdir. Rüfət malı həm nisyə, həm də nağd götürmüşdür. Rüfətin 4800 manata yaxın borcu qalmışdır. Firəddin malları nisyə satmağa icazə vermədiyi üçün ondan xəbərsiz malları Rüfətə nisyə vermişdir. Malları Rüfətə verən zaman ona heç bir sənəd imzalatmamışdır. Rüfətin yol pulu alması ilə bağlı dedikləri düzgündür. Bəli, yol pulu alması ilə bağlı Rüfətin dedikləri düzgündür. Amma Rüfət götürdüyü malların üstünə pul qoymuş və öz müştərilərinə satmışdır. O Rüfətdən heç bir borc almamışdır. İş materiallarına əlavə olunmuş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər vergi uçotuna alınmış vergi ödəyiciləri kimi qeydiyyata alınmışdır. İşə əlavə olunmuş üzırində “Ülfət” yazısı qeyd edilmiş ümumi dəftərdə müxtəlif şəxslərin daş məmulatlarına görə pul ödəmələri, borcları barədə qeydlər edilmişdir. İşə əlavə olunmuş üzırində “Saləddin sex” yazısı qeyd edilmiş ümumi dəftərdə müxtəlif şəxslərə müxtəlif sayda, ölçüdə və dəyərdə daş məmulatlarının verildiyi qeyd edilmişdir. İş materiallarından göründüyü kimi, ilkin iddia üzrə iddiaçı, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Tərəflər uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarıq fəailiyyəti ilə məşğul olsalar da, bağladıqları əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla ilkin iddia üzrə iddiaçının cavabdehə 4820 manat məbləğində malları satması və cavabdehin ona həmin məbləğdə borcu qalması, həmçinin qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıdan 6000 manat məbləğində borc alması halları təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. İlkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia ərizəsi üzrə iddiaçıya, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia ərizəsi üzrə iddiaçıya, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim RəşadMəmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-611/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-611/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver